Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların öyrənmə və əyləncə vərdişlərini əhəmiyyətli dərəcədə dəyişib. Sosial media və kompüter oyunlarının gündəlik həyatın bir hissəsinə çevrilməsi uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılmasını çətinləşdirir.
Əyləncəli və sürətli məzmunlar uşaqların diqqət müddətinin qısalmasına səbəb olur. Bu isə uzun və diqqətli oxu tələb edən kitablara marağın azalması ilə nəticələnir. Lakin rəqəmsal cihazlardan istifadə vaxtını düzgün tənzimləməklə uşaqlarda oxuma vərdişini dəstəkləmək mümkündür.
Elektron kitab, yoxsa ənənəvi kitab?
Mütəxəssislər rəqəmsal və çap kitablarını bir-birinə alternativ kimi deyil, tamamlayıcı vasitələr kimi qiymətləndirirlər.
Çap kitablarının üstünlükləri:
Uşağa toxunma və səhifə çevirmə təcrübəsi verir.
Rəqəmsal cihazlardakı diqqət yayındırıcı amillərdən uzaq olmağa kömək edir.
Daha sakit və diqqətli oxu mühiti yaradır.
Elektron kitabların üstünlükləri:
Bir cihazda çoxsaylı kitab saxlamaq mümkündür.
Səyahət zamanı rahat istifadə edilir.
Animasiya, səs effektləri və interaktiv xüsusiyyətlər xüsusilə kiçik uşaqlar üçün oxunu daha maraqlı edir.
Bu səbəbdən valideynlər uşağın yaşına, maraqlarına və ehtiyaclarına uyğun olaraq hər iki formatdan istifadə edə bilərlər.
Uşaqlarda oxuma sevgisini necə artırmaq olar?
Rəqəmsal və çap kitablarından birlikdə istifadə edin. Elektron və audiokitablar uşağın marağını artırsa da, çap kitablarının verdiyi toxunma və diqqətli oxu təcrübəsini də qorumaq vacibdir.
İnteraktiv oxu tətbiqlərindən yararlanın. Oyunlaşdırılmış elementlər və müxtəlif interaktiv fəaliyyətlər söz ehtiyatının genişlənməsinə və oxuyub-anlama bacarıqlarının inkişafına kömək edir.
Rəqəmsal kitabxanalardan istifadə edin. Onlayn uşaq kitabları və hekayə arxivləri uşaqlara müxtəlif janrları kəşf etmək və maraqlarına uyğun kitab seçmək imkanı verir.
Ailəvi oxu saatları yaradın. Valideynlərin uşaqlarla birlikdə kitab oxuması mühüm nümunədir. Beləliklə, uşaq oxumağın ailə daxilində dəyərli və xoş fəaliyyət olduğunu görür.
Texnologiyanı oxu fəaliyyətlərinə daxil edin. Onlayn kitab klubları, virtual oxu qrupları, müəlliflərlə görüşlər və interaktiv hekayə tədbirləri uşaqların kitablara marağını artırır.
Uşağın maraq dairəsinə uyğun kitab seçin. İdman, heyvanlar, macəra, fantastika və elm kimi müxtəlif mövzularda kitablar təqdim etmək uşağın oxumağa həvəsini gücləndirir.
Oxumağı cəzaya çevirməyin
Valideynlərin bəzi yanaşmaları əks nəticə verir. Məsələn, oxumağı cəza kimi təqdim etmək uşağın kitaba qarşı mənfi münasibət formalaşdırmasına səbəb olur.
Həddindən artıq mükafatlandırma da düzgün yanaşma deyil. Uşaq yalnız mükafat qazanmaq üçün oxumağa başlayarsa, kitab oxumağın özündən zövq alma ehtimalı azalır.
Uşağı daim oxumağa məcbur etmək və təzyiq göstərmək isə oxu prosesini stresli hala gətirir. Bunun əvəzinə valideynlər uşağın seçimlərinə hörmət etməli, onunla birlikdə kitab oxumalı, kitab mağazalarına və kitabxanalara aparmalı və öz oxu vərdişləri ilə nümunə olmalıdırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

