Uşaqlara qayğı göstərmək, uşaqların təhsil, tərbiyəsi üçün şərait yaratmaq, sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət ənənələrini aşılamaq aparılan işin əsası olmalıdır.
Heydər Əliyev Ümummilli lider
Çoxlarımız uşaq olanda nənə və analarımızdan çoxlu oxşama, bayatı, nağıl, tapmaca, yanıltmac eşitmişik. O vaxt biz bilmirdik ki, ana və nənələrimizin yaddaşında yaşayan və hər gün eşitdiyimiz bu nümunələr xalqın qiymətli tükənməz sərvəti-folklor örnəkləridir. Çox vaxt görürdük ki, Bakıdan, Gəncədən, Tiflisdən gələn əli kağız-qələmli əmilər nənələri, babaları söylədir, onların danışdıqlarını lentə yazır, kağıza köçürür. Sonradan bildik ki, onlar xalqın söz xəzinəsini itib batmağa qoymayan folklorşünas və etnoqraflardır. Əslində, folklor örnəklərinin toplanması, yaddaşlardan yazıya köçürülməsi böyük hadisə olub. Təəssüf ki, o örnəklərin xeyli hissəsi yazıya alınmayıb, ya itib batıb, ya da yaşlı insanların yaddaşında gün işığına çıxacağı günü gözləyir. Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Uşaq ədəbiyyatının tərkib hissələrindən biri Azərbaycan uşaq folkloru
Xəlqiyyat (köhn. azərb. خلقيات və ya Folklor (ing. folklore – xalq biliyi) — xalqların şifahi poetik yaradıcılığı. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır.
Folklor şifahi ənənədə mövcud olan bilikdir. Etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini peşəkar elmdən fərqləndirən ən başlıca keyfiyyət folklor biliklərinin şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir. Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur. Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.
Folklor nümunələri Sayaçı söz, Holavar, Oxşama, Layla, Bayatı, Qaravəlli, Atalar sözü, Məsəllər, Qoşma, Gəraylı, Tapmaca, Ağı, Vedovil, Nağıl, Əfsanə, Mif, Dastan və s.
Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir.
Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin – folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir. Məsələn, ölməz ədəbi-tarixi abidə olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın, dilimizin tarixinin çox qədim olduğunu sübut edir. Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə bağlılığı haqqında fikirlər vardır. Əsərdə qədim oğuzların tarixinin, coğrafiyasının izləri açıq-aydın görünməkdədir. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsi olub, türk xalqlarının yaratdıqları ilə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün, dildə gerçəkləşən mədəniyyətinin nümunəsi olan miflər,
dastanlar və s. türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır. Azərbaycan folklorunun həyatı əksetdirmə üsulu baxımından lirik, epik, dramatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlifədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növün janrları, əsasən, aşağıdakılardır: nəğmələr (əmək nəğmələri: holavar, sayaçı sözləri; mövsüm nəğmələri; mərasim nəğmələri: toy və yas nəğmələri; məişət nəğmələri: layla, oxşama; qəhrəmanlıq nəğmələri), bayatılar, mahnılar.
Holavarlar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur.
Holavarlar əkinçiliklə, sayaçı sözləri heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir, iş prosesində ona güvəndiyindən söz açır:
Öküz, öküz, xan öküz,
Dırnaqları qan öküz,
Sən kotana güc eylə,
Mən də deyim can öküz.
Sayaçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir, onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır:
Nənəm, a nazlı qoyun,
Qırqovul gözlü qoyun,
Pendiri kəsmə-kəsmə,
Qatığı üzlü qoyun.
Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Məsələn, günəşi çağırmaq məqsədilə “Gün çıx” mövsüm nəğməsi ifa edilib. “Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa edilirmiş. İl quraqlıq keçəndə isə yağışçağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi el bayramına çevrilmiş, el şənliklərində Novruzla bağlı nəğmələr ifa edilmişdir. Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Elçilik, nişanlanma və toy zamanı şadlıq söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır, yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə
Gəlməsin gözə dilbər.
Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur:
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi,
Xəzəl ollam, tökülləm,
Viranə bağlar kimi.
Məişət nəğmələri olan laylalar və oxşamalar folklorun geniş yayılmış janrlarıdır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır:
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Balam, layla, a layla,
Körpəm, layla, a layla.
Oxşamalar körpəsini əyləndirən, əzizləyib-oynadan ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir.
“Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir:
Dəlilərim, bu gün dava günüdür,
Müxənnət ordusu talanmaq gərək…
Bayatılar kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti, insanın könül dünyasını
əks etdirən lirik folklor nümunələridir. Həcmcə kiçik olan bayatılarda dərin mənalı fikir ifadə olunur. Bu yığcam poetik nümunələrdə vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və nisgili ifadə olunur. Mövzu, məzmun baxımından bayatıların, əsasən, aşağıdakı növləri var:
— vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar;
— məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar;
— mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar.
4 misradan ibarət olan bayatının hər misrasında 7 heca olur. Birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst olur. Birinci, ikinci misralar sonrakı iki misrada söyləniləcək fikir üçün zəmin olur:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı.
Lirik növün mahnı janrı nəğmədən özünəməxsus musiqi havası olması ilə fərqlənir. O, nisbətən sonrakı dövrlərdə yaranmışdır. “Qaragilə”, “Apardı sellər Saranı, “İrəvanda xal qalmadı” və digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə məhəbbəti və s. əksini tapır:
Evimizin qabağından bu gələn arxdı,
Qaragilə, yar gələn vaxtdı.
Yarım gəlib çıxmayır, ovqatım talxdı,
Qaragilə, ovqatım talxdı.
Dərbənd aralı,
Könlüm yaralı.
Bir qız sevmişəm,Qaragilə
Ellər maralı.
Epik növün janrları, əsasən, əfsanə, rəvayət, lətifə, atalar sözü və məsəllər, tapmaca, yanıltmac, nağıllardır.
Folklorun qədim janrlarından olan əfsanələrdə ağlasığmaz, möcüzəli, fantastik səciyyəli qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var. Heyvan və quş adları ilə bağlı əfsanələr zoonimik, yer adları ilə bağlı əfsanələr toponimik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr kosmoqonik əfsanələr adlanır.
“Səməndər quşu” əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıb. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür. Rəvayətlər əfsanələrdən fərqli olaraq, tarixən baş vermiş, bu və ya digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. “Nuh peyğəmbər”, “Astiaq”, “Tomris” və s. rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr əks olunub.
Lətifə cəmiyyətdə, ailə və məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Lətifələrdə yumorla yanaşı, satira, sarkazm da mühüm yer tutur. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılıb. Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin
ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara “müdrik sözlər”, “qanadlı sözlər” və s. deyilməsi də bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də vardır. Atalar sözündə fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Buna görə də onların izahına ehtiyac duyulmur. Məsələn, “İş insanın cövhəridir”, “Bu günün işini sabaha qoyma”, “Yüz ölç, bir biç” və s. Atalar sözlərindən fərqli olaraq, məsəllər müəyyən əhvalatla bağlı olur. Məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır.
Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, “Dava yorğan davasıdır” məsəli Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsəldən, adətən, münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur.
Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə, səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur. Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur.
Həm nəzm, həm də nəsr şəklində olan yanıltmaclar eyni səsin, oxşar səslənən sözlərin, söz birləşmələrinin sırası, əvəzlənməsi prinsipinə əsaslanır. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış. Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən-dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır.
Nağılların özəl xüsusiyyətləri vardır. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır.
Nağıllar mövzu, məzmun etibarilə, əsasən, üç yerə bölünür: heyvanlar haqqında nağıllar, sehrli nağıllar və məişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri vardır.
Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyiri və şəri təmsil etməklə, heyvanlar iki qrupa bölünür.
Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr (simurq quşu, uçan xalça və s.) kömək edir.
Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan üzüağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər.
Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşlar. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.
Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıq adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və b. aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər. Aşıq yaradıcılığının məhsulu olan dastan epik-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir.
“Kitabi-Dədə Qorqud”, eləcə də “Koroğlu”da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.
“Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaqqapma olmur.
Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, “Xan oyunu” xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Şəbihlər dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur. Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı, düzüb- qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. O, sənətin bir neçə sahəsini — musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaq və hərəkətli olmaqla iki yerə bölünür. “Lal-dinməz”, “Əl üstə kimin əli”, “Uçdu, uçdu” və s. uşaq oturaq oyunlarına aiddir. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunlarda əşyalardan istifadə edilir. “Dəsmalı ver”, “Xəndəyədüşmə”, “Dəyirman” və s. bu qəbildəndir.
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.
Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını — ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim Türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.
Azərbaycan folklorunun özəlliklərindən birini onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divani lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii- mifik dünyagörüşünü özündə saxlamaqdadır.
Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii- emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya “barmaq” vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində hecaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.
Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklorun yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.
Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir. Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı- deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.
Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir. Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.
Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri “Kitabi – Dədə Qorqud”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.
Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.
Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə — XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi.Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları — “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir- Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə — XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.
Folklor örnəkləri əsas etibarilə anonim — müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümayəndələri “ustad aşıqlar” termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487- 1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur.
Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821- 1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı
şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdı.Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada təkcə tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi — qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, təşnə çəkdiyi qandan “doyunca içsin…”
“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır. Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi- Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.
Müasir dövrümüzdə də Azərbaycan folkloruna diqqəti yönəltmək və onun tanıtımını təşkil etmək üçün dövlət səviyyəsində dəyərli işlər görülür. Çünki keçmişi olmayan millətin gələcəyi də olmaz.
Azərbaycan folklorunun tədqiqi
Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur. Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşağında yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür. Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cü illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obazreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunmuşdur. 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəaliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur. Həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları” (1928) kitablarının müəllifidir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən tədqiqatçılardan hesab olunur. Folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olmuşdur. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir. 20-30-cu illər ərzində folklorumuzun toplanması və nəşr işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu” dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirmişdir. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927-1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirmiş, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya almışdır. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirmişdir. İkinci Dünya savaşından dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırmaçılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.
Azərbaycan folklorunun çağdaş vəziyyəti
Folklor xalqın yaddaşı və taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir… Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır… Azərbaycan folklorşünaslığının müasir durumunu obyektiv şəkildə səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, Azərbaycan folklorşünaslığı XX əsrə bu nəzəri-praktiki nəticələrlə yekun vurdu: Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. “Yoxdur millətimin xətti bu imzalar içində” məfkurəsiniəldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. Çoxsaylı folklor mətnləri toplandı və çap edildi. 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri baxımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan istiqamət verdilər. 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı. Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi. Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi. XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş “avtoritetlər”in sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi. Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı yolun əsasını qoydu. Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. “İlkin folklor nəşrləri” seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xüluflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar aparılmaqdadır. XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdirdiyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşünaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqisliklərinin inkarçısıdır. AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu milli hədəflər naminə, millətin hədəfləri naminə, “Azərbaycan Folkloru Külliyyatı”nın nəşrinə başlamış və ilk altı cildi çapdan buraxmışdır. “Azərbaycan Folkloru Külliyyatı” öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoymuşdur. Ümumiyyətlə Folklor İnstitutu folklor mətnlərinin çapını aşağıdakı nəşrlərlə həyata keçirir:
1.Azərbaycan folkloru Antologiyası;
2.Azərbaycan folkloru Külliyyatı;
3.Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər;
4.”Dədə Qorqud” dərgisi.
Bütün bunlarla bərabər, burada hər il “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq folklor konfransı keçirilir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər dəvət olunur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan folklorşünaslıq elmi də
durmadan inkişaf edir.
Azərbaycançılıq və milli musiqi folkloru
Azərbaycançılıq milli musiqi folklorunda təzahür edir. Azərbaycan musiqi folkloru dedikdə, xalqımızın yaratdığı əmək, epik, məişət, qəhrəmanlıq, lirik və satirik mahnılar, rəqs melodiyaları və eləcə də, sintetik aşıq yaradıcılığı, emosional- obrazlı məzmunu ilə fərqlənən klassik muğam sənəti nəzərdə tutulur. Azərbaycan musiqi folklorunun yaranmasında mahir xalq müğənniləri, aşıq və xanəndələr, xalq musiqisi ifaçıları əsas rol oynamışlar. Ümumxalq incəsənətinin formalaşmasında mühüm rol oynamış bu görkəmli sənətkarlar xalq arasında milli ideyaların təbliğatçısı və tərənnümçüləri kimi də çıxış etmişlər. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov musiqinin tərbiyə vasitəsi olduğunu qeyd edirdi: “Musiqini sevməyən adam tapılmaz. Xususilə, gənclik dövründə musiqini dinləməyə böyük həvəs oyanır və bu, olduqca təbii bir haldır. Lakin bəzi adamlar musiqiyə bir əyləncə vasitəsi kimi baxırlar. Bu, qətiyyən düz deyildir. Musiqi yalnız əyləndirmir. O, xəyalları coşduran, fikirlərə qanad verən ən yüksək duyğularla insanın qəlbini fəth edir. Görkəmli sənətkarlar həmişə öz əsərlərində bəşəri hissləri, dövrün, həyatın mühüm və ciddi məsələlərinə cavab verən böyük ideyaları tərənnüm etmişlər. Məhz uşaqları, yeniyetmələri və gəncləri elə tərbiyə etmək lazımdır ki, musiqi onların həyatından ayrı olmasın: həyata, mübarizəyə səsləsin, çətin anlarda bir kömək vasitəsinə çevrilsin. Bir sözlə, bizim yeni nəsli yüksək zövqlü, nəcib ruhlu adamlar kimi yetişdirməkdə musiqinin müstəsna rolundan geniş istifadə etmək lazımdır”. Ə.İsazadə xanəndələrin Azərbaycan musiqi folklorunun inkişafında mühüm rol oynadığını xüsusi qeyd edir: “Onların Azərbaycan xalq mahnı yaradıcılığının -mərasim, əmək, məişət, lirik, qəhrəmanlıq, yumoristik, satirik və s. müxtəlif nümunələrinin qorunub saxlanılmasında və kütlələr içərisində yayılmasında böyük xidmətləri olmuşdur. Xalq müğənnilərinin bir çoxu el mahnılarını ifa etmək və onları ideya-bədii baxımdan zənginləşdirməklə yanaşı, məişətdə, zavod və fabriklərdə, əkinçilikdə və pambıqçılıqda kommunist əməyinə həsr edilən yeni gözəl mahnılar da yaratdılar. Bütün bu mahnılar, hər şeydən əvvəl, öz ideya-emosional məzmununa və obrazlılığına, şən əhvali-ruhiyyəsinə və gələcəyə nikbin baxışlarına görə fərqlənir. Burada kütlələrin müasir hadisələrə canlı münasibəti, yüksək yaradıcılıq fəallığı öz ifadəsini tapır”. Sovet hakimiyyəti illərində Azərbaycanda bir sıra məcmuələrdə musiqi folkloru toplanmışdır. Bakıda 20-ci illərdə “Nəğmə kitabçası” 1927-ci ildə “Azərbaycan türk xalq mahnıları”, həmin ildə “Azərbaycan rəqs havaları”, 1936-cı ildə “Rast”, “Zabul” və “Dügah” dəstgahlarının, həmin ildə “50 Azərbaycan xalq mahnısı”, 1938-ci ildə “Azərbaycan aşıq mahnıları”, 1954-cü ildə “Azərbaycan xalq mahnıları” məcmuələri çapdan çıxdı. Bu cür məcmuələr sonralar da yenidən nəşr olunmaqdadır və bu proses bugünədək davam etdirilir. Bu illərdə yeni mahnıların ifası ilə yanaşı, qədim tarixi mahnılar da geniş surətdə oxunurdu. Bu mahnıların ifası zamanı onların mətni çox vaxt müasir həyat hadisələrini əks etdirirdi. Mətnin dəyişilməsi, əsasən, onunla izah edilir ki, xalq sənəti sahəsində hər hansı tarixi mahnıların yaranmasına səbəb olan hadisələr sonra gələn nəsil tərəfindən yaddan çıxırdı, melodiya ifaçıların yeni nəsli tərəfindən yenidən dərk edilərək, sanki yeni inkişaf dövrü keçirirdi. B.V.Asafyevin qeyd etdiyi kimi, “Bu, musiqi düşüncəsinin, şübhəsiz, artmasına dəlalət edir: musiqi xalqın hiss və düşüncəsinin ifadəçisi olur, o yüksək ideya- sintetik mərhələyə keçir. Öz-özlüyündə təbiidir ki, bununla yanaşı, əvvəlki ifadə forması onun üçün darısqal olur”.
XIX əsrin ikinci yarısında Azərbaycan xalq musiqi yaradıcılığının tədqiq və təbliği qeyri-mütəşəkkil şəkildə, ayrı-ayrı şəxslərin və xüsusi sahibkarların təşəbbüsü ilə keçirilirdi. Xalq musiqisinin hərtərəfli və müntəzəm öyrənilməsi Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə başlanır. Bu dövrdə SSRİ xalqlarının millimədəniyyətinin əsil inkişafı üçün bütün şərait yaranmışdır. Musiqi sənəti, o cümlədən, xalq yaradıcılığı haqqında əsil qayğını Sovet Azərbaycanının mövcud olduğu ilk günlərdən respublika hökumətinin qəbul etdiyi dekret və qərarlardan görmək olar. Azərbaycan musiqi mədəniyyətinin xarakterinə, istiqamətinə, genişliyinə, inkişaf sürətinə təsir edən həlledici amillərdən biri də Bakı şəhərinin gözəl inqilabi ənənələrə malik olmasıdır. Doğma musiqinin və dünya musiqi mədəniyyətinin zəngin sərvətlərinə qovuşmaq, bu sərvətləri dərk etmək və mənimsəmək səyi mədəni inqilab vəzifələrinin həllini asanlaşdırır və sürətləndirirdi. Yeni sovet dinləyicisi və tamaşaçısı musiqiyə ciddi, böyük maraqla, yüksək tələbkarlıqla yanaşır və bunu mühüm mədəni-tərbiyəvi iş hesab edirdi. Bütün bunlar musiqi xadimlərinin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Bu sosial-mədəni proseslər incəsənət xadimlərini tərbiyələndirir və onların maarifləndirici fəaliyyətində məsuliyyəti artırırdı.
Artıq iyirminci illərdə Ü.Hacıbəyovun, M.Maqomayevin və Z.Hacıbəyovun dövri mətbuatda çap olunmuş məqalələri xalqda böyük maraq oyadırdı. Bu məqalələrdə Azərbaycan xalq musiqisinin milli xüsusiyyətlərinin geniş öyrənilməsi, professsional bəstəkar yaradıcılığında musiqi folklorunun əhəmiyyəti məsələsi irəli sürülürdü.
Ü.Hacıbəyov “Azərbaycanda musiqi-maarif məsələləri” məqaləsində bu haqda yazır: “Bu istiqamətdə olan ciddi və vicdanlı iş (Azərbaycan musiqi folklorunun öyrənilməsinə dair-Ə.İ.), şübhəsiz, ona gətirib çıxaracaq ki, Avropa musiqisi ilə yanaşı, Şərq musiqisi özünə layiq şərəfli yer tutacaq və bütün bəşəriyyətin inkişafına köməklik göstərən qüdrətli amillərdən birinə çevriləcəkdir”. Xalq musiqisi həmişə Ü.Hacıbəyovun diqqət mərkəzində olmuşdur. Xalq musiqisinə və bu musiqinin inkişaf problemlərinə daim maraq göstərməsi böyük bəstəkarın xalq yaradıcılığına dərin məhəbbətinin ifadəsidir. Bu məhəbbət onun qəlbində hələ Şuşada uşaq yaşlarında yaranmışdır.
Xalq musiqisi Ü.Hacıboyovun özünün də yaradıcılığında böyük əhəmiyyət kəsb edirdi. Bu, bəstəkarın yaşadığı inqilabi-tarixi dövrlə şərtlənirdi. Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəlindəki sosial-mədəni oyanma, mütərəqqi ideyaların tərəqqisi və milli şüurun inkişafı qabaqcıl ziyalılarda xalq yaradıcılığına yüksək maraq oyadırdı.
Ü.Hacıbəyov və M.Maqomayev musiqi folklorunu hələ Qori seminariyasında oxuduqları illərdə nota salıb, toplamağa və öyrənməyə başlamışdılar. Bu barədə onların Azərbaycan xalq mahnılarını ilk dəfə nota yazmış olduqları musiqi albomları məlumat verir. Bu işlə onlar iyirminci illərdə daha geniş məşğul olmuşlar. Ü.Hacıbəyov Azərbaycan xalq musiqisinin əsaslarını öyrənməyə başlayır. M.Maqomayev isə xalq mahnı və rəqslərinin melodiyalarını nota köçürür. Öz ilk müşahidələrini onlar “Azərbaycan türk xalq mahnıları” məcmuəsində əks etdirirlər. Bu, o zaman idi ki, xalq musiqi yaradıcılığının toplanması və öyrənilməsi zəruriliyi kəskin forma almışdı. Sovet musiqisinin xəlqilik və realizm yolu ilə inkişaf etdiyi şəraitdə folklora olan maraq da tədricən elmi xarakter almağa başlayırdı. M.Maqomayev yazırdı: “Xalq mahnı yaradıcılığının toplanılması və öyrənilməsinə xüsusi əhəmiyyət vermək lazımdır. Bu məsələ bizdə hələ donmuş nöqtədən düşmür. Bununla yanaşı, türk (Azərbaycan – Ə.İ.) harmoniyasının üzə çıxması, demək olar ki, bütünlüklə bu işdən asılıdır”. Bu məsələ Ü.Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” əsərində daha geniş və dərin surətdə irəli sürülmüşdü: “Azərbaycan məqamlarının müntəzəm sistemi və melodiyalar əmələ gətirməyin ciddi qanunları çoxsəsli musiqi yaranmasına nəinki mane olur, əksinə, bunlar quru cansız qammalar əsasında (Matteson tərəfindən dəfn edilmiş qammalar) deyil, Azərbaycan xalq musiqisinin canlı və həyati məqamları əsasında böyük formalı, çoxsəsli musiqi əsərləri üçün möhkəm bir bünövrədir”.
“Azərbaycan türk xalq mahnıları” məcmuəsi Böyük Oktyabr sosialist inqilabının 10 illiyinə həsr edilmişdir. Məcmuəyə Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən yazılmış xalq mahnıları daxil edilmişdir. Bu məcmuə Azərbaycan musiqi
folklorunun ilk nəşri idi. Məcmuəyə daxil olan 33 mahnıdan ikisini Ü.Hacıbəyov özü bəstələmiş, 19 mahnı Azərbaycan musiqisinin gözəl bilicisi, xanəndə Cabbar Qaryağdı oğlunun ifasında nota salınmışdır. Qalan mahnıları isə Zülfüqar Hacıbəyov toplamış, Ü.Hacıbəyov ilə M.Maqomayev nota salmışlar. Məcmuədəxalq mahnılarının ən müxtəlif növləri – əmək və məişət, rəqs və lirik mahnılar vardır. Onlardan bir hissəsi təksəsli verilmiş, çoxu isə Ü.Hacıbəyov və M.Maqomayev tərəfindən işlənib harmonizə edilmişdir. Bu işləmələr xalq yaradıcı təfəkkürünə həssas münasibətlə, mahnıların incə xüsusiyyətinin nəzərə alınması ilə, onların əsasının saxlanılması, melodikliyi və ritmik boyaları ilə fərqlənirlər. Bütövlükdə, məcmuə yalnız elmi deyil, həmçinin, böyük bədii qiymətə malikdir. Professor P.Fridolinin yazdığı müqəddimədə deyilir ki, “Bu məcmuə yalnız bir başlanğıcdır, lakin elə başlanğıcdır ki, Sovet Azərbaycanı musiqi həyatına yeni şəfəq gətirmişdir”. Həqiqətən, bu məcmuə Azərbaycanda səmərəli musiqi folklor işinin başlanğıcıdır.
M.Maqomayevin əlyazmaları arxivində üç yüzdən artıq Azərbaycan xalq musiqi əsərləri nümunəsi saxlanmışdır. Bu yazıların bir hissəsi qaralama şəklindədir. Xalq
mahnı və rəqs musiqisinin yüz nümunəsi “Azərbaycan xalq yaradıcılığı” (əlyazması) məcmuəsinə daxil edilmişdir. Tematik və janr xüsusiyyətinə görə məcmuə çox müxtəlifdir. Burada məişət və əmək mahnıları da vardır. Lakin “Gözəlim”, “Durna”, “Küçələrə su səpmişəm” kimi lirik melodiyalar daha çoxdur. Bu məcmuədə “Rast” muğamının nota salınması diqqəti cəlb edir. Həmin muğam görkəmli Azərbaycan tarzəni Qurban Pirimovun ifasında nota yazılmışdır. Xalq yaradıcılığını öyrənmək üçün zəngin material verən bu məcmuə böyük səylə tərtib olunmuş və qeydlərdə bu və ya digər yazının harada, nə vaxt və kim tərəfindən aparıldığı haqqında maraqlı faktik məlumatlar verilmişdir.
Musiqi folklorunun nota yazılmasında, tədqiqində və nəşr edilməsində növbəti böyük addım 1932-ci ildə atılmışdır. Bu dövrdə Bülbülün rəhbərliyi altında Azərbaycan konservatoriyasının nəzdində elmi-tədqiqat musiqi kabinəsi (ETMK) fəaliyyətə başlayır.
Azərbaycan rəhbəri olmuş, Ulu Öndər Heydər Əliyev folklorun muğam irsinin dirçəldilməsi barədə göstəriş verir və bundan ötrü lazım olan bütün əlverişli şəraiti yaradırdı. 70-80-ci illər Azərbaycan folklor musiqisinin inkişafında keyfiyyətcə yeni bir dövrdür. Bu da bilavasitə Heydər Əliyevin fəaliyyəti nəticəsində baş vermişdi. Həmin illərdə Azərbaycanda müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlanır, xalq musiqisinin tarixi-nəzəri məsələləri müzakirə edilərək həll olunur, xalq mahnıları, muğam, oyun havaları ilə bərabər ənənəvi muğam sənətinin və aşıq musiqisinin özünəməxsusluqları araşdırılırdı. Xalq musiqisinin pərdə sistemi, muğam və aşıq sənətinin əsasları və şəkilləri tədqiq olunurdu.
Heydər Əliyev Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafına xüsusi diqqət yetirir, istedadlı uşaqların müsabiqəsinin keçirilməsi barədə göstərişlər verirdi. Bilavasitə onun təşəbbüsü ilə 1977-ci ilin sentyabr ayında Azərbaycan KP MK “Respublikada musiqi ifaçılığı sənətinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etdi. Azərbaycan xalq musiqisinin inkişafında yeni mərhələnin əsasını qoyan bu qərar istedadlı ifaçıların üzə çıxarılmasında müstəsna rol oynadı. Heydər Əliyev həmin qərarın yalnız qəbul edilməsi ilə kifayətlənmədi. O, Azərbaycan xalqının qədim irsini, tarixi keçmişini özündə saxlayan, milli ruhunu qoruyan xalq musiqisini dirçəldir, təşviq edir, istedadlı xalq musiqisi ifaçılarının üzə çıxarılmasına nəzarət edir, onların konsertlərinə gedirdi. Belə möhtəşəm tədbirlərdən biri 1982-ci ilin iyun ayında Bakıda keçirildi. Azərbaycanın müxtəlif rayonlarından olan gənc istedadların konsertində Heydər Əliyevin iştirakı bu məsələyə onun diqqət və qayğısının nümunəsi idi. Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan musiqi folklorunun təbliğ etdiyi azərbaycançılıq ideyasını inkişaf etdirir.
Qədim türklərin folklor örnəkləri…
Tədqiqatçılar bildirir ki, Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Alimlər qeyd edir ki, Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunub. Bildiyimiz kimi, Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşuğunda yaranıb, elə həmin üslublara uyğun olaraq da növlərə bölünüb.
Azərbaycan folklorunun yazıya alınması …
Bildiyimiz kimi, folklor örnəkləri əsasən XIX yüzilliyin sonlarından başlayaraq yazıya alınıb. Burada bir sıra ziyalıların, folklorşünas alimlərin rolu qeyd edilməlidir. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cu illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obozreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərindən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunub. Mətbuat tədqiqatçıları qeyd edir ki, 1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olub. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəalliyyəti folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olub. Alimlər yazır ki, həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan
Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları” (1928) kitablarının müəllifdir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən araşdırıcılardan hesab olunur.
Folklorumuzun Əmin Abid dövrü…
Alimlər yazır ki, folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olub. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilkmüəlliflərindəndir. Burada ömrünü qürbətdə sona yetirən “Azərbaycan” qəzetinin ilk baş redaktoru Ceyhun bəy Hacıbəylinin də əməyini qeyd etməliyik. O, Qarabağ folkloruna aid saysız nümunələr toplayıb. Keçən əsrin 20-30-cu illəri ərzində folklorumuzun toplanması və nəşri işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olub.
O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu”dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirib. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927 və 1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirib, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən gözəl nümunələrini yazıya alıb. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirib.
Tədqiqatçılar bildirir ki, dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırıcılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin, M.Qasımlının və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.
Folklorumuzun toplanmasında Firudin bəy Köçərlinin rolu…
XX əcrin əvvəllərində Azərbaycan folklorşünaslığını araşdıran tədqiqatçı Fərqanə Hüseynova qeyd edir ki, Azərbaycan xalqının tarixində XX əsr çox ziddiyyətli dövrlərdən biridir. Onun bildirdiyinə görə, bu illərdə ictimai-siyasi həyatda baş verən hadisələrlə əlaqədar şifahi xalq ədəbiyyatına olan maraq da güclənib: “Azərbaycanda, xüsusilə Bakıda fəhlə sinfinin meydana gəlməsi, inqilabi hərəkatın güclənməsi və başqa amillər, öz növbəsində, ədəbiyyatın, incəsənətin qarşısında bir sıra yeni tələblər qoyurdu. XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan folklorşünaslığında dövrün hadisələri ilə bağlı olaraq bir sıra özünəməxsus yeni keyfiyyətlər meydana çıxırdı. Bu da ondan ibarətdir ki, folklor yalnız yazılı ədəbiyyatla deyil, o zamanın pedaqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və şairlərlə birlikdə həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərirdilər. Əgər dəqiqləşdirsək, yazılı ədəbiyyat nümayəndələrinin əksəriyyəti folklordan öz pedaqoji fikirlərini yaymaq üçün bir vasitə kimi istifadə edirdilər. Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Süleyman Sani Axundov, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli şəxslərin ədəbi-pedaqoji fəaliyyətinə diqqət etsək görərik ki, bunların hamısının tərbiyə xarakteri daşıyan əsər və məqalələrinin əsasında məhz xalqdan seçilib götürülən folklor materialı durub. Başqa sözlə desək, onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb seçib, yenidən canlandırıblar.
XX əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar olaraq folklor ana dili, milli dil, xalq dili məsələləri ilə sıx bağlı idi. Şifahi xalq ədəbiyyatı ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilindən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ilk növbədə folklorun dilini-ana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. “Molla Nəsrəddin”in xalq ədəbiyyatına, demək olar ki, hər nömrəsində müraciəti, C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” pyeslərində folkloru, xalqın dünyagörüşü, Ü.Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsasında əsərlər yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F.Köçərli, A.Şaiq, R. Əfəndiyev, Y.V.Çəmənzəminli və başqalarının bir sıra məqalə və məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi. XX əsrin əvvəllərində gərgin ictimai, ədəbi mübarizələr dövründə burjua ideologiyası, demokratik ədəbiyyata, milli xalq dilinə olduğu kimi, folklora da kəskin hücumlar edirdi. Bir çox sənətkarlar folklorun ədəbi dilin inkişafındakı, demokratik ədəbiyyatın xalqda milli hisslərin oyanmasındakı mühüm rolunu çox yaxşı başa düşürdülər. Ona görə də onlar dilə, demokratik ədəbiyyata və folklora eyni dərəcədə hücum edirdilər. Burjua ideoloqları Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbiyyat, mədəniyyət abidələrini, folklorunu inkar edirdilər. Onlar folkloru sənət cərgəsinə heç daxil etmir, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətləri heçə çıxarmaq istəyirdilər. Firudin bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. F.Köçərlinin fəaliyyəti zəngin və hərtərəflidir. O, qabaqcıl pedaqoq, folklortoplayan, həm də xalq ədəbiyyatının nəzəriyyəçisi, ədəbiyyat tarixçisi idi. F.Köçərli, sözün həqiqi mənasında, ilk Azərbaycan folklorşünası olub. Elə yalnız “Balalara hədiyyə” kitabı F.Köçərliyə folklorşünaslıq tariximizdə müəyyən mövqe qazandırıb. Hər şeydən əvvəl F. Köçərlidən biz xalq ədəbiyyatının toplayıcısı kimi danışmalıyıq. Çünki hər bir folklorşünas eyni zamanda dövrə görə xalq ədəbiyyatı nümunələrini toplamaqla da məşğul olur”.
“Sayaçı sözləri”, “Aşıq Valeh” kitabları… Tədqiqatçılar qeyd edir ki, F.Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bu işlə əlaqədar ədib xalq ədəbiyyatını toplayıb və çap etdirib. Bütün məşhur ədəbiyyat tarixçiləri kimi o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını çox yaxşı bilirdi. Bu mənada F.Köçərli böyük həvəslə folkloru yığır və təbliğ edirdi. F. Köçərlinin yığdığı folklor əsərləri o zamanlar müxtəlif mətbuat səhifələrində çap olunurdu: “Onun çap etdirdiyi xalq yaradıcılığı əsərləri içərisində “Balalara hədiyyə”, “Sayaçı sözləri”, “Aşıq Valeh” və sairə var idi. F.Köçərli xalqədəbiyyatına, ədəbiyyatın müəyyən məsələlərinə dair yazdığı məqalələrində bolluca folklor nümunələri gətirirdi. Bu da o zamana görə çox doğru bir hərəkət idi. Çünki ayrıca çap etməyə imkan olmayan toplanmış xalq ədəbiyyatı nümunələrini ədib bu yolla nəşr edib yaradıb. F.Köçərli bütün qabaqcıl ziyalıların da diqqətini bu işə,folklorun toplanması işinə cəlb etmək istəyirdi. F.Köçərli xalq ədəbiyyatını xalqın sərmayəsi adlandırır, folklorun təlim-tərbiyə üçün əhəmiyyətini ilk plana çəkərək deyirdi: “O millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qisim əsərləri kamal-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır”. Biz F.Köçərli haqqında həm də həqiqi bir folklorşünas kimi, yəni xalq ədəbiyyatı haqqında olan elmimizin görkəmli bir nümayəndəsi kimi danışmalıyıq. Ədib xalqını, vətənini sevdiyi qədər də onun şifahi ədəbiyyatını sevirdi. F.Köçərlinin xalq ədəbiyyatı haqqındakı nəzəri fikirləri təsadüfdən-təsadüfə deyil, müəyyən bir sistem əsasında söylənib, ədəbi, elmi-pedaqoji fəaliyyətinin əvvəlindən axırına qədər inkişaf edən bir xətt üzrə gedib. Onun folklor barədəki nəzəri müddəaları o dövrün ictimai-siyasi həyatından doğmuşdu. F.Köçərlinin xalq ədəbiyyatı haqqındakı fikirlərini diqqətlə öyrəndikdə ədibin həqiqətən də folklorun xüsusiyyətlərini, incəliklərini dərindən duyduğunun, hiss etdiyinin, bu nümunələrlə qəlbən yaşaya bildiyinin şahidi oluruq. F.Köçərli xalq ədəbiyyatı nümunələrinə seyirçi münasibət bəsləmir, onları bir material kimi, əsər kimi toplayıb çap etməklə işini bitmiş hesab etmirdi. F.Köçərli folkloru cəmiyyətdə insanların tərbiyəsi, ayılması, savadlanması üçün mühüm vasitələrdən hesab edirdi. O, XX əsrin əvvəllərində siyası, sinfi, ədəbi mübarizədə xalq ədəbiyyatının mühüm rolunu düz başa düşürdü. Ona görə də xalq ədəbiyyatının toplanması, nəşri üçün car çəkir, bütün silahdaşlarını-ziyalıları, sənət yoldaşlarını bu işə cəlb etməyə çalışırdı”.
Qədim və zəngin xalq yaradıcılığı
Azərbaycan şifahi xalq ədəbiyyatı bədii cəhətdən kamil, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər öz janr, dil-üslub əlvanlığı, poetik siqləti, xəlqiliyi, yığcamlığı ilə seçilir. Xalqımızın şifahi ədəbiyyatı janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, bədii təsvir və ifadə vasitələri baxımından zəngin, rəngarəngdir.
Şifahi xalq ədəbiyyatının kökləri tarix baxımından daha qədimlərə – ümumtürk mədəniyyətinə gedib çıxır. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Həmin dövrdən etibarən xalqımızın şifahi ədəbiyyatı böyük tarixi inkişaf yolu keçmişdir. Folklor xalqımızın tarixini, məişətini, əməyini, arzu və istəklərini, inkişaf prosesində əldə olunmuş mənəvi dəyərlərini geniş şəkildə əks etdirir. Xalqımız özünün şifahi yaradıcılığında həmişə ədəbiyyatın tərbiyəedicilik imkanlarına xüsusi fikir vermiş, böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanların obrazını yaratmışdır. Tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və s. mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün genişliyi ilə təsvir edən şifahi xalq ədəbiyyatı insanları həmin qüsurlardan təmizləməyə, mənən, ruhən müalicə etməyə çalışmışdır. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər vardır: Şifahi ədəbiyyat daha qədim zamanlardan etibarən meydana çıxmış, yazının mövcud olmadığı uzun əsrlər, hətta minillər boyu şifahi yolla, dildən dilə, ağızdan-ağıza keçərək yayılmış, inkişaf etmiş, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir; şifahi ədəbiyyat nümunələrinin konkret müəllifi olmur, o, bütövlükdə xalqın ümumi yaradıcılığının məhsuludur, yazılı ədəbiyyatsa müəllifli ədəbiyyatdır; şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyatsa təkvariantlıdır. Məsələn, «Koroğlu» dastanının türk, kürd, özbək, tacik, türkmən variantları da mövcuddur. Bir sıra atalar sözləri, nağıl, lətifələrin də müxtəlif variantları vardır. Azərbaycan folklorunu üç ədəbi növdə yaradılmışdır: Lirik növ, epik növ, dramatik növ.
Lirik folklorun janrları
Şifahi xalq ədəbiyyatında lirik növ əsasən nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. Buraya nəğmələr, mahnılar,n bayatılar, ağılar və s. daxildir.
Əmək nəğmələri folklorun ən qədim növü sayılır. Qədim dövrlər insanlar ovçuluq, əkin-biçinlə, heyvandarlıla məşğul olmuş, əmək mərasimləri keçirmişlər. Əmə prosesində yaranan ovqat, söz və ifadələr poetik forma alımış, holavarlara, sayaçı sözlərə çevrilmişdir. Əkinçi, cütcü nəğmələri olan holavarlar hodaqçı-cütçünün dilindən öküzə, kələ müraciətlə söylənilir. Bu nəğmələrdə cütçü öz qayğılarından söz açır, ağır əmək prosesini yüngülləşdirən, ruzi, bərəkət yaradan heyvanları tərifləyir, əkin-biçin işlərinə həvəsləndirir:
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram,
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Qoyunçuluqla bağlı nəğmələr olan sayaçı sözlərində əmək adamının onu ruzi, bərəkətlə bol-bol təmin edən qoyuna,keçiyə qayğıkeş münasibəti ifadə olunur:
Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı tez yetir
Gözləyir uşaq qoyun.
Qədim dövrlərdə təbiət hadisələri ilə bağlı ifa edilən nəğmələr mərasim folklorunun yaranması ilə nəticələnmişdir. Mövsüm mərasimləri müxtəlif fəsillərlə bağlıdır. Xalq öz müşahidələrindən, müxtəlif fəsillərdə təbiət hadisələrinin xarakterindən çıxış edərək fəsillərə, aylara öz münasibətini poetik bir dillə ifadə etmişdir:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir
Biri vurub dağıdır.
Günəşi çağırmaq mərasimində “Gün çıx” mövsüm nəğməsi ifa edilmişdir:
Gün çıx, gün çıx,
Kəhər atı, min çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə
Saçlı qızı götür çıx.
İl quraqlıq keçəndə yağışçağırma mərasimi vasitəsilə nəğmələr oxunmuşdur:
Göydən, göydən nə gələr?
Damla-damla yağmur gələr.
Anbarlar dolu-dolu.
Sənəklər sulu-sulu,
Bizdən bərəkət,
Göydən yağmur,
Ver, tanrım, ver.
“Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsilməsi, dumaın, buludun qovulması məqsədilə ifa edilmişdir:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı gün gördünmü?
Toy mərasimi nikbin, şənlik əhval-ruhiyyəli məişət mərasimidir. Bu mərasimdə oxunan nəğmələr musiqi, oyunun müşayiəti ilə ifa edilir. Elçilik, nişan mərasimində qız evinin razılığı alındıqdan sonra oğlan evi nişan üzüyüny təqdim edir. Məclisə şirniyyat, şirin çay gətirilir:
Bizdə olan gözəllər,
Bağ-bağçanı bəzərlər,
Nişan günü süfrəyə
Şirni, şərbət düzərlər.
Toy mərasiminin hər mərhələsinin xarakterinə uyğun nəğmə ifa edilir:
Qismətinmiş sənin güllər butası,
Sən olasan doqquz oğul atası,
Dursun xələt versin bəyin atası,
Görüm, a bəy, oyun mübarək olsun,
Sağdışın, doldışn, elin var olsun!
Yol açın gəlin gəlir.
Ağılar ölüm hadisəsi baş verəndə keçirilən yas mərasimlərində ifa edilib. Bu nəğmələrdə əzizini itirmiş insanların sonsuz kədəri, keçirdiyi ağrılı-acılı hislər öz əksini tapıb:
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Qəhrəmanlıq nəğmələri düşmənə qarşı mübarizədə mərdlik, hünər göstərən igidlərin şəninə ifa edilib. “Koroğlu” dastanında Koroğlu qəhrəmanlıq nəğməsini ifa edərək
öz dəlilərini düşmən üstünə hücum çəkməyə, igidlik göstərməyə səsləyrir:
Hoydu, dəlilərim, hoydu
Yeriyin meydan üstünə!
Havadaki şahin kimi,
Tökülün al qan üstünə!
Laylalar və oxşamalar uşaq folklorunun geniş yayılmış janrlarıdır. Laylalar ananın öz körpəsini yuxuya vermək, əzizləmək məqsədilə söylədiyi nəğmələrdir. Bu nəğmələr dördlük şəklində, dörd misradan ibarət olur. Laylalar heca vəznində, yeddi hecalı olur. Laylaların bir qismində iki misradan ibarət nəqərat verilir. Əksər hallarda «lay-lay» və «balam» sözləri təkrar olunur:
Lay-lay dedim həmişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Lay-lay, balam, a lay-lay,
Körpə balam, a lay-lay.
Laylaların bir qismində – arzulamalarda ana öz arzularından, övladının gələcəyinə bəslədiyi ümidlərdən, qəlbindəki ülvi istəklərdən söz açır. Bu, övladını dünyalarca sevən, onun yolunda hər cür fədakarlığa hazır olan ananın təbii arzulardır. Dünyaya övlad gətirən hər bir ananın qəlbində körpəsinin dil açması, ayaq tutub yeriməsi, gəzib oynaması, deyib – gülməsi, boya-başa çatıb qız sevməsi, toy etməsi, ailə
qurması arzusu var. Ana övladının toy gününü görmək arzusundadır. Axı, bu, onun həyatında ən əziz br gündür:
Lay-lay, a gəlin bala
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur:
Toyunu görüm, bala.
Oxşamalar öz körpəsini atıb-tutan, əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Son dövrlərdə elmi ədəbiyyatda oxşama əvəzinə nazlama terminindən də istifadə olunur. Oxşamalar iki misralı və dörd misralı, əsasən yeddi və beş hecalı olur. İki misralı oxşamalarda birinci misra səkkiz, ikinci misra yeddi hecalı olur.
Ana birinci misrada heyvanları, quşları, əşyaları balasına qurban deyir. İkinci misrada körpənin dil açması, iməkləməsi, əl çalması, oynaması kimi arzulardan söz açılır:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Balama qurban sərçələr,
Balam haçan əl çalar.
Dördlük şəklində olan oxşamaların qafiyə sistemi a a b a ( birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst) və ya a a a b şəklində (birinci, ikinci, üçüncü misralar həmqafiyə, dördüncü misra sərbəst) olur.
Çaydır, dənizdir,
Quldur, kənizdir.
Balam hər nədir,
Mənə əzizdir.
Şifahi xalq ədəbiyyatının geniş yayılmış lirik janrlarından olan bayatılar insanın həyatın müxtəlif məqamlarında keçirdiyi fərqli duyğuları, düşüncələri əks etdirir. Mövzuca müxtəlif olan, bayatılarda sevgi, ayrılıq, vətənpərvərlik, qəriblik, mərdlik, haqsızlığa etiraz və s. motivlər əsas yer tutur:
Yol vermə yada, Təbriz.
El gedər bada, Təbriz.
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz!
Əzizim, baxtı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım?
Lirik xalq mahnıları folklorun kütləvi janrlarındandır. Şeir-musiqi folkloruna aid edilən xalq mahnıları nəğmələrdən fərqli olaraq musiqisi, havası olur. Xalq mahnılarından insanların gündəlik həyatında istifadə olunur.Mahnılarda insanın sevgi, həsrət, ayrılıq hisləri, vətənpərvərliyi, təbiətə məhəbbəti öz əksini tapır.
Apardı sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.
Epik folklorun janrları Azərbaycan xalqının yaratdığı şifahi söz sənətinin mühüm bir qolunu epik folklor təşkil edir. Folklorun epik növünə aid olan əsərlərdə hadisələrin nağıl edilməsi, təhkiyə əsas yer tutur. Epik növ əsasən nəsrlə olub həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet geniş, çoxşaxəlidir. Buraya xalq nağılları, dastanları, tapmaca, yanıltmac və s. daxildir.
Epik folklor nümunələrinin məzmunu öz həyatiliyi, xəlqiliyi ilə seçilir. Bu əsərlərdə xalqın həyatı, məişəti, arzu və istəkləri, mübarizəsi, onu düşündürən məsələlər öz
bədii əksini tapır. Həmin əsərlərdə xalq üçün əhəmiyyətli olan mətləblər – mühüm tarixi hadisələr, xalqın gündəlik qayğıları, azadlıq, haqq, ədalət uğrunda mübarizəsi, adət-ənənələri, ailə münasibətləri işıqlandırılır. Bu əsərlərin qəhrəmanları da əksər hallarda xalqın nümayəndələri – sadə insanlardır.
Epik növün ən qədim və çox yayılmış janrlarından əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı surətdə yaranmışdır. Əfsanələri epik növün başqa janrlarından fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri- adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə insan asanlıqla quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, güllər, çiçəklər dil açıb danışır, Tanrı öz bəndəsinin səsini eşidib, dərhal onun istədiyini yerinə yetirir
və s.
Zoonimik əfsanələr heyvan və quş, toponimik əfsanələr müxtəlif yer – şəhər, kənd, qala, dağ, bürc və s. adları ilə bağlı əfsanələrdir. «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik» zoonimik, «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmirqaya» isə toponimik əfsanələrdir. Bu əfsanələrdə adları çəkilən heyvan, quş və yer adlarının yaranmasından danışılır. Folklor yaradıcıları əfsanə qəhrəmanlarının timsalında Xeyirə, Gözəlliyə məhəbbət, Şərə və Eybəcərliyə nifrət hissi oyadırlar.Etnonimik əfsanələr – tayfa, xalq, el, nəsil adları
ilə əlaqədar yaranmışdır. Belə əfsanələr içərisində «Oğuz» və «Bayat» çox məşhurdur. Həmin əfsanələrin birincisində Azərbaycan türklərinin ulu babası sayılan oğuzların yaranması təsvir edilir.Kosmoqoni əfsanələr – səma cisimləri
haqqında olan əfsanələrdir. Xalqın qədim kosmoqonik təsəvvürləri ilə bağlı yaranan belə əfsanələrin qəhrəmanları Ay, Günəş və müxtəlif ulduzlardır. Xüsusilə Ayın üzərində görünən ləkələr, onun gecələr, Günəşin isə gündüzlər çıxması qədim insanları maraqlandırmış və onlar bu iki səma cismini insaniləşdirərək, onlar haqqında müxtəlif əfsanələr yaratmışlar. Bu baxımdan «Günəşlə Ay» əfsanəsi çox
səciyyəvidir. Əsərdə Ay səmimi, fədakar bir aşiqdir. O, Günəşi dərin bir məhəbbətlə sevir. «Öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünür, bədənini parça- parça edir. Bəzən də həsrətdən o qədər nazilir ki, Günəşin özü də onu görəndə xəcalət çəkib gizlənir». Sevgilisi yolunda bütün fədakarlıqlara hazır olan Ay Günəşin istəyinə əməl edərək üzündəki xalı qoparıb ona verir. Lakin Günəş aşiqinin bu fədakarlığını lazımınca qiymətləndirə bilmir:- Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm, – deyə qürrələnir. Ay sevdiyi qızın sözlərindən elə heyrətlənir ki, üzünə tökülən qan sifətinədəcə donur və elə o vaxtdan Ayın üzündə ləkə qalır. Sevgilisinin hərəkətindən qəlbi sınan Ay ondan uzaqlaşaraq bir daha Günəşi görmək istəmir. Əməlindən peşman olan Günəş nə qədər Ayı çağırırsa da cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün.
Rəvayətlərdə keçmişdə real şəxsiyyətlə bağlı, baş vermiş həyat hadisələri yığcam şəkildə əks etdirilir. Rəvayətlərin süjeti sadə, obrazların sayı az olur. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Nəsimi, Xətayi, Makedoniyalı İskəndər, Teymurləng, Nadir şah rəvayətlərində tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti iə bağlı hadisələr əks olunub. “Bibiheybət”, “Şuşa” rəvayətləri yer
adları ilə bağlıdır. Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Məsəllər müəyyən əhvalat, hadisə ilə bağlı olur. Atalar sözü və məsəllər xalqın əsrlər boyu topladığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir:
– Yüz ölç, bir biç.
– Görünən dağa bələdçi lazım deyil.
Məsəldə söylənilən fikri başa düşmək üçün dinləyənin həmin əhvalatı bilməsi lazım gəlir: “Karın könlündəki”, “Qələt yağ küpəsindədir”, “Çünki oldun dəyirmançı,
çağır gəlsin dən Koroğlu” və s. Şifahi xalq ədəbiyyatının maraqla danışılan və dinlənilən janrlarından biri lətifələrdir. Onlar ictimai həyatdakı və məişətdəki qüsürları əks etdirən yığcam və gülməli hekayələrdir. Lətifələrin əsasında gülüş dayanır. Xalq öz dünyagörüşünə, mənəviyyatına, əxlaqına zidd olan pis xüsusiyyətlərə gülməklə onların islahına çalışır. Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqa lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir. Azərbaycan lətifələrinin çoxu onun adı ilə bağlıdır. Qədim zamanlardan bəri xalq arasında gəzən bir çox əhvalatlar biçimlənərək lətifə şəklinə salınmış və Molla Nəsrəddin adı ilə əlaqələndirilib, onun ətrafında cəmləşmişdir. Molla Nəsrəddin ümumiləşdirilmiş surətdir. Öz ağlı, hazırcavablığı, təmkinli və tədbirli olmasına görə o, əhatə olunduğu mühitdə hamıdan yüksəkdə dayanır və hökm sahiblərinə qalib gəlir; xan da, qazı da, hakim də onun biliyi, müdrikliyi qarşısında aciz qalır, gülünc vəziyyətə düşürlər. Tapmacalar uşaq folkorunun geniş yayılmış əyləncəli səciyyə daşıyan janrlarındandır. Tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanin məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur.
Tapmacalar mövzu baxımından geniş, rəngarəng, həcmcə yığcam olur. Bu janrda bənzətmə, təzad, epitet, kimi məcaz növlərinə geniş yer verilir. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, tapmacalarda da xalqın dünyagörüşü, tarixi, mənəvi baxışları öz əksini tapır. Tapmaca termini əvəzinə bilməcə də işlədilir. Bu, onların
qarşıya qoyulan məqsədlə
– tapmaq, bilmək tələbi ilə bağlı olmasından irəli gəlir. Tapmacanın cavabını bilmək asan deyildir. Bunun üçün düşünmək, fikirləşmək lazım gəlir. Çünki burada fikir birbaşa, açıq şəkildə deyilmir, məcazi mənada, metaforik yolla, köçürmə vasitəsilə çatdırılır. Məsələn, aşağıda nümunə gətirilən tapmaca metaforadan (köçürmədən) ibarətdir:
Qırmızı nar,
Hər evdə var ( Od )
Odun qırmızı olmaq əlaməti narın üzərinə köçürülmüş, lakin adı çəkilməmişdir.
Tapmacanın cavabını tapmaq üçün qarşıdakı tərəfdən obrazlı – assosiativ, poetik təfəkkür, məntiqi fikirləşməklə çətinlikləri dəf etmək, hazırcavab olmaq tələb edilir.
Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə səhv yoldur.
Tapmacalar həm nəzm, həm də nəsr şəklində olur. Nəzm şəklində olan tapmacalar qafiyəsi, ölçüsü, ahəngi olan mənzum parçalardır. Bu nəzm parçaları a a, a a b a, a a a a şəklində qafiyələnir:
Qara toyuq qaqqıldar,
Qanadların şaqqıldar (Bulud, göy gurultusu)
Epik folklorun yanıltmac janrı səs oyunu üzərində qurulmuşdur. Məlumdur ki, uşağın dilinin açılması, nitqinin inkişafı bütün valideynləri düşündürən problemlərdəndir. Yanıltmaclar eyni səsin, yaxın səslənən sözlərin, söz birləşmələrinin fonetik sırası, əvəzlənməsi prinsipi üzərində qurulur. Bu janrda əsərlər yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Yanıltmaclar həm nəzm, həm də nəsr şəklində olur:
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Yorğana yorul yorğun.
Küp qulpu, xub küp qulpu.
Ağa evinin dar aralığı.
Ay dəyirmilənməyə nə qalıb?
Qədim və zəngin inkişaf yolu keçmiş aşıq yaradıcılığı müasir dövrdə də uğurla davam etməkdədir. Aşıq musiqi, şeir, rəqs, nağıletməni birləşdirən sənətkardır. El şənliklərində, bayram və toylarda aşıqlar saz çalıb mahnı oxumuş, şeir demiş, nağıl, dastan danışmışlar. Dədə Qorqud ənənələrini yaşadan Aşıq Alı, Aşıq Ələsgər,Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani kimi ustad aşıqlar həmişə xalqın içində olmuş, onun sevincinə, dərdinə şərik olmuşlar. Aşıq şeirində vətənpərvərlik, xalqın mənəvi dəyərlərinə bağlılıq, təbiətə məhəbbət motivləri, insan taleyi ilə bağlı düşüncələr mühüm yer tutur. Aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, və s. janrlarında ustad aşıqlar tərəfindən söz sənətimizin
dəyərli nümunələri yaradılmışdır. Azərbaycan folklorunun irihəcmli janrlarından olan dastanlar aşıq yaradıcılığının məhsuludur.
Dastan epik –lirik növün janrıdır. Qəhrəmanlıq dastanlarında əsasən, xalqın, onun igid övladlarının yadlarla, düşmənlərlə vətən, azadlıq uğrunda fədakarlıqla döyüşü əks olunur. Qıhrəmanlıq dastanlarının kamil nümunəsi olan «Kitabi-Dədə Qorqud» da qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan oğuzların vətənpərvərliyi, düşmənə qarşı mübarizədə göstərdiyi igidlik əbədiləşdirilmişdir. Dastanda
xalqımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. “Koroğlu” dastanında isə həm də ədalətsiz yerli hakimlərə, xalqa zülm edən bəy və xanlara qarşı mübarizə motivləri mühüm yer tutur.”Qurbani”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl” məhəbbət dastanları nın kamil nümunələridir.
Dramatik növün janrları
Azərbaycan şifahi xalq ədəbiyatının dramatik növünə xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Xalq dramlarının bir növü olan xalq oyunları vaxtilə toy, bayram şənliklərində oynanılıb. Novruz bayramında ifa edilən “Xan oyunu”nda xan, vəzir, vəkil, fərraşlar iştirak edir. Xan “günahkarları” cəzalandırır, onlara cərimə kəsir. Xalq tamaşalarına xalq dramları da deyilir. ”Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşasında hadisələr üç səhnədə cərəyan edir. Əkinçilik fikrinə düşən iki qardaş yeri şumlayanda, suvarılanda, taxıl xırmanda döyüləndə birinci qardaş özünü xəstəliyə vurur. Məhsul hazır olanda zəhmətkeş qardaş ona heç nə vermək istəmədiyi üçün aralarında dava düşür. Kənd hakimi çalışqan qardaşı haqlı sayır. Tənbəl qardaş arıqlayıb əsa ilə gəzir, arvadı ondan ayrılıb, nə özünün, nə də arvadının yaxın durmadığı uşaqlarını çalışqan qardaş götürüb saxlayır. Əsərin sonuncu səhnəsində çalışqan qardaş yenə tarlada işləyir, qardaşının uşaqları ilə birlikdə əkin-biçinlə məşğul olur. Peşman olmuş tənbəl qardaş gəlib duz-çörəyə and içir ki, daha tənbəllik etməyəcək. Qardaşlar barışıb şərikli işləməyə başlayırlar. Uşaq oyunları da dramatik növün janrlarındandır. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunların yaranma tarixi daha qədimdir, insanların ilk əmək fəaliyyəti ilə bağlıdır. Hərəkətli oyunlarda əşyalardan istifadə olunması mühüm yer tutur. “Dəsmalı ver”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Dəyirman” və s. əşyalarla oyunlardır. “İynə-iynə”, “Barmaq”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Ənzəli”, “Yoldaş, səni kim apardı?”, “Siçan-pişik” və s. əşyalarsız
oyunlardır.
Oyun uşaqlarda müstəqillik, fəallıq tərbiyə edir. Onlar oyun vasitəsilə həyatı dərk etməyi, əməli işlə məşğul olmağı öyrənir, estetik zövq alırlar. Bu da öz növbəsindəuşaqların dünyagörüşünün inkişafına, fiziki, mənəvi tərbiyəsinə müsbət təsir göstərir.
Uşaq folklorunun növləri
Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir.
Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi “Avesta” və Herodotun “Tarix” kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri
əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara
müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır. Yetkinlər azyaşlı uşaqlar
üçün beşiklər və müxtəlif uşaq şerləri ifa edirlər. Uşaq folklorunun ikinci hissəsi orta və yaşlı uşaqlar üçün əsərlərdən ibarətdir. Bunlara oxunan və ya ritmik olaraq tələffüz olunan əsərlər daxildir: mahnı oxumaq, kəşfiyyatçılar, sayma qafiyələri, təmsillər, şerlər, komik mahnılar, həmçinin kəlamlar, dil bükücüləri, tapmacalar, nağıllar. Bəziləri böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmişdir, lakin bu növün əksəriyyəti uşaqların öz yaradıcılığıdır. Ramazan Qafarlı Azərbaycan uşaq folklorunun janrlarını ədəbiyyatın ümumi janr bölgüsü sistemi ilə qruplaşdırmağı məqsədəuyğundur hesab edərək, bölgünü belə aparmışdır:
Lirik növ
layla
oxşama
dilaçma
öyrətmə və uşaq nəğmələri (düzgü, sanama, öcəşmə, acıtma, dolama, çağırış
və müraciətlər).
Epik növ
tapmaca,
yanıltmac və – uşaq nağılları.
Dramatik növ
uşaq oyun və tamaşaları
Təsnifatı və səciyyəvi xüsusiyyətləri Uşaq folklorunun mahiyyətindən danışan zaman onun xalqın həyatındakırolunu
qabartmaq lazımdır. Çünki xalqın həyatın yeri olmayan, onun üçün önəmi olmayan heç nə folklorunda da əks olunmur. Bütün bunlar da uşaq folklorunun səciyyəvi xüsusiyyətlərini anlamağa imkan yaradır. “Uşaq ədəbiyyatı bəşəriyyətin yaratmış olduğu bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir ” (Namazov, 2007: 4). Uşaq folkloru dedikdə ilk olaraq yada uşaqlar düşür. Uşaq folklorundan bəhs edərkən ilk növbədə uşaq kəlməsinin anlamını tam qavramaq lazımdır ki, uşaq deyəndə hansı yaş həddində olan insanlar nəzərdə tutulur. Azərbaycan uşaq folklorunun ən yaxşı araşdırıcılarından biri olan Qara Namazovun bu barədə yazdığı fikirlər maraq doğurur: “… uşaq ədəbiyyatına belə bir tərif vermək mümkündür: Uşaq ədəbiyyatı ədəbiyyatın tərkib hissəsi olub,
məqsəd və vəzifəsinə görə 17 yaşına qədər müxtəlif oxucu qruplarının təlim, təhsil və əxlaqi-estetik tərbiyəsinə yönəldilən bədii əsərlərə deyilir” (Namazov, 2007: 4).
Uşaqlar üçün yazmağın çətinliyini vurğulayan folklorşünas 17 yaşadək olan uşaqların bölgüsünü də aparır: “Uşaqlar üçün yazmaq çətindir. Uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə münasib bir üslubda yazılır. Pedaqoji təlimə əsasən, 17 yaşına qədər olan oxucular dörd qrupa bölünür:
I Bağçayaşlı uşaqlar (3-7). II
Kiçikyaşlı məktəblilər (7-11). III Ortayaşlı məktəblilər (11-15). IV Yuxarı yaşlı məktəblilər və yaxud gənclər (15-17)” 4). Uşaq folklorundan danışan folklorşünaslarımızın bəziləri onun janr təsnifatını da verməyə çalışmışlar.
Azərbaycan uşaq folklorunun ən yaxşı araşdırıcılarından biri olan R.Qafarlı bu məsələdən danışan zaman yazır: “Maraqlı cəhət ondadır ki,bu alimlərin yazdıqları dərslik, monoqrafiya və məqalələrdə uşaq folklorunun ən geniş yayılan janrları təhlil olunur, forma, məzmun, ideya-bədii xüsusiyyətləri, xüsusilə laylaların, oxşamaların, tapmacaların, uşaq nağıllarının bir sıra xarakterik keyfiyyətləri göstərilir.”
Uşaq folklorunun növləri, böyüklərin köməyi ilə yaranan janrlar
Uşaq folklorunun mərkəzində uşaqlar dayanır. Yaşlı nəsil ənənənin davam etməsi üçün bu sahədəki biliklərini uşaqlara ötürürlər. Bu zaman həm də yeni folklor nümunələri yaranmış olur. “Uşaq folklorundan danışarkən yaşlılar (nənə, baba, ata, ana, xala, bibi və s.) və uşaqlar arasında olan folklo münasibətlərinin hansı səviyyədə olmasına da diqqət yetirmək lazımdır. Yaşlılarla uşaqlar folklorla yalnız beşik başında layla çalarkən, uşağı oxşayarkən, nağıl, tapmaca deyərkən əlaqədə olmurlar. Həm də hər dəfə ana öz qızına tikiş tikməyi, toxumağı, çörək yapmağı və s. öyrədərkən, ata öz oğluna ağac əkməyi, odun yarmağı və s. öyrədərkən folklor əlaqəsində olurlar. Yəni yaşlı nəslin nümayəndəsi çox zaman vəziyyətdən asılı olaraq uşağa gördüyü işin faydasını başa salmaq üçün, yaxud da ümumiyyətlə yeri gəldiyi üçün müxtəlif folklor nümunələri söyləməli olur. Bu da xalq ənənəsinin, sənət növlərinin, eləcə də folklorun yaşama prosesini təmin edən amillərdən biridir”
.
Uşaq folklorunun növləri. Terminologiya və alimlərin fikirləri
1926-cı ildə İrkutsk Universitetinin professoru Q.S.Vinoqradov ilk dəfə rus folklorşünaslığında “uşaq folkloru” ifadəsini ilk dəfə geniş tətbiq etdi və bildirdi ki, uşaq folkloruna həm uşaqların özləri tərəfindən bəstələnmiş əsərləri, həm də didaktik poeziyanı (böyüklər tərəfindən oxunan, uşaqları oxşayan kiçik həcmli lirik əsərlər) aid etmək məqsədəuyğundur. Bir qədər sonra beşik nəğmələri də uşaq
folkloru kimi təqdim olundu (baxmayaraq ki, bəzi alimlər onları ailə lirik-məişət mahnıları hesab edirlər). Böyüklər arasında mövcud olan bəzi əsərlərin ilki və sakral mənasını itirmiş, bir qədər dəyişdirilmiş və sadələşdirilmiş formada uşaq folkloruna keçdikləri aşkar edilmişdir. Bütün folklor biliciləri bir fikir birliyinə gəldilər ki, uşaq folklorunda həm uşaqların, həm də böyüklərin uşaqlar üçün yazdığı əsərlər var. Bu baxımdan uşaq folkloru iki istiqamətdə: böyüklərin (nağıllar, tapmacalar, laylalar, oxşamalar və s.) və uşaqların yaradıcılığı (dolamalar, acıtmalar, öcəşmələr, oyun nəğmələri və s.) hesabına zənginləşir. Uşaq folklorunun özünəməxsus xüsusiyyətləri var: mövzu, obraz, fikir seçimində uşaqların yaşla əlaqəli inkişafına uyğundur; hərəkətin müşayiəti ilə, oyun elementləri ilə şeir və nəsrin həmahəngliyi ilə xarakterizə olunur; əsərlərin əksəriyyəti (böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmişdir) tərbiyəvi
məzmunludur .
Janrlar
Uşaq folklorunun bütün janrlarını təxminən üç qrupa bölmək olar:
böyüklər tərəfindən uşaqlar üçün yaradılan əsərlər, ümumi folklordan uşaq folkloruna keçən əsərlər, uşaqların özlərinin əsərləri.
Bəzi hallarda bir qrupa aid edilə bilməyən əsərlər var. Bu qrupların hər biri öz xüsusiyyətlərinə malikdir və daha kiçik alt qruplara bölünür. Hamısının ortaq xüsusiyyəti uşaq mövzusudur, 5 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda nəşri Uşaq folklorunun toplanmasına, nəşrinə XIX əsrin 1-ci yarısından başlanmışdır.
Lakin onun ilk nümunələrinə hələ toplanıb nəşr edilməzdən xeyli əvvəl klassik şairlərimizin əsərlərində rast gəlinir. Dahi Nizami Gəncəvi “Xəmsə”sində xalq uşaq oyunlarından, sehirli və heyvanlara aid nağıl motivlərindən gen-bol istifadə etmişdir.
Məhəmməd Füzuli “Söhbətül-əsmar” (“Meyvələrin söhbəti”) alleqorik poemasının mövzusunu el arasında geniş yayılan ibrətamiz əhvalatdan götürmüşdür.
Məhəmməd Əmani, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və Seyid Əzim Şirvani kimi sənətkarlar tərəfindən müxtəlif dövrlərdə yazılan mənzum hekayələrdə
də xalq təfəkkürünün təsiri özünü göstərir. Bütün bunlar klassik yazılı ədəbiyyatın Azərbaycan folklorundan qidalanması baxımından qiymətli faktlardır. Görkəmli söz
ustadlarımızın qələmindən çıxan poema, təmsil və mənzum hekayələr nağıl süjetlərinə, folklorun ruhuna nə qədər yaxın olsa da, poetik sisteminə, dilinə,üslubuna, və başqa xüsusiyyətlərinə görə xalq yaradıcılığından fərqlənir. XIX əsrin əvvəllərində Avropada Qrimm qardaşları tərəfindən yandırılan folklor məşəli Rusiya vasitəsilə Azərbaycana keçmişdir. 40-cı illərdən başlayaraq əfsanə, nağıl, lətifə və dastanlar müntəzəm olaraq mətbuat səhifələrində özünə yer tapmışdı. Bu dövrdə uşaq folklorundan söhbət gedə bilməzdi. Lakin Azərbaycan folklorunun ilk toplayıсıları, əsasən, maarifçilər idilər. Onlar xalq yaradıcılığına müraciət edəndə, hər şeydən əvvəl, şagirdlərinin yaş səviyyəsinə, biliyinə, zövqünə uyğun, azsözlü, yığcam, lakonik və oyunlarla bağlı nümunələrlə maraqlanır, laylaları, tapmacaları, yanıltmacları, düzgüləri, sanamaları böyük həvəslə toplayıb nəşr edirdilər.
Ümumiyyətlə, XIX əsrin II yarısında və XX əsrin əvvəllərində uşaq folkloru nümunələrinə daha çox aşağıdakı mənbələrdə təsadüf edilir: Rus mətbuatında Paşa Əfəndiyev “Azərbaycan folklorşünaslığının tarixi” adlı doktorluq dissertasiyasında yazırdı: “Folklorumuzun ilk nümunələri rusm mətbuatında 1820-30- cu illərdə görünməyə başlayır. 1839-cu ildən sonra yavaş-yavaş bu nümunələrin sayı artır. 1840-50-ci illərdə isə müntəzəm olaraq materiallar çap olunur. Azərbaycan folklorunun, demək olar ki, əsas janrlarına dair nümunələr XIX əsr rus mətbuatından toplanıb nəşr edilmişdir. Biz burada atalar sözü, tapmaсalardan başlayaraq iri həcmli dastanlara qədər xalq ədəbiyyatımızın külli miqdarda janrlarına rast gəlirik”. SSKQ / ССКГ- “Сборник сведение о Кавkазских горцах” (“Qafqaz dağları haqqında məlumat toplusu”) məcmuəsində Azərbaycan folkloruna geniş yer ayrılmışdı.
Toplayıcı A.Fon Potto “Природа и люди Закаталинского округа” (“Zaqatala qəzasının təbiəti və adamları”) adlı məlumat xarakterli məqaləsi ilə çıxış edir və folklorumuz barədə müəyyən fikir söyləməyə cəhd göstərir. Məqalədə şifahi xalq ədəbiyyatımızın bəzi janırlarının təsvirindən sonra yazılır: “Nağılı dinləmək, təmsil və tapmacalara qulaq asmaq Zaqatala qəzasının adamları üçün böyük zövq mənbəyidir. Burada xüsusi nağılçılar var. Onlar bütün məclislərə çağırılır, bu və ya digər hadisə ilə əlaqədar nağıl, əhvalat danışırlar. Ən çox yayılan, söylənən nağıllardan aşağıdakıları misal gətirmək olar: “”Dəvənin zirəkliyi”, “Tülkü və çaqqal”, “Siçanla qurbağanın dostluğu”, “Birə və milçək”, “Kim hündürdüsə, o da böyükdür” və s. Uşaq folklorumuzun toplanıb nəşr edilməsi sahəsində ən böyük işi
məcmuəsinin yaradıcıları və görkəmli Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərli görmüşdür. SMOMPK-ın ilk buraxılışından başlayaraq, demək olar ki, hər nömrəsində Azərbaycan uşaq folkloruna yer ayrılırdı. Belə ki, S.P.Zelinski Azərbaycanın qədim İrəvan qəzasının türk qadınlarından eşitdiyi xalq yaradıcılığı incilərini məcmuənin I buraxılışının II bölməsində “Татарская пословицы, поговорки, загадки и имена женшин” (“Tatar atalar sözü, məsəl, tapmaca və qadın adları”) başlığı altında verir. Buradakı tapmacalar mövzularının rəngarəngliyi və quruluşu ilə maraq doğurur:
Bu gün çərşənbədir,
Qəlbimə düşən nədir?
Dəryadan tüstü qalxır –
İçində bişən nədir? (Qəlyan)
SMOMPK-da uşaq oyun-tamaşaları da toplanıb nəşr edilmişdir. Şəki, Qəbələ, Cəbrayıl, Şamaxı və başqa şəhərlərin tarixi, etnoqrafiyası haqqında yazılan məqalələrin sonunda həmin ərazilərdən toplanan uşaq oyunlarının təsviri verilirdi.
İbtidai məktəb dərslikləri və qiraət kitablarında
XX əsrin ortalarında Azərbaycanın kənd və şəhərlərində orta əsr ətaləti hökm sürən mollaxanaların əksinə olaraq yeni tipli ibtidai təhsil ocaqları açılmışdı. Bu məktəblərdə şagirdlərə dünyəvi elmlər haqqında biliklər verməklə yanaşı, yazılı və şifahi xalq ədəbiyyatı nümunələri də öyrədilirdi. Uşaqların savadlanmasında, mənəvi cəhətdən sağlam yetişməsində XIX əsrin sonu və XX əsrin əvvəllərində çapdan çıxan müntəxabat, əlifba və qiraət kitablarının böyük rolu olmuşdur. Bunlar:
A.Çernyayevski və S. Vəlibəyovun “Vətən dili” (II hissə, I nəşr, Tiflis, 1888);R.Əfəndiyevin “Uşaq bağçası” (I nəşr, İstanbul, 1898 və IV nəşr, Bakı, 1912), “Bəsürətül-ətfal” (Bakı, 1901); M.Mahmudbəyov və başqalarının “İkinci il” (Bakı, 1908 və 1912-ci il nəşrləri); A.Şaiqin “Uşaq gözlüyü” (Bakı, 1910 və 1919-cu il nəşrləri), “Gülzar” (Bakı 1912); Mirzə Abbas Abbaszadənin “Birinci il tatar əlifbası” (IV nəşr, Bakı, 1913) və A.Əfəndiyevin “Son türk əlifbası”nı (Bakı, 1919)
Dərsliklərə, əsasən, uşaqların yaş səviyyəsinə, biliyinə uyğun folklor nümunələri salınır.
Azərbaycan uşaq mətbuatında
Azərbaycan uşaq folkloru nümunələri XX əsrin əvvəllərində “Dəbistan”, “Məktəb” və “Rəhbər” kimi uşaq jurnallarında dərc olunmağa başladı. Bu isə şagirdlərin məktəbdənkənar mütaliə işlərinə xeyli kömək etdi. Folklor toplularında Azərbaycan uşaq folklorunun toplanması, nəşri sahəsində ən böyük hadisə Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı olmuşdur. XX əsrin əvvəllərində, hələ dünya şöhrətli xalq yaradıcılığı incilərinin — dastan, nağıl, aşıq şeiri, əfsanə, bayatı və s. toplanıb ayrıca məcmuə halında nəşr edilmədiyi bir vaxtda “Balalara hədiyyə” adlı uşaq folkloru toplusu balaca oxucularının ixtiyarına verilmişdi. Abdulla Şaiq, Seyid Hüseyn, Fərhad Ağazadə və Eynəli bəy Sultanov bu kitabdan “vətən qoxusu, dağların ətri gəldiyini” bildirmiş, “milli duyğularımızı oyadan”, “keçmişimizi özümüzə tanıdan” gözəl töhfə kimi qiymətləndirmişdilər.
Uşaq folkloru – Uşaq oyunları
Hər bir xalqın maddi və mənəvi birliyini yaradan, düşüncəsini və həyat tərzini müəyyənləşdirən onun milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər xalqın mədəniyyətini, incəsənətini, tarixini, etnoqrafiyasını, kulinariyasını, davranış qaydalarını, məişətini və ümumilikdə həyatın bütün sahələrini əhatə edir. Milli- mənəvi dəyərlər həmçinin xalqın milli mənsubiyyəti, milli kimliyidir. Bu dəyərlər xalqın yaratdığı, yaşatdığı, əsrlərlə qoruyub saxladığı və məqsədəuyğun şəkildə inkişaf etdirdiyi dəyərlərdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində
formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Xalqımızın incisi olan milli-mənəvi dəyərlər sisteminin ən geniş və ən zəngin sahələrindən biri xalq yaradıcılığıdır. Xalq yaradıcılığı öz növbəsində çox geniş, zəngin, maraqlı, məntiqli, xalqın mentalitetini müəyyənləşdirən düşüncə tərzidir.
Xalq yaradıcılığının bir qolunu da uşaq folkloru, uşaq oyunları təşkil edir. Xalq yaradıcılığının bu qolu uşaqların həm hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərir, həm də cəmiyyət üçün təmiz
vicdanlı, güclü mənəviyyata malik, zamanın yükünü öz üzərinə götürə bilən insanlar tərbiyə edir. Uşaq oyunları uşaqlara səmimiliyi, mehribanlığı, birliyi, təəssübkeşliyi, mətinliyi aşılayır. Həmçinin bu oyunlar sayəsində uşaqlar cəldliyi, çevikliyi, uzaqgörənliyi, qarşısına məqsəd qoymağı və bunun üçün mübarizə aparmağı
bacarmaq qabiliyyətini qazanırlar. Təəssüflə qeyd etmək lazımdır ki, müasir dövrdə uşaqlarımız demək olar ki, bu oyunları oynamırlar. Bu oyunların yerini ya televiziya, ya da kompüter oyunları alıb.
Bunun isə uşaqların zehni və fiziki inkişafına mənfi təsirləri olduqca çoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu məsələ diqqətdə saxlanılır, uşaqların zərərli təsirlərdən qorunması üçün müxtəlif proqramlar hazırlanır və həyatakeçirilir.
Bəzən valideynlər uşaqları oyun zallarından uzaq tutmaqla, televizoru müəyyən müddətə qadağan etməklə zərərli vərdişlərdən qorumağa çalışırlar. Xüsusən də yaşından, dünyagörüşündən və marağından asılı olmayaraq özləri seçdiklərikitabları mütaliə etməyə məcbur edirlər. Bu kimi tədbirlər isə uşaqların normal bir fərd kimi böyüməsinə mənfi təsir göstərir, içinəqapanıqlı, dar dünyagörüşlü və hədəfsiz uşaqlar böyüyür.
Belə bir söz var ki, dəcəl uşağın gələcəyi parlaq olar. Əsrlərin sınağından keçib, özünü sübuta yetirən bu söz əslində yuxarıda sadaladığımız problemlərin həllinə böyük köməklik göstərə bilər. Dəcəllik deyəndə qırmağı, dağıtmağı nəzərdə tutmuruq. Bizim toxunmaq istədiyimiz məsələ bu xüsusiyyətin uşaqların xeyrinə necə istifadə eləməyi bilməyimizdir. Və bu məqamda əsas köməyimiz uşaq oyunları olur.
Xalqımızın özünəməxsus mədəniyyəti, milli dəyərləri, milli düşüncəsi, əsrlərin sınağından çıxaraq formalaşmış mentalitetimiz uşaq oyunlarının çoxşaxəli inkişafına zəmin yaradıb. Araşdırma apardıqda aydın olur ki, uşaq oyunlarından gücə dayanan, ağılla qazanılan, cəldlik, çeviklik tələb olunan, yaddaşın, iradənin, hissin, duyğuların möhkəmliyinə, təsəvvüretmə qabiliyyətlərinə, birliyə,
mehribanlığa ehtiva edən oyunlarımız vardır. Diqqət edildikdə aydın olur ki, bu oyunların hamısı yarış xarakteri daşımır. Həmin oyunlar daha çox uşaqların birlikdə vaxt keçirməsi, dünyagörüşünün və təsəvvüretmə qabiliyyətlərinin artırılmasına yönəlir. Misal olaraq “Artırma”, “Gəlin-bacı”, “Qazlar, ördəklər”, “Dəsmalaldı,
qaç”, “Barmaq” və başqa oyunları göstərmək olar. Bu oyunlarda qalib olmur, oyun başladığı minvalla davam edir.
Digər oyunlar isə yarış xarakteri daşıyır. Bu oyunlar uşaqların həm fiziki, həm də zehni inkişafına güclü təsir göstərir. “Gözbağlıca”, “Bənövşə”, “Siçan-pişik”, “Yoldaş, səni kim apardı?”, “Usta-şagird”, “Aşıq oyunu” və s. Bu oyunlarda mübarizə, qalib gəlmək hissiyyatı daha çox olur. Uşaq oyunları, onların xüsusiyyətləri, mahiyyətləri, uşaqların inkişafındakı təsirləri barədə çox geniş danışmaq olar. Amma əsas məsələ bizim, dövlətimizin, millətimizin gələcəyi olan uşaqları düzgün böyütməkdir. Uşaqları oyunlara cəlb etmək onların gələcəyi üçün atdığınız ən mühüm addımlardan biri olacaqdı.
Folklor hər bir xalqın qan yaddaşıdır
Xalqın şifahi yaradıcılığı kimi qəbul olunan folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinə qədər gedib çıxır. Bu mənada Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik bir ölkədir. Ədəbiyyatımızın da qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Mifoloji-bədii dünyagörüşünün izləri folklorda, klassik və müasir ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Folklorumuzda Azərbaycan
mifologiyasının izlərini aşkar etmək olar. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyəcən folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə bağlı mətnlərdə qorunub-saxlanılıb. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bu mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub- saxlanılması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnlər yaratmaq və onları ifa etmək ehtiyacı yaradırdı. Onlardan “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və başqa mərasim nəğmələrini, həmin nəğmələri müşayiət edən rəqsləri göstərmək olar. Azərbaycan folklorunun özəlliklərindən birini də onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Türk xalqlarının şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəldiklərini göstərir. Ortaq türk folkloruna aid dastanlar arasında “Oğuznamə”lər xüsusi silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə prototürklərin mühüm problemləri bütöv şəkildə öz bədii-mifoloji əksini tapıb. Bu dastanların çoxu XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Mahmud Kaşğarinin “Divanu Lüğəti-t-türk” (“Türk dilinin divanı”) əsərində xülasə şəklində təqdim olunub. Həmin dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü hələ də özündə saxlayır.
Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu nəinki bizim, qonşu xalqların da folklor və klassik ədəbiyyatına güclü təsir göstərib.Lirik janrlardan olan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks etdirilib. Qədim türk xalqlarının özünəməxsus poeziyası milli vəzn hesab olunan heca və ya “barmaq” vəznində yaradılıb. Türkdilli poeziyada tarixən cinasa diqqət yetirildiyindən qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının formalarından biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda birinci və ikinci misralar, adətən, əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır. Folklor janrları arxaik və çağdaş janrlar olmaqla, iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer alır. Ancaq bu bölgü şərtidir – belə ki, folklorun yaranma prosesi zaman-zaman davam etdiyindən həmin janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə edilir.
Geniş yayılmış lirik folklor janrlarından biri də xalq mahnılarıdır. Xalq mahnıları musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən, sünbül” və sair xalq mahnıları indi də müğənnilərin repertuarındadır.
Azərbaycan folklorunun janrları arasında nağıllar əfsanə və rəvayətlərdən sonra epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.
AYNUR TURAN
Gundelik.az

