Yeni elmi araşdırmaya görə, əl sıxma gücü və stuldan qalxma performansı insanın uzunmüddətli sağlamlıq vəziyyəti haqqında mühüm məlumat verir. Güclü əzələlər ürək-damar xəstəlikləri, 2-ci tip diabet, depressiya, demensiya və digər problemlərin daha az rast gəlinməsi ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, bu sadə testlər xəstəlik diaqnozu qoymur, lakin orqanizmin dözümlülüyü və əzələ ehtiyatı barədə erkən xəbərdarlıq siqnalıdır.
Araşdırma nəyi göstərib?
British Journal of Sports Medicine jurnalında dərc olunan sistemli icmal və meta-analizdə ümumilikdə 155 kohort tədqiqatı, onlardan isə 94-ü meta-analizə daxil edilib.
Qiymətləndirilən iki əsas göstərici bunlar olub:
Əl sıxma gücü;
Stuldan qalxma testi.
Nəticələr göstərib ki, güclü əzələlər təkcə hərəkət etməyə deyil, həm də sağlam və müstəqil yaşlanmağa kömək edir.
Güclü əl sıxma nəyi göstərir?
Əl sıxma gücü yalnız əlin deyil, sinir sistemi, əzələ kütləsi, qidalanma vəziyyəti, hormonal balans və ümumi fiziki hazırlıq haqqında da məlumat verir.
Araşdırmaya görə, əl sıxma gücü yüksək olan insanlarda aşağıdakılar daha az müşahidə olunub:
Ürək-damar xəstəlikləri riski – 27% daha az;
2-ci tip diabet riski – 21% daha az;
Əzələ-skelet sistemi xəstəlikləri – 35% daha az;
Gündəlik fəaliyyətlərdə asılılıq riski – 43% daha az;
Depressiya riski – 30% daha az;
Anksiyete riski – 21% daha az;
İdrak qabiliyyətinin zəifləməsi – 43% daha az;
Demensiya riski – 38% daha az;
Parkinson xəstəliyi riski – 47% daha az.
Bundan əlavə, əl sıxma gücünün hər 5 kiloqram artması uzunmüddətli sağlamlıq göstəricilərinin daha yaxşı olması ilə əlaqələndirilib.
Stuldan qalxma testi niyə vacibdir?
Bu test zamanı insan əllərindən istifadə etmədən stuldan 5 dəfə qalxıb yenidən oturur və buna sərf olunan vaxt ölçülür.
Yaxşı nəticə göstərən şəxslərdə:
2-ci tip diabet riski 20%;
Əzələ-skelet sistemi problemləri 48%;
Gündəlik həyatda asılılıq riski 42%;
Depressiya riski 37%;
Demensiya riski isə 32% daha aşağı olub.
Bu hərəkət ayaq və omba əzələlərinin gücünü, tarazlığı, sinir sistemi ilə əzələlərin koordinasiyasını, həmçinin ürək və ağciyərlərin fəaliyyətini eyni anda qiymətləndirən sadə funksional test hesab olunur.
Əzələlər yalnız hərəkət üçün deyil
Müasir tədqiqatlar göstərir ki, əzələlər metabolik və hormonal cəhətdən aktiv orqandır.
Fiziki məşq zamanı əzələlərdən ifraz olunan miyokinlər:
insulinə həssaslığı artırmağa,
xroniki iltihabı azaltmağa,
damar sağlamlığını qorumağa,
yağ mübadiləsini tənzimləməyə,
beyin funksiyalarını dəstəkləməyə,
immun sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Əzələ gücünü necə qorumaq olar?
Mütəxəssislər bunun üçün aşağıdakıları tövsiyə edirlər:
Həftədə 2–3 dəfə güc məşqləri etmək;
Kifayət qədər zülal qəbul etmək;
Müntəzəm piyada gəzmək;
Tarazlıq məşqləri yerinə yetirmək;
Keyfiyyətli yuxu almaq;
Vitamin və mineral çatışmazlıqlarını aradan qaldırmaq.
Stuldan nəzarətli şəkildə qalxıb-oturmaq, pilləkən qalxmaq, divara söykənərək təkan hərəkətləri və elastik lentlə məşqlər də əzələlərin güclənməsinə kömək edir.
Evdə özünüzü necə yoxlaya bilərsiniz?
Əl sıxma gücü xüsusi dinamometr ilə daha dəqiq ölçülür. Lakin gündəlik həyatda aşağıdakı dəyişikliklər də diqqət çəkir:
Banka qapağını açmaqda çətinlik;
Market torbalarını daşıyarkən tez yorulmaq;
Şüşə qapağını açmaq üçün iki əldən istifadə etmək;
Əşyaların tez-tez əldən düşməsi.
Stul testi üçün isə sabit bir stul seçin, qollarınızı sinənizdə çarpazlayın və əllərdən istifadə etmədən 5 dəfə qalxıb oturun. Əgər nəticə zaman keçdikcə xeyli pisləşirsə, bunun səbəbini həkimlə araşdırmaq faydalıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

