Sosial mediada yayılan ideal bədən görüntüləri uşaqların və yeniyetmələrin öz görünüşlərinə münasibətinə mənfi təsir göstərir. Mütəxəssislər dismorfofobiyanın artıq uşaqlarda da müşahidə olunduğuna diqqət çəkirlər.
Dismorfofobiya insanın öz görünüşündə real və ya xəyali qüsura həddindən artıq köklənməsi ilə xarakterizə olunur. Bu vəziyyət uşaqlarda özünəinamın azalmasına, sosiallaşmaqda çətinliklərə, depressiya və təşvişə səbəb olur.
Uşaq və yeniyetmə psixiatriya mütəxəssisi Dr. Öndər Küçük bildirib ki, hətta 9 yaşlı uşaqlarda belə bədənindən narazılıq halları ilə tez-tez qarşılaşılır. Uşağın boyu, gözlərinin rəngi və digər fiziki xüsusiyyətləri ilə bağlı həddindən artıq narahat olması onun özünü yetərsiz hiss etməsinə və qəbul edilməyəcəyini düşünməsinə gətirib çıxarır.
Mütəxəssis valideynlərə uşaqların davranışındakı dəyişikliklərə diqqət yetirməyi tövsiyə edir. Geyim seçiminə həddindən artıq vaxt ayırmaq, görünüşlə bağlı davamlı suallar vermək və xüsusilə güzgü qarşısında uzun müddət qalmaq xəbərdarlıq siqnallarıdır.
Valideynlər uşağa yalnız xarici görünüşü ilə deyil, bacarıqları, maraqları, nəzakəti, sosial münasibətləri və digər xüsusiyyətləri ilə də dəyərli olduğunu hiss etdirməlidirlər. Uşaqlara vahid “ideal gözəllik” anlayışının olmadığı və fərqli bədən quruluşlarının da normal və gözəl olduğu izah edilməlidir.
Uşağın görünüşündən narazılığı gündəlik həyatına və sosial münasibətlərinə mane olmağa başlayırsa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

