“European Heart Journal”da dərc olunan genişmiqyaslı araşdırmaya görə, gündə təxminən 90 qram, yəni üç porsiya tam taxıl məhsulu qəbul etmək ürək-damar və metabolik sağlamlığa müsbət təsir göstərir. Gündəlik istehlakın 4–6 porsiyaya çatdırılması isə daha nəzərəçarpan faydalarla əlaqələndirilir.
Araşdırmada gündə 3–6 porsiya tam taxıl qəbul edən insanlarda ümumi xolesterin, “pis” xolesterin (LDL), qan təzyiqi, bədən çəkisi və bel çevrəsi də daxil olmaqla, ürək-damar xəstəlikləri riskini artıran təxminən 12 göstəricidə kiçik, lakin əhəmiyyətli yaxşılaşmalar müşahidə edilib.
Tam taxıl məhsullarını necə seçmək olar?
Mütəxəssislər bildirirlər ki, qidalanmaya sadəcə tam taxıl məhsulları əlavə etmək kifayət deyil. Məsələn, ağ undan hazırlanan məhsullar əvəzinə tam taxıl unundan hazırlanan qidalar seçilə bilər. Lakin ümumi karbohidrat və kalori qəbulunun artmaması üçün qidalanma balanslı şəkildə qurulmalıdır.
Yulaf, qəhvəyi düyü, tam buğda çörəyi, farro, popkorn və kinoa lif və digər faydalı qida maddələri ilə zəngin tam taxıl məhsullarına nümunədir. Ağ düyü və ağ un isə emal zamanı taxılın lif və qida maddələri ilə zəngin olan bəzi hissələrindən məhrum edilir.
Mütəxəssislər “çox taxıllı” və ya “tam taxıldan hazırlanıb” yazılan tünd rəngli çörəklərin hər zaman tam taxıllı olmadığını da vurğulayırlar. Buna görə məhsul alarkən yalnız qablaşdırmanın üzərindəki yazılara deyil, arxa hissədəki tərkib siyahısına da diqqət yetirmək tövsiyə olunur.
İlk sıralarda tam buğda unu, tam taxıl unu və ya başqa bir tam taxılın göstərilməsi məhsulun həqiqətən tam taxıl tərkibli olub-olmadığını müəyyənləşdirməyə kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
