Türkiyədə bu yay hava temperaturunun mövsüm normalarından yüksək olacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, artan istilər xüsusilə ürək, diabet və böyrək xəstələri arasında təcili yardım müraciətlərinin çoxalmasına səbəb ola bilər. Yaşlılar, uşaqlar, hamilələr və xroniki xəstəliyi olan şəxslər isə daha ehtiyatlı davranmalıdırlar.
Cavit Işık Yavuz bildirib ki, dünyanın bir çox bölgəsində ekstremal istilər müşahidə olunur. Avropada isti hava dalğalarına görə müxtəlif tədbirlər görülür, bəzi bölgələrdə isə ən yüksək səviyyəli xəbərdarlıqlar elan edilib.
Professorun sözlərinə görə, yalnız temperaturun deyil, havadakı rütubətin artması da sağlamlıq üçün ciddi risk yaradır. Temperatur və rütubətin birlikdə yüksəlməsi orqanizmin ətraf mühitə uyğunlaşmasını çətinləşdirir və “istilik stresi” adlanan vəziyyətə səbəb olur.
İstilik krampları erkən xəbərdarlıqdır
Yavuz qeyd edib ki, istilik stresi yüngül narahatlıqlardan tutmuş günvurma, hətta koma kimi ağır hallara qədər müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Orqanizm tərləmə yolu ilə bədən temperaturunu tənzimləməyə çalışsa da, bu zaman su və mineral itkisi baş verir.
Onun sözlərinə görə, həddindən artıq istilərin yaratdığı problemlər günəş yanıqları, səpkilər və əl-ayaqlarda şişkinlik kimi yüngül əlamətlərdən başlayaraq həyati təhlükə yaradan günvurmaya qədər uzana bilər. Qol və ayaqlarda yaranan istilik krampları isə bədənin artıq istidən təsirlənməyə başladığını göstərən ilk siqnallardandır.
İsti havalarda gündə 2,5–3 litr su içmək tövsiyə olunur
Mütəxəssis isti hava dalğaları zamanı sağlam yetkin insanların gündə 2,5–3 litr su qəbul etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı hər saat ən azı bir stəkan su içməyi və su qəbulunu gün ərzində bərabər şəkildə bölüşdürməyi tövsiyə edir.
Kofeinli, şəkərli və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki bu içkilər sidik ifrazını artıraraq orqanizmdə əlavə maye itkisinə səbəb olur.
Ürək, diabet və böyrək xəstələri daha çox risk altındadır
Yavuzun sözlərinə görə, isti hava dalğaları zamanı təcili yardım şöbələrinə müraciətlər artır. İstilik kramplarından sonra daha ağır mərhələ olan “istilik yorğunluğu” yarana bilər. Bu vəziyyətdə insan özünü son dərəcə halsız hiss edir və ayağa qalxmaqda çətinlik çəkir.
Xüsusilə ürək, diabet və böyrək xəstəlikləri olan insanlarda vəziyyət daha ağır keçə bilər. Günvurma zamanı bədənin temperaturu tənzimləmə sistemi pozulur və həyati təhlükə yaranır. Şüur itkisi ilə müşayiət olunan bu hallar təcili tibbi müdaxilə tələb edir.
Uşaqları, yaşlıları və ev heyvanlarını avtomobildə qoymayın
Professor bildirib ki, 65 yaşdan yuxarı şəxslərin orqanizminin istiliyə uyğunlaşma qabiliyyəti zəifləyir. Uşaqlarda isə bu mexanizm tam formalaşmadığından onlar da daha həssas qrup hesab olunurlar. Hamilələr, həmçinin böyrək, qaraciyər və ürək xəstəlikləri olan insanlar da yüksək temperaturdan daha tez və daha ciddi şəkildə təsirlənirlər.
Mütəxəssis günəş şüalarının ən güclü olduğu saatlarda çölə çıxmamağı, ev və iş yerlərində temperaturu təxminən 22–23 dərəcə səviyyəsində saxlamağı tövsiyə edib.
O, həmçinin xəbərdarlıq edib ki, hava temperaturu 27 dərəcə olsa belə, avtomobilin salonu qısa müddətdə çox daha yüksək temperaturadək qızır. Buna görə uşaqları, yaşlıları və ev heyvanlarını, hətta kondisioner işləsə belə, avtomobildə tək qoymaq olmaz.
Hansı hallarda təcili yardım çağırılmalıdır?
Aşağıdakı əlamətlər müşahidə olunarsa, vəziyyətə ciddi yanaşmaq lazımdır:
Güclü halsızlıq və yorğunluq
Baş ağrısı
Ürəkbulanma və qusma
Başgicəllənmə
Şüur bulanıqlığı
Qıcolma və ya tutma
Şüur bulanıqlığı, qıcolma hallarında dərhal təcili tibbi yardım çağırmaq tövsiyə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

