Süleyman Sani Axundov Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılması istiqamətində mühüm xidmətləri olan sənətkarlarımızdan biridir. M.F.Axundov ədəbi məktəbinin davamçısı kimi onun əsərlərində müsbət insani keyfiyyətlər, zəngin həyat tərzi və əməlləri ilə bərabər, insanların nadanlığa, riyakarlığa, bir sözlə, mövhumata qarşı etirazı öz əksini tapmışdır. Süleyman Sani Axundov 1875-ci il oktyabr ayının 25-i Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarından atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür.1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləmişdir. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib, ədəbi və pedaqoji fəliyyətinə görə 1932- ci ildə “Əmək qəhrəmanı” adına layiq görülmüşdür. 1921-1930 – cu illər ərzində, keçmiş Sovetlər İttifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuşdur. O, Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması yolunda əlindən gələni əsirgəməyib, şagirdlərinin qəlbinə yol tapan bilən ustad müəllim idi.
1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edən ədib qurultaydan sonra ərəb əlifbasının islahı üçün təkliflər irəli sürərək, pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib etmişdir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri olmuş ədib 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edərək xalqının maariflənməsində təkrarsız işlər görmüşdür. Süleyman Sani Axundov 29 mart 1939-cu ildə 63 yaşında vəfat etmişdir. Hazırda yazıçının yaradıcılığına verilən qiymət kimi Bakı küçələrindən biri onun adını daşıyır. Yaradıcılığında yazdığı ilk əsəri olan “Tamahkar” komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük drammaturq Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri ilə qələmə almışdır. Dramaturqun sənətini sevən yazıçı ədəbiyyatda ondan fərqlənməkdən ötrü ərəbcə ikinci mənasını daşıyan “Sani” sözünü özünə ləqəb götürmüşdür. “Tamahkar” komediyasında o, dövrünün bir sıra mənfiliklərinə, o cümlədən tamahkarlıq, qadın azadlığına qarşı çıxanları tənqid edirdi. Bu əsərində yaratdığı Gülzar, Şərəf xanım, İmran kimi müsbət surətləri ilə gələcək nəsli həqiqətə, fədakarlığa səsləyirdi. Bundan başqa yazıçı 1907-ci ildə yazdığı “Dibdat bəy”, “Türk birliyi” komediyaları, “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” kimi pyeslərinin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bundan əlavə bir nasir kimi 1905-ci ildə yazdığı “Qonaqlıq”, “Kövkəbi-hürriyyət”, “Yuxu” kimi hekayələri də oxucuların sevə – sevə oxuduğu əsərlərdəndir.
Müəllifin “Qorxulu nağılları”
“Qorxulu nağıllar” adını oxuyarkən adətən insanda təəccüb doğursada lakin bu belə deyil. Müəllif bu barədə belə yazırdı: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.“Qaraca qız”əsəri S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsindən olub valideynlərini tirmiş uşaqların acı taleyindən söhbət açır. “Qorxulu nağıllar” dakı hekayələr, həqiqətən qorxulu olsalar da onlar həyat həqiqətlərinin həyatın işıqlı tərəflərini uşaqlara açır. Xeyirxahlıq və ədavətin nə olduğunu onlara göstərir. Bu fikirləri müəllif silsilə haqqında özü demişdir. Hekayədə körpəlikdən ata – anasını itirən xeyirxah cəsarətli Tutunun taleyindənn söhbət açılır. Öz dövrü üçün müasir mövzuda yazılmış bu əsər ilk nömrəsindən oxucuların rəğbətini qazanmış məktəb jurnalında çap olunmuşdur. S.S.Axundovun yaradıcılığının ədəbiyyatımızda seçilməsinin bir səbəbi də əsərlərinin nağıllarımızdan su içməsidir. Bu əsərlərində müəllif hər cür fəlakəti cəmiyyətdən doğan bəla kimi təqdim edir, uşaqları bu bəlalara hazır olmağa, yaşamaq üçün ruhdan düşməməyə çağırıır. “Yaxşılığa yamanlıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir” və “Yaxşılıq et at dəryaya, balıq bilməsə də xalıq bilər” atalar sözləri əsasında yazılan “Nurəddin” hekayəsindən də bu məlum olur. Yazıçı bu əsərdə gənc nəsli oxumağa həvəsləndirməklə, buna maneçilik törədənlərə mənfi münasibət bildirir. Məlumdur ki, yaxşılıq insanda yüksək xüsusiyyətlərdəndir və bu xüsusiyyət özünü başqalarının rifahı üçün edilən yaxşı əməllərdə göstərir. Pislik isə insan üçün xoşagəlməyən bir halıdır. Əsərdə hadisələr xeyirxahlığın qələbəsi ilə başa çatır. Hekayədə təsvir olunan Hacı Nəsir, Rəhim, Rəhimə, Bahar, Nurəddin nəcib, xeyirxah insanlardırlar. Həyat onları çətinə saldıqda, sınağa çəkdikdə belə, onlar öz insani keyfiyyətlərini qoruyub saxlayırlar. Gülpəri və Əmiraslan isə bədxahlığın təcəssümüdürlər. Ömür-gün yoldaşını itirən Hacı Nəsir yeganə övladına ana nəvazişi tapmaq üçün Gülpəri adında qızla yenidən evlənir. Lakin bu dəfə onun bəxti gətirmir. Xasiyyəti çox tünd olan Gülpəri həm də var-dövlət hərisidir. Gülpəri əri Hacı Nəsirin sağlığında balaca Nurəddini tez-tez döyür, incidir, əri öldükdən sonra isə Nurəddini var-dövlətdən məhrum edib, ərinin varidatını
bütünlüklə ələ keçirməyi qarşısına məqsəd qoyur. O hətta, özü kimi mənfi tip olan Əmiraslanla birləşərək Nurəddini öldürməyə belə razılıq verir. Bu iki mənfi tip məkrli plan qururlar. Onların Nurəddini çayda batırmaq istəkləri baş tutmadıqda, uşağı quyuya salıb bu yolla aradan götürməyi qərarlaşdırırlar. Gizləndiyi yerdə bu məkrli razılaşmaya qulaq asan Nurəddinin keçirdiyi hissləri təsəvvürə gətirmək çətin deyil. Lakin Gülpərinin, Əmiraslanın bəd niyyəti əsərin balaca qəhrəmanı Nurəddini nə qədər çətinliyə salsa da, xeyirxah insanlar onu ölümün pəncəsindən qurtarırlar. Valideynlərinin ölümündən sonra Nurəddin həyatda tək qalmır, İmamverdi baba, Bahar, Rəhim və Rəhimə kimi xeyirxah insanlar ona kömək əli uzadır, dayaq durmağa çalışırlar. Beləliklə, yazıçı göstərmək istəyir ki, xeyirxahlıq heç vaxt itmir. Nurəddinin xeyirxah təbiətli atasıda həyatda həmişə başqalarına yaxşılıq etməyi özünə borc sanmışdır. O, imkan daxilində çoxlarına əl tutmuşdur.
Hacı Nəsirin yaxşılıqlarından bəhrələnənlərdən biri də Rəhim olmuşdur. Quldurların soyğunçuluğu ilə üzləşən və ailəsinin dolanışığı üçün yığdığı pulu itirən Rəhimə Hacı Nəsir əl tutur, ona dolanışıq üçün təmənnasız pul verir. Əsərin sonunda atanın etdiyi yaxşılıq köməksiz qalmış oğlu Nurəddinin qarşısına çıxır. Fayton qəzasına düşüb ciddi bədən xəsarəti alan Nurəddinə, Rəhim və onun ömür- gün yoldaşı Rəhimə hər cür qayğı göstərərək onu ölümün pəncəsindən qurtarırlar. Bundan sonra tale Nurəddinin üzünə gülür. O, bu insanların timsalında öz xeyirxah himayədarlarını tapır. Əsər ibrətamiz sonluqla bitir. Həyatda etdiyi pisliklər, bədxahlıqlar, var-dövlət hərisliyi sillə kimi Gülpərinin üzünə çırpılır. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyən Gülpəri axırda köməksiz, ümidsiz, başqalarına möhtac qalır. Küçədə Gülpərini səfil, dilənçi vəziyyətdə görən Nurəddin onun etdiyi pislikləri, zülm və cəfanı yada salmır, əksinə onu evə gətirib təqsirlərini bağışladığını bildirir. Burada Rəhimin dediyi sözlər yada düşür.
– Yaxşılığın əvəzini yaxşılıqla çıxmaq hər kişinin işidir. Yamanlığın əvəzini yaxşılıqla çıxmağı isə ancaq ər kişilər bacarırlar.
Bundan başqa Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Əşrəf ” hekayəsi maarifçi mövzuda olub, uşaqları oxumağa, ağıllı olmağa çağıran, onları şər qüvvələrdən, adətən qədim nağıllardakı canavar, cadugər kimi personajlardan qorumaq üçün çağıran bir hekayədir.
Müəllifin “Qaraca qız” hekayəsi əsasında “Qaraca qız” baletidə yazılmışdır. Balet bəstəkar Əşrəf Abbasovun yaradıcıllığının zirvəsində yazdığı ilk uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatırının səhnəsində tamaşaya qoyulmuş “Qaraca qız” yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli olub. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdur. Bu balet haqqında yazılan fikirlərdən bəlli olur ki, “Qaraca qız” həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan əsər isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazmışdır. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər. Müəllifin yubileyi ilə əlaqədər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oxucularla baletə tamaşa ekskursiya edə bilərik və ya kitabxanada baletə baxış keçirə bilərik. 1875-ci il oktyabr ayının 21-i Şuşada bəy ailəsində doğulmuş S.S. Axundov hələ körpə ikən atasız qalmış, təlim – tərbiyəsi ilə bilavasitə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov məşğul olmuşdur. 1885-ci ildə Qori müəllimlər seminariyasına daxil olmuş yazıçının milli, klassik rus və dünya ədəbiyyatı ilə dərin tanışlığı onun dünyagörüşünə faydalı təsir göstərmişdir. Uşaqların acı taleyindən bəhs edən “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” adlı beş hekayənin daxil edildiyi silsilədə S.S.Axundov yoxsul ailələrdə böyüyən uşaqların acınacaqlı taleyini, onların bu ağır durumuna səbəb olan məqamları açıqlamış və real həyat şəraitini yazıçı qələmi ilə nəsrə çevirmişdir.
Mənbələr təsdiq edir ki, ədəbiyyatda həm soyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün Axundov ərəbcə “ikinci” mənasını daşıyan “Sani” sözünü özünə təxəllüs götürmüşdür. Yazıçının oxucular tərəfindən sevilməsinin bir səbəbi də düzgün mövzu seçimi və insanların ruhunu oxşaya bilməsi olmuşdur. Onun əsərlərinin əksəriyyətində xalq ədəbiyyatı nümunələrinin istifadəsi milli-mənəvi dəyərlərin, xalq hikmətinin qorunub saxlanılmasına xidmət edir. S.S.Axundovun yaradıcılığı bu istiqamətdə böyük zənginliyə malikdir. Süleyman Sani Axundov dramaturgiyaya M.F.Axundovun “Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Tamahkar” komediyası ilə gəlmişdir. 1906-cı ildə “Dibdat bəy” və “Türk birliyi” komediyalarını qələmə alan yazıçı “Qorxulu nağıllar” (1912–1914) silsiləsi ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdir. Onun 1921-ci ildə yazdığı “Laçın yuvası”, “Cərxi-fələk”, “Qaranlıqdan işığa” , “Eşq və intiqam” 1922-ci ildə yazdığı dramları və “Molla Nəsrəddin Bakıda”, 1921-ci ildə “Şahsənəm və Gülpəri” , 1922-ci ildə “Bir eşqin nəticəsi”, 1923-cü ildə “Yeni həyat” komediyaları ədəbiyyat tarixində özünəməxsus yer tutur.
S.S.Axundovun əsərləri ona görə maraqlıdır ki, hər biri real həyat hadisələrinin yazıçı baxışı ilə tərənnümünə əsaslanıb və böyük tərbiyəvi əhəmiyyət kəsb edir, xüsusi maraq doğurur. Yaradıcılığa kiçik həcmli əsərlərlə başlayan Süleyman Sani Axundovun şifahi xalq ədəbiyyatına bağlılığını, dilinin zənginliyi, düzgün mövzu seçimi ilə etmsində görürük. Bu xüsusiyyətlərilə o,oxucunu özünə cəlb etmişdir.
Yazıçı “Eşq və intiqam” pyesində öz həssaslığını narahatlıqla Çingizin dilindən Şəmsi bəyə: “Bu gün siz bir yaxşı insan olduğunuzu mənə sübut etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil”, – kimi ifadə etməsi araşdırmalarda folklora söykənən ifadə olduğu hiss edilir. Araşdırma zamanı məlum olur ki, “Səadət zəhmətdədir” pyesinin özü belə folklor motivləri ilə xeyli zəngindir və əsərin adının da xalq ədəbiyyatına söykəndiyini aydın şəkildə görürük. Əsərdə Şahzamanın Şəmsəddinlə dialoqunda söylədiyi “Şəmsəddin, bilmirsən dünyada ən böyük səadət nədədir? ‒ sualının cavabında ‒ Zəhmətdə, ‒ söyləməsi, “Zəhmət səadətin atasıdır”, “Ən böyük rahatlıq zəhmətdədir”, “Zəhmət çəkməyən bal yeməz” kimi atalar sözlərini yada salır. Süleyman Sani Axundovun sovet dövrü dramaturgiyasında qadın azadlığı məsələsi xüsusi yer tutur. Dramaturq “Şahsənəm və Gülpəri”, ”İki yol”, “Eşq və intiqam” əsərlərini də bu mövzuda yazmışdır. Bu əsərlərdə Şərq qadınının dini görüş və çadradan azadlığa çıxması, onun insani duyğularının qiymətləndirilməsi təsadüfi deyil ki, bu əsərlərdə S.S. Axundovun həm bədii nəsrində, fəaliyyətində hüquqsuz Azərbaycan qadınının həyatı, iztirabları və arzuları canlı göstərilmişdir. Əsərdə cəhalət zənciri altında məhv olan ana-bacıların, əsarətdə boğulan qadınların xilası uğrunda aparalan mübarizədən danışılır.
Nərgiz Məcidova
Metodist
Gundelik.az
