Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ali təhsil müəssisələrində tələbələrin təhlükəsizliyi və intizam məsələlərini yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Gündəlik.az-a danışan təhsil eksperti Anar Kazımov bildirib ki, universitetlərdə hər hansı təhdid və zorakı davranışa yol verilməsi qəbuledilməzdir.
Onun sözlərinə görə, tələbələrin təhlükəsizliyi təmin edilməli, eyni zamanda intizam tədbirləri hadisənin konkret hallarına uyğun müəyyənləşdirilməlidir.
“Universitet mühiti ilk növbədə tələbənin özünü təhlükəsiz hiss etdiyi, təhsil aldığı və inkişaf etdiyi bir mühit olmalıdır. Bu baxımdan tələbələrin hədələnməsi, təhqir edilməsi və ya onlara qarşı fiziki zorakılıqla bağlı ifadələrin səsləndirilməsi ciddi məsələdir və buna laqeyd yanaşmaq olmaz.
Lakin burada əsas məqamlardan biri də intizam tədbirinin müəyyənləşdirilməsidir. Hər bir hadisəyə eyni yanaşmaq düzgün deyil. Hadisənin necə baş verdiyi, təhdidin real olub-olmaması, həmin şəxsin davranışının davamlı xarakter daşıyıb-daşımaması və digər hallar araşdırılmalıdır.
Universitetdən xaricetmə ən ağır intizam tədbirlərindən biridir. Ona görə də belə qərarlar yalnız hadisənin bütün detalları araşdırıldıqdan və digər intizam mexanizmlərinin tətbiqinin mümkün olub-olmadığı qiymətləndirildikdən sonra qəbul edilməlidir. Burada məqsəd sadəcə cəza vermək yox, universitet daxilində təhlükəsizliyi qorumaq və gələcəkdə oxşar halların qarşısını almaqdır”.
Ekspert qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında yekun nəticəyə gəlmək də doğru deyil:
“Videoda müəyyən davranışın görünməsi həmin hadisənin bütün tərəflərinin məlum olduğu anlamına gəlmir. Universitet rəhbərliyi məsələni araşdırarkən həm görüntüləri, həm şahidlərin ifadələrini, həm də hadisənin digər tərəflərini nəzərə almalıdır.
Eyni zamanda, tələbələrin bir-birinə qarşı təzyiq göstərməsi və ya yeni tələbələri hədələməsi kimi halların adiləşməsinə imkan verilməməlidir. Bunun qarşısının alınması üçün universitetlərdə aydın davranış və intizam qaydaları, müraciət mexanizmləri və tələbələrin müdafiəsini təmin edən institusional mexanizmlər işlək vəziyyətdə olmalıdır.
Düşünürəm ki, bu cür hadisələr həm universitet rəhbərliyi, həm də tələbə kollektivləri üçün ciddi siqnaldır. Əsas məsələ belə hallara vaxtında müdaxilə etmək, təhlükəsizliyi təmin etmək və intizam tədbirlərini ədalətli və ölçülü şəkildə tətbiq etməkdir”.
Qeyd edək ki, deputat Ceyhun Məmmədov da məsələ ilə bağlı paylaşımında universitetdən xaricetmənin hər bir halda avtomatik tətbiq olunan tədbir olmamalı olduğunu bildirib. O, intizam qərarlarının hadisənin bütün halları nəzərə alınmaqla, ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməsinin vacibliyini vurğulayıb.
Anar Kazımov da deputatın bu mövqeyi ilə razı olduğunu qeyd edərək bildirib ki, tələbələrin təhlükəsizliyi təmin edilməli, lakin intizam tədbiri seçilərkən hadisənin xarakteri və ağırlıq dərəcəsi mütləq nəzərə alınmalıdır.
Nurəddin Abdullayev
Gündəlik.az

