Bakıda qoyuluş gücü 100 MVt olan günəş elektrik stansiyasının (GES) və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi tikiləcək.
Gundelik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarın mətni Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.
Belə ki, sözügedən tikinti məqsədilə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi bu bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidir.
Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 198,45 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

