Ukrayna Britaniyanın Storm Shadow raketləri ilə Rusiyanın neft emalı zavodunu vurub.
Ukrayna ordusu cümə axşamı Britaniyanın verdiyi Storm Shadow raketlərindən istifadə edərək Rusiyanın neft emalı zavoduna zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sosial şəbəkədə yaydığı məlumata görə, raketlər Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodunu vurub və “çoxsaylı partlayışlar” qeydə alınıb.
Bildirilir ki, bu zavod Rusiyanın cənubunda benzin məhsullarının əsas tədarükçülərindən biridir və “birbaşa Rusiya Federasiyasının silahlı qüvvələrinin təminatında iştirak edir”. Ukrayna daha əvvəl də Storm Shadow raketlərindən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edib.
Zelenski: Trampın elçiləri ilə müharibənin bitirilməsi barədə çox yaxşı danışıqlar apardıq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə müharibənin sona çatdırılması mövzusunda “çox yaxşı” danışıqlar aparıb.
“Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar və yaxşı ideyalar müzakirə olundu,” – Zelenski Telegram kanalında yazıb. Onun sözlərinə görə, müzakirələr real sülhə yaxınlaşmaq üçün yeni yanaşmaları, görüş formatlarını və xüsusilə zaman cədvəlini əhatə edib.
Zelenskinin açıqlaması ABŞ-ın rəhbərlik etdiyi və hazırda Moskva tərəfindən nəzərdən keçirilən sülh planının son versiyasında Ukraynanın müəyyən məhdud güzəştlər əldə etdiyini deməsindən bir gün sonra gəlib.
Rusiyada Putini tənqid edən müharibə tərəfdarı fəal 6 il həbs cəzası alıb.
Rusiyada məhkəmə Vladimir Putini tənqid edən, lakin müharibə məsələsində fəal mövqeyi ilə tanınan siyasətçi Sergey Udaltsovu terrorçuluğa bəraət qazandırmaqda təqsirli bilib və onu 6 il azadlıqdan məhrum edib.
“Sol Cəbhə” hərəkatının lideri olan və Kommunist Partiyası ilə əlaqəli Udaltsov ötən il həbs edilmişdi. Mediazona nəşrinin məlumatına görə, ona qarşı ittihamlar internetdə terror təşkilatı yaratmaqda günahlandırılan başqa rus fəallarına dəstək verən yazısı ilə bağlıdır.
Həmin fəallar bu ayın əvvəlində 16 ildən 22 ilə qədər həbs cəzası alıblar. Udaltsov ittihamları saxta adlandırıb və hökmü “utancverici” kimi qiymətləndirərək aclıq aksiyasına başladığını bildirib.
Kreml Fransa ilə rus həbsxanasındakı fransız alimin taleyi üzrə danışıqlar apardığını deyir.
Kreml Rusiyada üç illik həbs cəzası çəkən və casusluqda ittiham edilə bilən fransız politoloq Loran Vinatye ilə bağlı Fransa hakimiyyəti ilə əlaqədə olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Fransa tərəfinə müəyyən təklif verib və “indi top Fransanın meydançasındadır”. O, təklifin detalları barədə məlumat verməyib.
Fransa Prezidenti Emmanuel Makronun Vinatye ilə bağlı vəziyyəti yaxından izlədiyi, Fransa Xarici İşlər Nazirliyinin isə onun azadlığa buraxılması üçün bütün dövlət qurumlarının səfərbər edildiyini açıqladığı bildirilir.
Mariupol Dram Teatrı yenidən açılır – keçmiş aktyorlar bunu “sümüklər üzərində rəqs” adlandırır.
2022-ci ildə Rusiya hava zərbəsi nəticəsində dağıdılan və zirzəmisində yüzlərlə mülkinin sığındığı Mariupol Dram Teatrı yenidən açılmağa hazırlaşır.
Rusiya işğal administrasiyası bərpanı “dirçəlişin simvolu” kimi təqdim etsə də, teatrın keçmiş aktyorları bunu “sümüklər üzərində rəqs” adlandırıblar.
Kreml Mariupolun yenidən qurulmasını işğal altındakı Ukrayna ərazilərində idarəçiliyinin vitrin nümunəsi kimi göstərir. Lakin bu proses tənqidçilərin həbsi və ya sürgünü, eləcə də minlərlə ukraynalının qanuni mənzillərindən məhrum edilməsi ilə müşayiət olunur.
Teatrın ayın sonunadək, son iki ildə demək olar ki, sıfırdan bərpa edildikdən sonra rus xalq nağılı “Qırmızı Çiçək” tamaşası ilə açılması planlaşdırılır.
Mənbə: The Guardian
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
