Yer orbitindəki “Tiangong” kosmik stansiyasında olan üç çinli astronavt – Zhang Lu, Wu Fei və Zhang Hongzhang – geri dönüş kapsulunun zədələnməsi səbəbindən hələ də Yerə qayıda bilmirlər. Shenzhou-21 missiyasının üzvləri keçən cümə günündən bəri stansiyada qalmağa məcbur olublar.
Gundelik.az xəbər verir ki, hadisə noyabrın əvvəlində kapsulun kosmik tullantı ilə toqquşmasından sonra baş verib. Çin İnsanlı Kosmik Uçuşları Agentliyi (CMSA) zədələnməyə “çox kiçik bir kosmik dağıntı parçasının” səbəb olduğunu bildirib. Toqquşma nəticəsində eniş aparatının baxış pəncərəsində çat əmələ gəlib.
Əvəzedici kapsul noyabrın 25-də göndərilə bilər
CMSA hazırda astronavtları təhlükəsiz şəkildə geri gətirəcək əvəzedici kapsulun hazırlanması üzərində çalışır. Rəsmi geri dönüş tarixi açıqlanmasa da, uçuş cədvəlləri 25 noyabrda yeni kapsulun buraxıla biləcəyini göstərir. Buna qədər astronavtlar stansiyada qalmalı olacaqlar.

Mütəxəssislər gözləmə müddətinin müəyyən risklər yarada biləcəyini qeyd edirlər. Əvvəlki missiyanın üç astronavtı artıq sağlam şəkildə Yerə qayıdıb. Bununla belə, əvəzedici kapsul gələnə qədər bütün heyətin stansiyada niyə saxlanılmadığı açıqlanmayıb. Mütəxəssislər ehtimal edir ki, əvvəlki heyətin gecikmiş qayıdışı stansiyanın resurslarını tükəndirə bilərdi.
Bu, ilk deyil
Son iki ildə astronavtların kosmosda planlaşdırılandan uzun müddət qalması ikinci dəfədir baş verir. NASA astronavtları Butch Wilmore və Suni Williams texniki nasazlıqlar səbəbindən səkkiz günlük missiyalarının doqquz aya uzanması nəticəsində yalnız mart ayında Yerə qayıda bilmişdilər.
RAND Korporasiyasının mühəndisi Yan Osburq hadisəni “ciddi xəbərdarlıq” kimi qiymətləndirib: “Vəziyyət ağırdır. Ümid edirik ki, astronavtlar mümkün qədər tez və sağlam şəkildə geri dönəcəklər”.
Kosmik tullantılar təhlükəni artırır
Yer orbitində kosmik tullantıların sürətlə artması toqquşma riskini ciddi şəkildə yüksəldir. 2021-ci ildə kosmik dağıntılar Beynəlxalq Kosmik Stansiyanın robot qolunu zədələmişdi. Son illər BKS dəfələrlə keçmiş raket və peyklərdən qalan tullantılardan yan keçmək üçün manevr etmək məcburiyyətində qalıb.
Zərərin tam miqyası hələ də dəqiq bilinmir, lakin bütün dünya üç astronavtın tezliklə sağlam şəkildə Yerə qayıtmasını gözləyir.
Gundelik.az
