Türkiyənin Hatay bölgəsinin Hassa rayonunda dünən axşam saatlarında meşəlik ərazidə başlayan yanğın ikinci gün də davam edir.
Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovların söndürülməsi üçün havadan və qurudan intensiv işlər aparılır.
Məlumata görə, yanğın Bademli və Yukarıbucak məhəllələri arasındakı meşə sahəsində başlayıb. Sərt relyef və çətin yol şəraiti səbəbindən əraziyə giriş məhdud olduğundan, tikinti texnikasının köməyi ilə yolların açılması təmin edilib.
Hadisə yerinə ətraf əyalətlərdən də əlavə yanğınsöndürmə qüvvələri cəlb olunub. Səhər saatlarından etibarən qurudan aparılan işlərə beş helikopter, gün işığı ilə isə yanğınsöndürmə təyyarələri də qoşulub.
Küləyin təsiri ilə sürətlə yayılan yanğın səbəbindən Yukarıbucak və Bademli məhəllələrində yaşayan 540 nəfər təhlükəsizlik məqsədilə evlərindən təxliyə edilib.
Yanğın gecə ərzində 173 texnika və 470 nəfərlik canlı qüvvənin iştirakı ilə söndürülməyə çalışılıb. Hazırda ekipajlar alovları nəzarət altına almaq üçün əməliyyatları davam etdirir.
Gundelik.az
