Türkiyə Somalidə konstitusiya və seçki sistemi ilə bağlı məsələlərin müzakirə olunduğu dövrdə hökumət və müxalifət arasında dialoq prosesinin başlanması və davam etdirilməsi istiqamətində fəal rol oynayır. Bu çərçivədə Türkiyənin Milli İstihbarat Teşkilatı (MİT) intensiv təmaslar aparıb.
Somalidə konstitusiya və seçki sistemində dəyişiklik təşəbbüsləri ilə bağlı hökumət və müxalifət arasında bir müddətdir davam edən fikir ayrılıqlarından sonra MİT-in təşəbbüsü ilə tərəflər arasında dünən paytaxt Moqadişu şəhərində danışıqlar başlayıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında MİT-in uzun müddətdir tərəflərlə apardığı təşəbbüslər müsbət nəticə verib.
Somali Federal Hökuməti ilə müxalifət nümayəndələri danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Proses Türkiyənin Xarici İşlər Nazirliyi ilə sıx koordinasiya şəraitində aparılır.
Təhlükəsizlik mənbələri bildiriblər ki, MİT uzun müddətdir Somalidə siyasi tərəflər arasında etimadın möhkəmləndirilməsi, problemlərin dialoq yolu ilə konstruktiv müstəvidə müzakirə edilərək həll olunması istiqamətində fəaliyyət göstərir.
Türkiyə proses boyu tərəflərə Somalidə davamlı sülh və sabitliyin yalnız dialoq, qarşılıqlı anlaşma və inklüziv siyasi proses vasitəsilə mümkün ola biləcəyi mesajını çatdırıb. Həmçinin vurğulanıb ki, ölkənin gələcəyi yalnız Somali xalqının iradəsi ilə qurula bilər.
Mənbələr qeyd ediblər ki, Somalinin həqiqi dostu və strateji tərəfdaşı olan Türkiyə bundan sonra da ölkədə sülhün, sabitliyin və inkişafın dəstəklənməsinə töhfə verməyə davam edəcək.
Somali hökuməti və müxalifətindən Türkiyəyə təşəkkür
Somali hökumətinin yaydığı bəyanatda vasitəçilik roluna görə Türkiyəyə təşəkkür ifadə olunub.
Bildirilib ki, hökumət və müxalifət nümayəndələri Moqadişuda dostluq şəraitində keçirilən görüşdə bir araya gəliblər.
Bəyanatda deyilir:
“Bu görüş tərəflərə öz baxışlarını açıq, səmimi və konstruktiv mühitdə qarşılıqlı şəkildə bölüşmək imkanı yaradıb. Tərəflər dialoq prosesi boyunca göstərdiyi fədakar vasitəçilik roluna görə Türkiyə Respublikasına minnətdarlıqlarını bildiriblər.”
Müxalifətin bir hissəsini təmsil edən keçmiş prezident Məhəmməd Abdullah Farmaaco da yazılı açıqlamasında bildirib ki, tərəflər Moqadişuda keçirilən görüşlərdə Somalidə siyasi sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması üçün inklüziv dialoq prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

