İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyə PUA ixrac bazarının 65 faizinə sahibdir

Türk Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) İdarə Heyətinin və Qəyyumlar Şurasının sədri, Baykar şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda keçirilən “TEKNOFEST Mavi Vətən” tədbirində mühüm açıqlamalar verib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Bayraktarın sözlərinə görə,Türkiyə pilotsuz uçuş aparatları (PUA) ixrac bazarında lider mövqedədir:

“Ölkəmiz PUA ixrac bazarının 65 faizinə sahibdir. Baykar isə təkbaşına bu bazarın 60 faizini təşkil edir və gəlirin 90 faizini ixracdan əldə edir. İndiyədək 37 ölkəyə PUA ixrac etmişik”.

Onun sözlərinə görə, Bayraktar TB3 dünyanın qısa uçuş zolaqlı gəmilərə enib-qalxa bilən ilk silahlı PUA-sıdır və artıq 170 dəfə uğurlu uçuş sınaqlarından keçib. Bayraktar həmçinin qeyd edib ki, Türkiyə istehsalı PUA-lar texnologiya və sursat imkanlarına görə dünya bazarında ən sərfəli və güclü məhsullar sırasındadır.

O, yeni yaradılan NSosyal platformasının Türkiyənin milli sosial media layihəsi olacağını da açıqlayıb: “TEKNOFEST nəsli bütün sahələrdə texnologiyanın hökmranlığını qıracaq və dost-qardaş ölkələrlə birlikdə müstəqillik və firavanlıq yolunda yeni dünya quracaq”.

Bayraktar əlavə edib ki, “TEKNOFEST Mavi Vətən” tədbiri çərçivəsində TCG “Anadolu” və tarixi “Savarona” gəmisi ictimaiyyətə açılacaq. Festivalın əsas mərhələsi isə 17-21 sentyabr tarixlərində İstanbulda keçiriləcək.

Gundelik.az