Rəqəmsal iqtisadiyyatın və süni intellektin əsas dayaqlarından biri olan məlumat mərkəzləri (data mərkəzləri) sahəsində dünyada güclü rəqabət gedərkən, Türkiyə də güclü enerji infrastrukturu və iri investisiya layihələri hesabına bu sahədə strateji regional mərkəzə çevrilməyi qarşısına məqsəd qoyub.
Məlumat mərkəzləri kompüterlər, serverlər, məlumat saxlama sistemləri və şəbəkə avadanlıqlarını bir araya gətirən kompleks texnoloji obyektlərdir. Bu mərkəzlərdə avadanlıqla yanaşı, enerji paylanması, yüksək istiliyi tənzimləyən soyutma sistemləri, kibertəhlükəsizlik tədbirləri və yanğından mühafizə infrastrukturu xüsusi əhəmiyyət daşıyır.
İstifadə məqsədinə görə məlumat mərkəzləri ənənəvi, korporativ, kolokasiya (ortaq yerləşdirmə), bulud, hibrid, hiperölçəkli və kənar (edge) məlumat mərkəzləri kimi təsnif edilir.
Süni intellekt modellərinin hazırlanması isə çox böyük hesablama gücü və enerji tələb edir. Bu səbəbdən ənənəvi kondisioner sistemləri əvəzinə maye ilə soyutma texnologiyalarından daha geniş istifadə olunur.
Türkiyə üçün strateji imkan
Mütəxəssislərin fikrincə, Türkiyənin süni intellekt və məlumat mərkəzləri sahəsində qlobal dəyişikliklərdən daha çox pay ala bilməsi üçün güclü enerji infrastrukturu, yüksək ötürücülük qabiliyyətinə malik elektrik şəbəkəsi və investisiya yönümlü qanunvericilik mühüm rol oynayır.
Məlumat mərkəzlərinin enerji, sənaye və rəqəmsal transformasiya siyasətlərinin kəsişmə nöqtəsində yerləşdirilməsi Türkiyənin bu sahədə regional mərkəzə çevrilməsinə imkan yarada bilər. Buna görə də məlumat mərkəzi investisiyaları ölkə üçün strateji fürsət hesab olunur.
Bu çərçivədə tədqiqatçıların, sahibkarların və dövlət qurumlarının məlumatlardan daha rahat istifadə etməsi və onları iqtisadi dəyərə çevirməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib. Səhiyyə, kənd təsərrüfatı, müdafiə sənayesi və elektron ticarət başda olmaqla ən azı 2 min dövlət məlumat bazasının Milli Məlumat Kitabxanası vasitəsilə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
Süni intellekt layihələrinə ən azı 2 faiz vəsait ayrılacaq
Türkiyənin məlumat mərkəzləri sahəsində regional gücə çevrilməsi və rəqəmsal iqtisadiyyatın əsas oyunçularından biri olması üçün dövlət və özəl sektor əməkdaşlığı genişləndirilir.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Süni İntellekt Sammitində çıxışı zamanı bildirib ki, 2030-cu ilə qədər ölkədə məlumat mərkəzlərinin ümumi quraşdırılmış gücü ən azı 1 giqavata çatdırılacaq. O, həmçinin elektron dövlət xidmətlərinin süni intellekt dəstəyi ilə vətəndaşlar üçün daha funksional hala gətiriləcəyini vurğulayıb.
Bu məqsədlə dövlət investisiya proqramlarında süni intellekt layihələrinə minimum 2 faiz pay ayrılacaq. Dövlət yerli və uğurlu süni intellekt həllərinin ilk müştərisi və əsas dəstəkçisi olacaq.
10 milyard dollarlıq investisiya planı
Mehmet Fatih Kacır bildirib ki, məlumat mərkəzləri və süni intellekt sahəsində təxminən 3 milyard dollar dövlət vəsaiti ayrılacaq və bunun hesabına 10 milyard dollarlıq özəl sektor investisiyası cəlb ediləcək.
Xarici investorlar üçün “vahid pəncərə” sistemi tətbiq olunacaq və investisiya prosesləri maksimum 30 iş günü ərzində koordinasiya ediləcək.
İstanbul süni intellekt investisiyalarının mərkəzi olacaq
İstanbul şəhərinin Türkiyənin beynəlxalq investisiya və texnologiya diplomatiyasının əsas mərkəzi kimi inkişaf etdirilməsi planlaşdırılır. Terminal İstanbul layihəsi isə sahibkarlarla investorların görüş platformasına çevriləcək.
Türkiyə həmçinin OECD, G20 və BMT platformalarında insan mərkəzli süni intellekt standartlarının formalaşdırılmasında fəal iştirak etməyi qarşısına məqsəd qoyub.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə birlikdə oğuz, qıpçaq və karluk dil qruplarını əhatə edən ortaq türk dilləri üzrə böyük dil modelinin hazırlanmasına başlanılıb.
GSM operatorları ön plandadır
Turkcell ilə Google Cloud arasında Ankara şəhərində həyata keçiriləcək məlumat mərkəzi layihəsi sektorun ən böyük investisiyalarından biri hesab olunur. Ümumi dəyəri 3 milyard dollar olan layihədə 1 milyard dolları Turkcell, 2 milyard dolları isə Google Cloud maliyyələşdirəcək. Mərkəzin 2028-ci ildə tam gücü ilə fəaliyyətə başlaması gözlənilir.
Türk Telekom məlumat mərkəzlərində enerji sərfiyyatını azaltmaq üçün sınaqdan keçirdiyi maye daldırmalı soyutma sistemlərinin uğurlu nəticələr verdiyini açıqlayıb.
Vodafone Türkiyə isə DAMAC Digital ilə əməkdaşlıq çərçivəsində İzmirdə 150 milyon dollarlıq yeni məlumat mərkəzi quracağını, həmçinin Ankaradakı mərkəzlərinin tutumunu 18 milyon avroluq investisiya ilə artıracağını bildirib.
Türkiyədə 81 məlumat mərkəzi fəaliyyət göstərir
Hazırda Türkiyədə 81 məlumat mərkəzi mövcuddur. Onların:
33-ü İstanbulda,
13-ü Ankarada,
10-u İzmirdə,
8-i Bursada,
4-ü Kocaelidə,
3-ü Denizlidə,
2-si Qaziantepdə fəaliyyət göstərir.
Bundan başqa Tekirdağ, Trabzon, Isparta, Antalya, Adana, Kayseri, Konya və Samsunda da hərəsində bir məlumat mərkəzi fəaliyyət göstərir.
Kapadokiyada qaya içində məlumat mərkəzi
Kapadokya bölgəsində qaya içərisində yerləşən təbii soyuq anbarların məlumat mərkəzlərinə çevrilməsi planlaşdırılır. Layihə enerji səmərəliliyi və təhlükəsizlik baxımından üstünlüklərə malik hesab olunur.
Hesablamalara görə, Nevşehirdə qurulacaq məlumat mərkəzinin investisiya və istismar xərcləri İstanbul və Ankara ilə müqayisədə təxminən 45 faiz daha aşağı olacaq.
ABŞ lider mövqedədir
Məlumat mərkəzlərinin sayına görə dünya lideri Amerika Birləşmiş Ştatları olaraq qalır. Ölkədə 2025-ci ilin sonuna olan məlumata görə 5 427 məlumat mərkəzi fəaliyyət göstərir. Sonrakı yerlərdə isə Almaniya (529 mərkəz) və Birləşmiş Krallıq (523 mərkəz) qərarlaşıb.
Beynəlxalq proqnozlara əsasən, 2024-cü ildə 416 milyard dollar olan qlobal məlumat mərkəzi bazarının həcmi 2030-cu ilə qədər 620 milyard dollara çatacaq. Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə birlikdə məlumat mərkəzlərinin enerji istehlakının da əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

