İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tunis Fransaya etiraz notası göndərib

Tunis hökuməti Fransanın cənubundakı Marsel şəhərində tunisli vətəndaşın polis tərəfindən öldürülməsindən sonra Paris administrasiyasına rəsmi etiraz notası təqdim edib.

Gundelik.az xəbər verir ki, Tunis Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 2-də Marseldə Tunis vətəndaşı Abdelkader Dhibi polis tərəfindən güllələnib. Bu səbəbdən Fransanın Tunisdəki səfirliyinin müvəqqəti işlər vəkili prezident Kays Səidin tapşırığı ilə XİN-ə çağırılıb və ona sərt etiraz bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Fransa nümayəndəsinə bu hadisənin “ədalətsiz” olduğu bildirilib və Tunis tərəfi istintaqın tez və qətiyyətlə aparılacağına ümid etdiyini rəsmi Parisə çatdırmasını tələb edib.

Hadisənin təfərrüatları barədə Fransa rəsmiləri hələ açıqlama verməsə də, yerli mətbuat yazır ki, Dhibi sentyabrın 2-də Marselin mərkəzində 5 nəfəri bıçaqladıqdan sonra polis tərəfindən güllələnib. Mənbələrin məlumatına görə, hadisədən əvvəl onun bazarda bir neçə nəfərlə mübahisə etdiyi, daha sonra isə köhnə liman bölgəsində gənclər tərəfindən təqib edildiyi bildirilir.

Fransa Baş Prokurorluğu faktla bağlı “qəsdən adam öldürməyə cəhd” və “polis əməkdaşını qəsdən öldürməyə cəhd” maddələri üzrə istintaq başladığını açıqlayıb. Polisin müdaxiləsi ilə bağlı işin Təhlükəsizlik Baş İdarəsinə göndərildiyi bildirilib.

Gundelik.az