Atəşkəs xəbəri İsrailin şimal bölgələrinə yayılan kimi, bu axşam Livandan atılan raketlər barədə xəbərdarlıq edən siqnallar üç dəfə səsləndi. Şimaldakı Nahariya şəhərinin səmasında İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirmək üçün havaya qalxdı və güclü partlayış səsləri eşidildi. Təcili yardım xidmətləri bildirdi ki, atəşkəs qüvvəyə minməzdən əvvəlki saatlarda qəlpə yaralanmaları nəticəsində ən azı üç nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Yerdə – və ümumilikdə ölkə üzrə – İsrail rəhbərinin niyə bu atəşkəsə razılaşdığı ilə bağlı şübhələr var.
Nahariyada yaşayan tələbə Qal deyib: “Məncə, hökumət bizə yalan danışdı. Bu dəfə hər şeyin fərqli bitəcəyini vəd etmişdilər, amma yenə də heç nəyi həll etməyən bir atəşkəsə doğru gedirik.”
32 yaşlı yük maşını sürücüsü Maor isə belə deyib: “Livan hökumətinə şans verdik, amma razılaşmaya əməl etmədilər; Hizbullahı silahsızlaşdırmadılar. Əgər biz bunu etməsək, heç kim etməyəcək. Dayandırmaları ayıbdır. Bu dəfə ciddi nailiyyətlər əldə olunurdu.”
İsrailin Cənubi Livanda beş ordu diviziyası var və hələ dünən ordunun sözçüsü onların irəliləməyə davam edəcəyini demişdi.
Bu atəşkəs elanının İsraili – hətta hökumətin təhlükəsizlik kabinetini belə – təəccübləndirdiyi bildirilir. Nüfuzlu İsrail xəbər mənbələrindən biri yazıb ki, baş nazir Benyamin Netanyahu atəşkəs elanından az əvvəl təhlükəsizlik kabinetini cəmi beş dəqiqəlik xəbərdarlıqla toplantıya çağırıb.
Sızan məlumatlara görə, nazirlərə atəşkəslə bağlı səsvermə imkanı verilməyib.
Bir çoxları bunu Netanyahunun ABŞ prezidenti Donald Trampın döyüşləri dayandırmaq çağırışlarına boyun əyməsinin növbəti nümunəsi hesab edir – hətta şərtlər və zamanlama İsrailin istədiyi kimi olmasa belə.
Keçmiş Baş Qərargah rəisi və Yashar partiyasının lideri Qadi Ayzenkot deyib: “Atəşkəs İsrailin milli maraqlarına xidmət etməsi üçün güclü mövqedən əldə olunmalıdır. Bir tendensiya yaranıb – atəşkəslər bizə məcbur edilir: Qəzzada, İranda və indi də Livanda. Netanyahu hərbi nailiyyətləri diplomatik qazanca çevirə bilmir.”
Netanyahu isə atəşkəsi “Livanla tarixi sülh sazişi üçün fürsət” kimi təqdim etsə də, yerində ciddi güzəştlər etmədiyini vurğulayıb.
O bildirib ki, Hizbullah iki şərt irəli sürüb: İsrail qoşunlarının Livandan çıxması və “sakitliyə qarşı sakitlik” prinsipi.
“Bu şərtlərin heç biri ilə razılaşmadım,” deyə o bildirib. “Bu iki şərt yerinə yetirilmir. Biz Livanda genişləndirilmiş təhlükəsizlik zonasında qalırıq […] Oradayıq və getmirik.”
İran isə daha əvvəl ABŞ ilə iki həftəlik atəşkəsə razılaşdıqdan sonra İsrailin Livanda Hizbullaha qarşı əməliyyatlarını dayandırmasını tələb edirdi.
Əvvəlcə Livandakı müharibəni “ayrı toqquşma” adlandıran Tramp, bu həftə İsrail və Livan arasında “bir az nəfəs alma imkanı yaratmağa” çalışdığını deyib. Bu, ABŞ-ın İranla danışıqları çətinləşdiyi və atəşkəs müddətinin bitməsinə az qaldığı bir vaxta təsadüf edir.
Netanyahu və İsrail hərbi rəhbərliyi son günlərdə dəfələrlə vurğulayıblar ki, Trampın İranla razılaşdığı atəşkəs Livanda atəşkəs demək deyil. Keçən həftə aparılan sorğu göstərib ki, israillilərin təxminən 80%-i Hizbullaha qarşı zərbələrin davam etdirilməsini dəstəkləyir.
Digər sorğular da israillilərin əksəriyyətinin İranla bağlanan iki həftəlik atəşkəsə qarşı olduğunu göstərib.
Mateh Aşer Regional Şurasının rəhbəri Moşe Davidoviç İsrail mediasına deyib: “Vaşinqtonda kostyumla imzalanan razılaşmaların qiyməti şimalda qan və dağıdılmış evlərlə ödənilir. Şimal sakinləri beynəlxalq PR şousunda əlavə rol oynayanlar deyil.”
İsrailin Livanda razılaşdığı bu atəşkəsdə açıq şəkildə qeyd olunur ki, İsrail “planlaşdırılan, yaxınlaşan və ya davam edən hücumlara qarşı istənilən vaxt özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu saxlayır”. Bu, 2024-cü ilin noyabrında əldə olunan əvvəlki atəşkəsə bənzəyir; o zaman da İsrail təhlükə hesab etdiyi hədəflərə zərbələri davam etdirmişdi.
Az sayda israilli bu atəşkəsi Hizbullahla münaqişənin sonu kimi görür. Amma çoxları bunu liderlərinin yenə də Vaşinqtonun təzyiqi altında olduğunu və əsas müttəfiq ABŞ-ın müharibə məqsədlərinin həmişə İsrailin məqsədləri ilə üst-üstə düşmədiyini göstərən bir sübut kimi qiymətləndirir.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

