ABŞ Prezidenti Donald Trump bu həftə Çinə səfəri zamanı özü ilə ABŞ-ın ən böyük biznes və texnologiya şirkətlərinin rəhbərlərini aparır.
Pekinə rəsmi səfərə qatılanlar arasında Tim Cook, Elon Musk, Larry Fink, həmçinin Apple, Tesla, SpaceX, BlackRock, Meta, Visa, JPMorgan Chase, Boeing və Cargill şirkətlərinin rəhbərləri də var.
Ağ Evdəki mənbənin BBC-yə verdiyi məlumata görə, ümumilikdə 17 amerikalı rəhbər Trampın Çin səfərinə qoşulacaq.
Bu səfər ABŞ üçün mühüm hesab olunur. Çünki Tramp, ABŞ və Çin arasında iqtisadi və texnoloji qarşıdurmanın artdığı bir dövrdə Çin Prezidenti Xi Jinping ilə görüşəcək.
Rəsmi nümayəndə heyətinə daxil olan digər rəhbərlər bunlardır:
Dina Powell McCormick
Kelly Ortberg
Ryan McInerney
Stephen Schwarzman
Brian Sikes
Jane Fraser
Jim Anderson
Henry Lawrence Culp
David Solomon
Jacob Thaysen
Michael Miebach
Siyahıda diqqət çəkən çatışmazlıq isə Jensen Huang olub. Onun rəhbərlik etdiyi Nvidia şirkəti ABŞ-Çin çip və süni intellekt rəqabətinin mərkəzində dayanır.
Lakin sonradan sürpriz hadisə baş verib — Huang Alyaskanın Ankoric şəhərində yanacaq dolduran Pekin istiqamətli “Air Force One” təyyarəsinə minərkən görüntülənib.
Nvidia sözçüsü BBC-yə bildirib:
“Jensen, Amerikanı və administrasiyanın məqsədlərini dəstəkləmək üçün Prezident Trampın dəvəti ilə sammitdə iştirak edir.”
Həmçinin Sanjay Mehrotra da nümayəndə heyətində yer alacaq. Bu maraqlıdır, çünki Çin 2023-cü ildə milli təhlükəsizlik səbəbilə bəzi Micron Technology çiplərinin kritik infrastrukturlarda istifadəsini məhdudlaşdırmışdı. Şirkət isə bunun Çindəki biznesinə mənfi təsir etdiyini bildirmişdi.
Yarımkeçiricilər və çiplər ABŞ-Çin iqtisadi münasibətlərində əsas mövzulardan biri olaraq qalır. Texnologiya və ixrac məhdudiyyətləri ilə bağlı gərginlik davam etsə də, bu sahə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
Chuck Robbins da səfərə dəvət olunsa da, şirkət nümayəndəsinin sözlərinə görə, maliyyə hesabatları səbəbindən qatıla bilməyəcək.
Bu rəhbərlər sosial media, istehlak texnologiyaları, yarımkeçiricilər və sənaye istehsalı daxil olmaqla ABŞ biznesinin geniş spektrini təmsil edir.
Kaliforniyada yerləşən biotexnologiya şirkəti Illumina bildirib ki, Jacob Thaysen nümayəndə heyətində olmaqdan qürur duyur və şirkət bu səfərin “əlaqələri gücləndirmək və dəqiq tibbin gələcəyini formalaşdırmaq üçün fürsət” olacağına inanır.
Trampın Çinə səfəri son on ildə ABŞ prezidentinin ilk Çin səfəri olacaq. Bu görüş həm də qarşılıqlı tariflərin bəzi dövrlərdə 100%-i keçdiyi ticarət müharibəsindən sonra əldə edilən kövrək ticarət razılaşması üçün mühüm sınaq sayılır.
Tariflər Tramp və Si Cinpin arasında 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən son görüşdən sonra dayandırılmışdı.
Gözlənilən görüşdə əsas mövzulardan biri də ABŞ və İsrailin İranla müharibəsi olacaq. Bu münaqişə artıq Tramp və Si görüşünün gecikməsinə səbəb olmuşdu.
Trampın, ucuz neft üçün İrandan asılı olan Çindən Tehran və Vaşinqton arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasına kömək etməsini istəməsi gözlənilir.
Çin də münaqişənin bitməsində maraqlıdır. Müharibə səbəbindən neft tədarükünün azalması Çin mallarını idxal edən ölkələrin alıcılıq qabiliyyətinə təsir edib.
Buna baxmayaraq, Çinin böyük neft ehtiyatları və enerji mənbələrinin müxtəlifliyi ölkəyə müharibənin iqtisadi təsirlərinə bir çox qonşu ölkədən daha yaxşı tab gətirməyə imkan verib.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

