Gundelik.az Dünya Tramp Hörmüz boğazı 48 saat ərzində açılmasa, İranın elektrik stansiyalarına zərbə endirməklə hədələyir
Dünya Xəbərlər

Tramp Hörmüz boğazı 48 saat ərzində açılmasa, İranın elektrik stansiyalarına zərbə endirməklə hədələyir

İran bazar günü ABŞ prezidenti Donald Trampın xəbərdarlığından bir gün sonra öz növbəsində hədələr səsləndirib. Tramp demişdi ki, əgər Tehran 48 saat ərzində Hörmüz boğazını tam açmasa, ABŞ İranın elektrik stansiyalarını “məhv edəcək”.

İran raketləri İsrailin əsas nüvə tədqiqat mərkəzinə yaxın iki şəhərə düşüb, onlarla insan yaralanıb və yaşayış binaları dağılıb.

Bu hadisələr Yaxın Şərqdə artıq dördüncü həftəsinə daxil olan müharibənin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Bazar günü İran yeni raket hücumları həyata keçirərkən İsraildə həyəcan siqnalları səslənib. Ölkənin cənubunda Dimona və Arad şəhərlərində böyük dağıntılar qeydə alınıb. Şimalda isə Livanın “Hizbullah” qruplaşmasının hücumu nəticəsində bir nəfər ölüb.

İsrailin baş naziri Benjamin Netanyahu Arad şəhərinə səfər edərək bildirib ki, partlayış nəticəsində heç kimin ölməməsi “möcüzədir”. O əlavə edib ki, əgər bütün sakinlər sığınacaqlara getsəydi, heç kim xəsarət almazdı və insanları siqnallara əməl etməyə çağırıb.

Tramp şənbə günü bildirib ki, İrana 48 saat vaxt verir: əgər bu müddətdə Hörmüz boğazı açılmasa, yeni hücumlar olacaq. O deyib ki, ABŞ “müxtəlif ELEKTRİK STANSİYALARINI, ƏN BÖYÜYÜNDƏN BAŞLAYARAQ” məhv edəcək.

Bu hədəflər arasında İranın ən böyük nüvə elektrik stansiyası olan Buşehr və ya Tehranın yaxınlığında yerləşən Damavand qaz stansiyası ola bilər.

Öz növbəsində İran xəbərdarlıq edib ki, onun enerji obyektlərinə ediləcək hər hansı hücum ABŞ və İsrailin regiondakı enerji və infrastruktur obyektlərinə, xüsusilə informasiya texnologiyaları və duzsuzlaşdırma (su təmizləmə) sistemlərinə qarşı cavab zərbələri ilə nəticələnəcək.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən elektrik stansiyaları mülki infrastruktur hesab olunur və onlara hücum edilməməlidir, çünki bu, mülki əhali arasında böyük itkilərə səbəb ola bilər. Yalnız o halda istisna mümkündür ki, bu obyektlər hərbi əməliyyatlara birbaşa və əhəmiyyətli dəstək versin və onları vurmaq bu dəstəyi dayandırmağın yeganə yolu olsun.

Hörmüz boğazı Fars körfəzini Hind okeanı ilə birləşdirir və dünya neft daşımaları üçün həyati əhəmiyyət daşıyır. Son hücumlar və təhdidlər səbəbindən demək olar ki, bütün tanker daşımaları dayanıb və bu da böyük neft istehsalçılarının hasilatı azaltmasına gətirib çıxarıb.

İranın Beynəlxalq Dəniz Təşkilatındakı nümayəndəsi bildirib ki, boğazdan keçid “hamı üçün mümkündür, düşmənlər istisna olmaqla” — bu isə Tehran tərəfindən hansı gəmilərə icazə veriləcəyinə qərar veriləcəyini göstərir.

Mənbə: CBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version