ABŞ Prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğan haqqında “möhtəşəm idi” ifadəsini işlədərək, Türkiyənin ABŞ üçün çox yaxşı tərəfdaş olduğunu bildirib. Tramp NATO-nun müdafiə xərclərinin bölüşdürülməsi məsələsində əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb, sammitdən sonra isə regional böhranların həlli və yeni ticarət sazişləri ilə bağlı nikbin fikirlər səsləndirib.
ABŞ-yə qayıdarkən Air Force One təyyarəsində jurnalistlərə açıqlama verən Tramp ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar, NATO-nun Ankarada keçirilən sammiti və ABŞ–Türkiyə münasibətləri barədə danışıb.
Tramp İrana qarşı həyata keçirilən hücumlarla bağlı deyib:
“Onlar bizə hər zərbə vuranda, 20 qat sərt cavab verəcəyimizi demişdim və dünən gecə bunu etdik.”
O bildirib ki, İran da müəyyən addımlar atıb, lakin bunlar ABŞ-nin hücumlarına cavab xarakteri daşıyıb.
“Hərbi baxımdan artıq qalib gəlmişik. Onların əlində çox az imkan qalıb.”
Trampın sözlərinə görə, İran yeni razılaşma əldə etməkdə israrlıdır.
“Onlar qısa müddət əvvəl bizimlə əlaqə saxladılar. Razılaşmanı çox istəyirlər. Sadəcə, buna layiq olub-olmadıqlarını bilmirəm. Bağlanacaq sazişə sadiq qalacaqlarına əmin deyiləm. Problem də məhz budur.”
İranın ticarət gəmilərinə hücumları ilə bağlı suala cavab verən Tramp isə deyib:
“Açığını desəm, bu, bir qədər ağılsız hərəkətdir. Onlar qeyri-sabit davranırlar, amma buna baxmayaraq, razılaşma əldə etmək istəyirlər.”
“Türkiyə ilə çox yaxşı ticarət sazişləri bağladıq”
Tramp NATO-nun Ankara sammitinin son dərəcə məhsuldar keçdiyini bildirərək, Türkiyə ilə münasibətləri yüksək qiymətləndirib.
“İki çox uğurlu gün keçirdik. Türkiyə ilə çox yaxşı ticarət sazişləri bağladıq. Onlar bizim üçün çox yaxşı tərəfdaş oldular.”
ABŞ Prezidenti Prezident Ərdoğan haqqında isə qısa şəkildə:
“Yeri gəlmişkən, o, möhtəşəm idi.”
Suriya və Ukrayna liderləri ilə görüşlər
Tramp sammit çərçivəsində Ahmed Şara ilə keçirdiyi görüşü də müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Şara Suriyanın birləşdirilməsi istiqamətində uğurlu fəaliyyət göstərib.
“O, əla iş gördü. Suriyanı birləşdirdi.”
ABŞ Prezidenti həmçinin Volodimir Zelenski ilə keçirdiyi görüşün də çox səmərəli olduğunu bildirib.
“NATO-da birlik və həmrəylik hökm sürürdü”
Tramp qeyd edib ki, sammit zamanı Avropa müttəfiqləri müdafiə xərclərinin artırılması ilə bağlı mühüm öhdəliklər götürüblər.
“Bu gün böyük birlik və həmrəylik var idi. NATO həqiqətən çox böyük irəliləyiş əldə edib.”
O bildirib ki, ABŞ uzun illər alyans daxilində ədalətsiz maliyyə yükü daşıyıb və artıq Avropa ölkələri də müdafiəyə daha çox vəsait ayırmağa razılaşıblar.
“Bugünkü görüş bir çox məsələnin həllinə kömək etdi. Hamı başa düşdü ki, ABŞ-yə uzun illər ədalətli yanaşılmayıb.”
Tramp sonda İran məsələsinin müharibə deyil, ölkənin nüvə silahlarından məhrum edilməsi ilə bağlı olduğunu iddia edərək bildirib:
“Düşünürəm ki, hər kəs bundan məmnun olmalıdır.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

