ABŞ Prezidenti Donald Tramp ABŞ və İran nümayəndə heyətləri arasında Qətərin paytaxtı Doha şəhərində keçiriləcək memorandum layihəsi üzrə danışıqlarla bağlı, “Doha görüşü bəlkə də mühüm olacaq, bəlkə də olmayacaq. Bunu zaman göstərəcək”, – deyib.
Tramp Ağ Evdə avtomobil istehsalçılarının nəqliyyat vasitələrinin məlumatlarını məhdudlaşdırmasının və müəyyən təmir alətlərinə çıxışı çətinləşdirməsinin qarşısını almaq, istehlakçıların hüquqlarını qorumaq məqsədi daşıyan prezident fərmanının imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
O, həmçinin ABŞ Ali Məhkəməsinin sabah elan etməsi gözlənilən doğumla əldə olunan vətəndaşlıq hüququ ilə bağlı qərara da münasibət bildirib. Tramp məhkəmənin qəbul edəcəyi qərara hörmətlə yanaşacağını desə də, doğumla vətəndaşlıq hüququnun ölkə üçün “çox pis” olduğunu iddia edib.
“Bunu tətbiq edən yeganə ölkə bizik. Dünyanın başqa heç bir ölkəsində doğumla vətəndaşlıq verilmir. Bu sistem son dərəcə dağıdıcıdır və ölkəyə böyük maliyyə yükü yaradır”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin Nyu-York merliyinə namizəd Zohran Mamdaninin “sosialist namizədləri” dəstəkləməsi ilə bağlı sualı cavablandırarkən, “Məncə, bu, əslində ölkəmiz üçün böyük təhlükədir”, – ifadəsini işlədib.
Tramp sosial-demokratiyanın əslində kommunizm olduğunu iddia edərək əlavə edib: “Məncə, bu, bəlkə də ölkəmizin yarandığı gündən bəri üzləşdiyi ən böyük təhdiddir. Mən bunu deyəndə insanlar güləcəklər. Amma ağıllı insanlar ‘Yəqin ki, haqlıdır’ deyəcəklər.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

