ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika sisteminin tam bərpa olunması üçün üçüncü dünya ölkələrindən immiqrasiyanı daimi olaraq dayandırmaq niyyətindədir.
Gundelik.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində immiqrasiya siyasətinə dair paylaşımında açıqlama verib.
O qeyd edib ki, ABŞ texnoloji və iqtisadi baxımdan yüksək inkişaf səviyyəsinə çatıb, lakin mövcud immiqrasiya siyasətləri bu nailiyyətlərə zərər vurur.
Onun sözlərinə görə, ABŞ sisteminin tam şəkildə sağlamlaşdırılması üçün üçüncü dünya ölkələrindən immiqrasiyanın qarşısı tamamilə alınmalıdır. Tramp əvvəlki prezident Co Bayden administrasiyasını “qanunsuz qəbul prosesləri”ndə ittiham edərək, bu praktikalara son qoyacağını vurğulayıb.
ABŞ-yə töhfə verməyən və ölkənin dəyərlərini paylaşmayan şəxslərin geri göndəriləcəyini bildirən Tramp, təhlükəsizlik riski yaradan və ya Qərb sivilizasiyasına uyğunlaşa bilməyən bütün xarici vətəndaşların deportasiya ediləcəyini deyib. O əlavə edib ki, vətəndaşı olmayan şəxslərə göstərilən bütün federal yardımlar tamamilə dayandırılacaq.

