Gundelik.az Dünya Trabzonlu universitet tələbələrindən görmə məhdudiyyətli şagirdlərə dəstək
Dünya Xəbərlər

Trabzonlu universitet tələbələrindən görmə məhdudiyyətli şagirdlərə dəstək

Trabzon Universitetinin tələbələri görmə məhdudiyyətli şagirdlərin təhsil prosesini asanlaşdırmaq məqsədilə səsli, qabartmalı və Brayl əlifbalı panolar hazırlayıblar.

Universitetin Fatih Təhsil Fakültəsinin Sosial Bilgilər Müəllimliyi ixtisasının 3-cü kurs tələbələri, Sosial Bilgilər Təhsili kafedrasının müəllimi professor Ebru Demircioğlunun rəhbərliyi ilə keçirilən “Material Dizaynı” dərsi çərçivəsində abstrakt anlayışları daha anlaşıqlı və konkret formaya çevirmək üçün layihəyə başlayıblar.

Tələbələr orta məktəb sosial bilgilər dərsliyindəki mövzuları qabartmalı elementlər, QR kodlu izahlar, latın və Brayl əlifbaları vasitəsilə hər kəs üçün əlçatan olan panolara və hekayə kitablarına çeviriblər. Layihənin əsas məqsədi təhsildə imkan bərabərliyini təmin etməkdir.

Professor Demircioğlu bildirib ki, layihəyə görmə məhdudiyyətli şagirdlərin də digər şagirdlər kimi sosial bilgilər fənninə görə eyni məsuliyyət daşıdıqlarını öyrəndikdən sonra başlayıblar.

Onun sözlərinə görə, hər şagirdə eyni imkanların verilməsi həmişə tam bərabərlik demək deyil:

“Sosial Bilgilər tarixi hadisələr, xəritələr və istiqamətlər kimi bir çox abstrakt mövzuları əhatə edir. Bu fənni yalnız oxumaqla və ya eşitmə yolu ilə öyrətmək mümkün deyil. Biz düşündük ki, bu şagirdlər üçün nə edə bilərik.”

Demircioğlu qeyd edib ki, tələbələr görmə məhdudiyyətli şəxslərin ehtiyaclarına uyğun tədris materialları hazırlayıblar:

“Təhsil yalnız hamının eyni şəraitdə dərs keçməsi demək deyil. Hər şagirdin ehtiyaclarını nəzərə alaraq onların təhsilə çıxışını təmin etmək lazımdır. Biz tələbələrimizlə birlikdə bunu bacardığımızı düşünürük.”

O, həmçinin Sosial Bilgilər müəllimliyinin ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və müəllimlərin xüsusi ehtiyaclı şagirdləri görərək onlar üçün material hazırlamalarının vacibliyini qeyd edib.

Layihənin gələcəkdə TÜBİTAK-a təqdim ediləcəyini bildirən Demircioğlu, hazırlanan materialların görmə məhdudiyyətli şagirdlərin təhsil aldığı məktəblərə göndəriləcəyini və onların tədris prosesinə təsirinin ölçüləcəyini deyib.

O əlavə edib:

“Bu materiallar sayəsində görmə məhdudiyyətli uşaq ‘Mən də öyrənə bilərəm’ hissini yaşayacaq. Bizim üçün ən vacib olan da budur.”

Layihədə iştirak edən tələbə Serap Bekar isə deyib ki, onlar görmə məhdudiyyətli şagirdlərə abstrakt anlayışları necə çatdırmaq barədə uzun müddət düşündükdən sonra bu ideyanı hazırlayıblar.

Bekarın sözlərinə görə, materialları hazırlayarkən gözlərini bağlayaraq empati qurub, panoların mövzunu nə dərəcədə izah etdiyini yoxlayıblar:

“Qabartmalı elementlərdən istifadə etdik, vizual və səsli xüsusiyyətlər əlavə etdik. Toxunma hissini də işə qataraq müxtəlif üsulları birləşdirməyə çalışdıq. Məqsədimiz görmə məhdudiyyətli və digər şagirdlər arasındakı maneələri aradan qaldırmaq idi.”

Bekar bildirib ki, bu dərs ona gələcəkdə sinfində görmə məhdudiyyətli şagird ola biləcəyini və onların ehtiyaclarına uyğun materiallar hazırlamağın yollarını öyrədib.

Digər tələbə Doğukan Toprak da müəllim kimi fəaliyyətə başladıqda bu layihə zamanı qazandığı bilik və təcrübələri öz şagirdlərinə tətbiq edəcəyini söyləyib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version