Gundelik.az Mədəniyyət və cəmiyyət Texnologiya uşaqların bədənini necə dəyişdirir?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Texnologiya uşaqların bədənini necə dəyişdirir?

Texnologiyanın sürətli inkişafı uşaqların fiziki inkişafına nəzərəçarpacaq təsir göstərir. Araşdırmalar göstərir ki, uzun müddət ekran qarşısında vaxt keçirmək göz sağlamlığından tutmuş duruş pozğunluqlarına və maddələr mübadiləsi problemlərinə qədər bir çox mənfi nəticələrə səbəb olur. Bəs rəqəmsal dövrün bu təsirlərinə nə dərəcədə hazırıq?

Rəqəmsal dövr təkcə həyat tərzimizi deyil, bədənimizi də dəyişdirir. Böyük Britaniyada aparılan araşdırmaya görə, uşaqların ekran qarşısında keçirdiyi hər əlavə saat miyopiya (uzağı aydın görə bilməmə) riskini əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislər bildirirlər ki, uzun müddət ekrana baxmaq göz əzələlərinin yorulmasına və fokuslanma mexanizminin pozulmasına səbəb olur. Eyni zamanda, Harvard Universitetinin hərəkətsizliklə bağlı araşdırmaları göstərir ki, rəqəmsal mühitdə keçirilən uzun vaxt uşaqların koordinasiya və motor bacarıqlarının zəifləməsinə gətirib çıxarır.

Uzun müddət ekrana məruz qalmaq başın irəli əyilməsi, belin qozbelləşməsi və duruşun pozulması ilə özünü göstərir. Məhz bu səbəbdən son illərdə “texnologiya qozbeli” anlayışı daha çox gündəmə gəlir.

Sağlamlıq Elmləri Universitetinin Prof. Dr. Cemil Taşçıoğlu Şəhər Xəstəxanasının Uşaq Klinikası üzrə tədris məsulu professor Vefik Arıca bu barədə bildirib ki, texnologiya uşaqların təbii duruşunu zəiflədir və zamanla onurğanın normal əyriliyini pozaraq gələcəkdə ciddi sağlamlıq problemlərinə zəmin yaradır.

Onun sözlərinə görə, bu vəziyyət uşaqlarda əzələ və skelet sistemində problemlər yaradır:

“İrəliləyən yaşlarda duruş pozğunluqları xroniki bel, boyun və kürək ağrılarına, onurğa deformasiyalarına və hərəkət məhdudiyyətinə səbəb olur. Bundan əlavə, duruş pozğunluğu tənəffüs və həzm sisteminə də mənfi təsir göstərir.”

Ekran motor bacarıqları və görmə qabiliyyətinə necə təsir edir?

ABŞ-da 8–12 yaşlı uşaqlar gündə orta hesabla 7 saat, Türkiyədə isə 6–13 yaşlı uşaqlar 6,4 saat ekran qarşısında vaxt keçirirlər.

Uzunmüddətli ekran istifadəsi yalnız duruş pozğunluğu yaratmır. O, həmçinin:

göz yorğunluğu;

göz quruluğu;

bulanıq görmə;

miyopiya riskinin artması kimi problemlərə də səbəb olur.

Professor Vefik Arıca qeyd edir ki, artan ekran müddəti uşaqların fiziki aktivliyini azaltdığı üçün əzələ inkişafı və motor bacarıqları zəifləyir. Bu isə piylənmə riskini artırır. İdmanla məşğul olmayan uşaqlarda bu təsirlər daha güclü hiss olunur, çünki fiziki hərəkətin azlığı əzələ gücü, elastiklik, tarazlıq və koordinasiyanın inkişafına mənfi təsir göstərir.

Ekran müddətini necə azaltmaq olar?

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi araşdırmalar uşaqların gündəlik ekran qarşısında keçirdiyi vaxtın 2 saatdan çox olmamasını tövsiyə edir. Əks halda, onların fiziki inkişafı və sağlamlığı risk altına düşür.

Cənubi Koreyada aparılan araşdırmaya əsasən, ekran müddəti gündə 2 saatı keçən uşaqlarda idman fəaliyyətlərində iştirak təxminən 30 faiz azalır.

Valideynlər üçün tövsiyələr

Uşağın yaşına uyğun ekran müddətini məhdudlaşdırın.

20-20-20 qaydasını tətbiq edin: hər 20 dəqiqədən bir, 20 saniyə ərzində təxminən 6 metr uzaqlıqdakı bir nöqtəyə baxmaq göz yorğunluğunu azaldır.

Uşaqların açıq havada daha çox vaxt keçirməsinə şərait yaradın.

Göz sağlamlığını qorumaq üçün mütəmadi oftalmoloji müayinələr etdirin.

Bundan başqa, ekranlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Bu isə uşaqlarda yuxuya getməkdə çətinlik, yuxu rejiminin pozulması və ümumi həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.

Aktiv həyat tərzi vacibdir

Ümumdünya Səhiyyə Təşkilatı 5–17 yaşlı uşaqlara gündə ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki fəaliyyət tövsiyə edir.

Mütəxəssislər bildirirlər ki, texnologiyanın faydalarından istifadə etməklə yanaşı, onun yaratdığı risklərə qarşı da tədbirlər görülməlidir. Uşaqların aktiv həyat tərzinə üstünlük verməsi, sağlam qidalanması, parkda oyun oynaması, ailə ilə birlikdə vaxt keçirməsi və açıq hava fəaliyyətləri rəqəmsal dünyanın mənfi təsirlərini azaltmağa kömək edir.

Araşdırmalar bir daha göstərir ki, ekran qarşısında keçirilən vaxtın nəzarətdə saxlanılması və fiziki aktivliyin artırılması uşaqların sağlam inkişafı üçün ən vacib şərtlərdən biridir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version