İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Telefonlar bədənimizi səssizcə dəyişdirə bilər: Smartfonların sağlamlığa gizli təsirləri

Smartfon və digər rəqəmsal cihazlar artıq təkcə zehni sağlamlığa deyil, bədənə göstərdiyi təsirlərlə də müzakirə olunur. Mütəxəssislərin fikrincə, uzun müddət ekran qarşısında qalmaq boyun duruşundan göz sağlamlığına, əl əzələlərinin gücündən əl-göz koordinasiyasına qədər bir çox sahəyə mənfi təsir göstərir. Sevindirici hal isə odur ki, sadə gündəlik vərdişlərlə bu riskləri azaltmaq mümkündür.

Ekran qarşısında keçən saatlar bədənə necə təsir edir?

Gün ərzində telefonumuzu neçə dəfə əlimizə aldığımızın çox vaxt fərqinə varmırıq. Mesajlara baxır, sosial şəbəkələrdə vaxt keçirir, xəbər oxuyur və videolar izləyirik. Bunun nəticəsində boyun ağrıları, göz yorğunluğu, duruş pozğunluğu və əl əzələlərinin zəifləməsi müasir həyatın “səssiz problemləri”nə çevrilir.

Telefonu uzun müddət eyni formada tutmaq nəticəsində kiçik barmaqda təzyiq izi əmələ gələ, başın davamlı önə əyilməsi isə boyun və onurğaya əlavə yük sala bilər.

Açıq havada olmaq gözləri qoruyur

Son illərdə uzağı görmədə çətinlik yaradan miyopiya halları sürətlə artır. Əksəriyyət bunun əsas səbəbi kimi telefon və kompüter ekranlarını göstərsə də, mütəxəssislər məsələnin daha mürəkkəb olduğunu bildirirlər.

Araşdırmalar göstərir ki, açıq havada daha çox vaxt keçirmək göz sağlamlığını qorumağa kömək edir. Gün işığı tor qişada dopamin ifrazını artırır və bu da gözün normal inkişafına müsbət təsir göstərir.

Bu səbəbdən mütəxəssislər hər gün açıq havada vaxt keçirməyi tövsiyə edirlər. Bu vərdiş həm göz sağlamlığını, həm də yuxu rejimini yaxşılaşdırır.

“Texnologiya boynu” problemi

Telefon istifadə edərkən başın daim aşağı əyilməsi boyun nahiyəsinə ciddi yük yaradır. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyətdə boyuna düşən yük 27 kiloqrama qədər çatır.

Uzun müddət davam edən bu duruş:

boyun əzələlərinin gərginləşməsinə;

onurğa disklərinin zədələnməsinə;

oynaqlarda problemlərə;

bəzi hallarda isə nəfəsalma qabiliyyətinin azalmasına səbəb olur.

Bu problemin qarşısını almaq üçün telefonu mümkün qədər göz səviyyəsində tutmaq, ekranı üzdən təxminən bir qol məsafəsində saxlamaq və mütəmadi fasilələr vermək tövsiyə olunur.

“Texnologiya boynu” qırışlara səbəb olurmu?

Bəzi mütəxəssislər hesab edirlər ki, boynun uzun müddət eyni vəziyyətdə qatlanması zamanla qırışların yaranmasına təsir göstərir. Lakin bu fikri tam təsdiqləyən güclü elmi sübutlar hələ mövcud deyil.

Eyni zamanda ağıllı saatların uzun müddət fasiləsiz taxılması dəridə tərləmə, qıcıqlanma və göbələk infeksiyası riskini artırır. Buna görə saatı vaxtaşırı çıxarmaq və dərini təmiz saxlamq tövsiyə edilir.

Əl əzələlərinin gücü zəifləyir

Qavrama gücü – yəni əlin hər hansı əşyanı möhkəm tuta bilməsi – ümumi sağlamlığın mühüm göstəricilərindən hesab olunur.

Mütəxəssislər bildirirlər ki, uzun müddət kompüter və telefon qarşısında oturmaq, az hərəkət etmək və fiziki aktivliyin aşağı olması əl əzələlərinin zəifləməsinə və ümumi əzələ gücünün azalmasına səbəb olur.

Bunun qarşısını almaq üçün yalnız əl məşqləri deyil, ümumi fiziki aktivlik və müntəzəm idman vacibdir.

Ekran vaxtı əl-göz koordinasiyasına da təsir edir

Telefon və planşetdən istifadə bəzi toxunma bacarıqlarını sürətləndirsə də, bu, ümumi motor bacarıqlarının inkişaf etdiyi anlamına gəlmir.

Xüsusilə uşaqlarda həddindən artıq ekran vaxtı incə motor bacarıqlarının inkişafını zəiflədir. Halbuki bu bacarıqlar öyrənmə, idrak və akademik nailiyyətlərlə sıx əlaqəlidir.

Mütəxəssislər uşaqların və böyüklərin gündəlik həyatında aşağıdakı fəaliyyətlərə yer verməyi tövsiyə edirlər:

yemək hazırlamaq;

rəsm çəkmək;

əl işləri ilə məşğul olmaq;

musiqi alətində ifa etmək;

əllə yazı yazmaq.

Mütəxəssislərin tövsiyələri

Telefon və digər rəqəmsal cihazlardan tamamilə imtina etmək mümkün olmasa da, aşağıdakı sadə vərdişlər onların mənfi təsirlərini azaltmağa kömək edir:

Telefonu göz səviyyəsində saxlayın.

Ekrana uzun müddət fasiləsiz baxmayın.

Hər gün açıq havada vaxt keçirin.

Ağıllı saat və digər taxılan cihazları vaxtaşırı çıxarın.

Əl bacarığı tələb edən fəaliyyətlərlə məşğul olun.

Müntəzəm idman edərək əzələ gücünüzü qoruyun.

Kiçik gündəlik dəyişikliklər həm boyun və göz sağlamlığını qorumağa, həm də uzunmüddətli fiziki problemlərin qarşısını almağa kömək edir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az