Müasir insanın gecələri çox vaxt telefon ekranının solğun işığı altında bitir. İlk baxışdan zərərsiz görünən bu vərdiş isə beynin təbii istirahət ritmini pozan gizli bir amilə çevrilir. Ekrandan yayılan mavi işıq yuxunun keşikçisi sayılan melatoninin ifrazını azaldır, informasiya axını isə beyni dincəlməyə yox, ayıq qalmağa sövq edir. Nəticədə yuxu gecikir, səthi olur, səhər isə insan özünü yorğun və gərgin hiss edir.
Nevropatoloq Qalib Əsədov qeyd edir ki, gecə saatlarında telefon istifadəsi diqqət pozğunluğu, əsəbilik, tez yorulma ilə yanaşı, narahatlıq və panik atak riskini də artıra bilər. Beynin bərpa, yaddaş və emosional tarazlıq funksiyaları məhz yuxu zamanı formalaşdığı üçün bu vərdiş uzunmüddətli fəsadlara yol aça bilər.
Mütəxəssis sağlam yuxu üçün sadə, lakin təsirli tövsiyələr verir: yatmazdan əvvəl telefonla vidalaşmaq, onu yastıqdan uzaqda saxlamaq, gecəni kitab və ya sakit musiqi ilə qarşılamaq. Beynin sükuta ehtiyacı var – çünki sağlam yuxu sağlam düşüncənin əsas şərtidir.
Ziyalə Əhmədli
Gundelik.az

