Nasri Asfura Hondurasda son dərəcə gərgin keçən prezident seçkilərinin qalibi elan olunub. Seçkilər texniki problemlər və saxtakarlıq iddiaları səbəbindən həftələrlə gecikmişdi.
ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi mühafizəkar Milli Partiyanın namizədi Asfura Milli Seçki Şurasının (CNE) açıqlamasına görə səslərin 40,3%-ni toplayaraq, Mərkəz-sağ Liberal Partiyanın namizədi Salvador Nasrallanını (39,5%) cüzi fərqlə qabaqlayıb. Asfura X sosial şəbəkəsində yazıb:
“Honduras: idarə etməyə hazıram. Sizi məyus etməyəcəyəm.”
Nasralla isə mətbuat konfransında bildirib:
“Boşluqlar üzərində qurulmuş nəticəni qəbul etməyəcəyəm.”
Bununla yanaşı, tərəfdarlarını sakitliyə çağırıb. ABŞ dövlət katibi Marko Rubio isə bütün tərəfləri nəticəyə hörmət etməyə səsləyib ki, “Honduras hakimiyyəti səlahiyyətlərin dinc ötürülməsini təmin edə bilsin”.
Bu arada, ölkə parlamentinin sədri Luis Redondo nəticəni “tamamilə qanunsuz” adlandırıb.
Səsvermə 30 noyabrda keçirilsə də, nəticələrin hesablanması texniki nasazlıqlar səbəbilə iki dəfə dayandırılıb. Seçki rəsmiləri bu vəziyyəti “bağışlanmaz” adlandırıblar.
CNE-nin sədri Ana Paola Hall gecikmədə nəticələrin hesablanmasına cavabdeh olan özəl şirkəti günahlandırıb. Onun sözlərinə görə, şirkət CNE-ni xəbərdar etmədən və razılaşdırmadan texniki xidmət aparıb.
Dayanma real vaxtda nəticələri göstərən portalın bir gün əvvəl çökməsindən sonra baş verib.
Seçkilərin nəticələri çox yaxın olduğundan və sistemdəki problemlərə görə bülletenlərin təxminən 15%-i qalibin müəyyənləşdirilməsi üçün əl ilə sayılıb.
Gecikmələr Hondurasda gərginliyə səbəb olub, ötən həftə ölkə üzrə etiraz aksiyaları keçirilib. Hakim Libre Partiyasının minlərlə tərəfdarı paytaxt Tokuqiqalpada səsvermədə saxtakarlıq olduğunu iddia edərək etiraz edib.
Hazırkı prezident Xiomara Kastro “seçki çevrilişi”nin baş verdiyini iddia edib və seçkilərin Tramp tərəfindən “müdaxilə” ilə müşayiət olunduğunu bildirib.
Tramp Asfuranı dəstəkləyərkən onun cüzi üstünlüyünün ləğv ediləcəyi təqdirdə “bunun bədəlini ödədəcəyini” demişdi. O, həmçinin Asfura qalib gəlməsə, ABŞ-ın maliyyə dəstəyini dayandırmaqla hədələyib.
Gözlənilməz addım olaraq, Tramp Asfuranın Milli Partiyasının üzvü olan Xuan Orlando Ernandesi əfv edib. Ernandes ABŞ-da narkotik və silah ittihamları ilə 45 il həbs cəzası çəkirdi.
Konstitusiyaya əsasən, Xiomara Kastro ikinci müddətə namizəd ola bilməzdi.
Səsvermədən doqquz gün sonra Nasralla “korrupsiyaya bulaşmış şəxslərin” səs sayımını manipulyasiya etdiyini iddia edib və Trampın açıqlamalarının onun qələbə şansına zərər verdiyini bildirib.
Nəticələr açıqlandıqdan sonra Marko Rubio bəyan edib ki, ABŞ Asfuranın yeni administrasiyası ilə “ikitərəfli və regional təhlükəsizlik əməkdaşlığını inkişaf etdirmək”, eyni zamanda ABŞ-a qeyri-qanuni miqrasiyanı dayandırmaq və iqtisadi əlaqələri gücləndirmək niyyətindədir.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli

