Hər dövrün öz real ehtiyacı, tələbləri var. Günümüzdə insanları mobil telefonlarsız təsəvvür etmək qeyri-mümkündür. Böyük əksəriyyətin həyatının ayrılmaz hissəsinə çevrilən smartfonlar təbii ki, özü ilə bəzi narahatlıqları da gətirməkdədir. Telefon danışıqlarımız dinlənilirsə?… Bax bu minvalla peşəkara üz tutduq. Müsahibimiz Hüquqşunas Elmar İbrahimovdur:
— Bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində bu halları bizim şəxsi toxunulmazlıq hüququmuz kimi təsbit edir. Konstitusiyada hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ olduğu bildirilir və yalnız qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağan edilir. Hər kəsin qanunsuz edilən müdaxilədən müdafiə olunmaq hüququ olduğu bildirilir. Şəxsin razılığı olmadan kimsənin onun şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla şəxs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Dövlət hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna təminat verir. Bu
hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Respublikamızda telefon danışıqlarının dinlənilməsi hansı qanunlarla tənzimlənir?
— Azərbaycan Respublikasında bü cür müdaxilənin qanuni əsaslarıərtaflı şəkildə “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunda öz əksini tapıb. Qanunun 10-cu maddəsi bu müdaxilələri əməliyyat axtarış tədbirəli kimi təsbit edir. Qanunda göstərilən bu əməliyyat axtarış tədbirləri yalnız məhkəmənin qərarı
əsasında həyata keçirilə bilər. Bundan başqa hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.
Bildirirsiniz ki, telefon danışıqlarının dinlənilməsi Əməliyyat Axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Hansı əsaslar olduqda qeyd edilən tədbirlər həyata keçirilə bilər?
—Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunda nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. Bu səbəblər aşağıdakılardır:
1) fiziki şəxslərin ərizələri;
2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;
3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;
4) əməliyyat-axtarış məlumatları;
5) əməliyyat-axtarış fəaliyyəti zamanı yazılı sorğuları;
6) Hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanların yazılı sorğuları;
7) Təhqiqat və istintaq aparan şəxslərin yazılı tapşırıqları;
8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları;
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları.
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar məhkəmənin (hakimin) qərarları, istintaq orqanlarının qərarları və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında həyata keçrilməlidir. Bu tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan şəxslərin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi mövcud olduqda;
2) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;
3) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;
4) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza
çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;
5) naməlum meyit aşkar edildikdə.
Elmar müəllim, bəs Məhkəmənin qərarı olmadan telefon danışıqlarının dinlənilməsi həyata keçirilə bilərmi ?
— Qanunda göstərilən bu əməliyyat axtarış tədbirləri yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakiminn qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər. Nəzərdə tutulmuş bu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.
Hüquqşunas
Elmar İbrahimov
Gundelik.az
