İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tehran Hörmüz boğazına nəzarəti heç vaxt verməyəcək – yüksək vəzifəli iranlı siyasətçi BBC-yə bildirib

“Heç vaxt.” – İran parlamentinin yüksək rütbəli üzvü Hörmüz boğazı üzərində nəzarətdən imtina edib-etməyəcəkləri ilə bağlı suala belə cavab verib.

İranın İnqilab Keşikçiləri Korpusunun (IRGC) keçmiş komandiri olan İbrahim Əzizi BBC-yə Tehranda bildirib:

“Bu, bizim ayrılmaz haqqımızdır. Boğazdan keçid qaydalarını, o cümlədən gəmilərin keçidinə icazələri İran müəyyən edəcək.”

O əlavə edib ki, bu məsələ yaxın zamanda qanunla təsbit olunacaq.

“Konstitusiyanın 110-cu maddəsinə əsaslanan qanun layihəsini parlamentə təqdim edirik. Bu layihə ətraf mühit, dəniz təhlükəsizliyi və milli təhlükəsizlik məsələlərini əhatə edir və qanunu silahlı qüvvələr icra edəcək,” – deyə Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri olan deputat bildirib.

Bu strateji su yolunun bağlanmasının dünya iqtisadiyyatına ciddi zərbələr vuracağı ilə bağlı narahatlıqlar artdıqca, artıq aydın olur ki, bu, bir günə həll olunacaq qısamüddətli böhran deyil.

Müharibə Tehran üçün yeni bir vasitə yaradıb. Əzizi bu münaqişə zamanı İranın “silaha çevirdiyi” bu strateji boğazı “düşmənə qarşı istifadə ediləcək aktivlərimizdən biri” kimi təsvir edib.

O, sərt xətt tərəfdarlarının üstünlük təşkil etdiyi parlamentdə əsas fiqurlardan biridir. Eyni zamanda, İsrail zərbələri nəticəsində yüksək səviyyəli şəxslərin öldürülməsindən sonra daha da hərbiləşmiş və əsasən İnqilab Keşikçilərinin təsiri altına düşmüş yeni siyasi nizamda qərarvericilərin düşüncəsini də əks etdirir.

Tehran indi həyati əhəmiyyətli dəniz nəqliyyatına – o cümlədən mühüm neft və qaz tankerlarının keçidinə – nəzarət imkanını yalnız danışıqlarda kozır kimi deyil, həm də uzunmüddətli təzyiq aləti kimi görür.

Tehran Universitetinin tədqiqatçısı Məhəmməd Eslami deyir:

“Müharibədən sonra İran üçün əsas prioritet çəkindiriciliyi bərpa etməkdir və Hörmüz boğazı bu baxımdan əsas strateji alətlərdən biridir.”

O əlavə edib:

“Tehran digər ölkələrin bu yeni çərçivədən necə faydalana biləcəyini müzakirə etməyə açıqdır, amma nəzarət məsələsi qırmızı xətdir.”

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az