Tailand Kamboca ilə sərhədində şiddətlənən qarşıdurmalara görə dörd sərhəd əyalətindən 100 mindən çox insanı təxliyə etdiyini açıqlayıb. Daxili İşlər Nazirliyi 100 672 nəfərin müvəqqəti sığınacaqlara yerləşdirildiyini, Səhiyyə Nazirliyi isə ölənlərin sayının 14-ə yüksəldiyini açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, hər iki tərəfin artilleriya atəşi açdığı qarşıdurmalarda ən azı 11 mülki şəxs həlak olub.
Səhər saatlarında başlayan qarşıdurmada hər iki tərəf bir-birini günahlandırıb. Mübahisəli sərhəddə baş verən toqquşma qısa zamanda atıcı silahlardan atışlardan ağır artilleriya atəşinə çevrilib. Məlumata görə, toqquşmalar təxminən 209 kilometrlik bir xətt boyunca ən azı altı fərqli yerdə baş verib.
Tailand: “Kamboca ağır silahlardan istifadə edir”
Tailand ordusundan verilən açıqlamaya görə, Ubon Ratçathani əyalətinin Chong Bok və Phu Makhuea rayonlarında və Surin əyalətinin Phanom Dong Rak rayonunda cümə günü səhər saat 4 radələrində qarşıdurmalar yenidən başlayıb. Açıqlamada Kamboca əsgərlərinin artilleriya və raket kimi ağır silahlardan istifadə etdiyi, Tailand əsgərlərinin isə cavab tədbirləri gördüyü qeyd edilib.
Son 13 ilin ən qanlı qarşıdurması kimi qeydə alınan bu hadisələr çərşənbə günü Tailandın Kamboca səfirini ölkədən çıxarmasından və öz səfirini Pnom Penhdən geri çağırmasından sonra baş verib.
Tailand minanın rəqib qoşunlar tərəfindən yeni yerləşdirildiyini iddia edərək, əsgərlərindən birinin minaya basdıqdan sonra bir əzasını itirməkdə Kambocanı günahlandırıb. Kamboca bu ittihamları rədd edib.
Tailand səlahiyyətliləri cümə axşamı baş verən qarşıdurmalarda ölənlər arasında 8 yaşlı uşağın olduğunu, 31 nəfərin yaralandığını bildirib.
Tailand: “Beynəlxalq hüquqa zidd hücum”
Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Şeçayaçai deyib: “Münaqişə zonaları xaricində ağır silahlarla həyata keçirilən ayrı-seçkiliksiz hücumları qınayırıq. Bu güc tətbiqi beynəlxalq hüquqa ziddir”.
O, Tailandın sülh yolu ilə həllə tərəfdar olduğunu, lakin baş verənlərin təxribat olduğunu və özlərini müdafiə etmək məcburiyyətində qaldıqlarını ifadə edib.
Tailandın səhiyyə naziri Somsak Thepsuthin Surin əyalətində bir xəstəxananın artilleriya atəşinə tutulduğunu və bunun müharibə cinayəti kimi qiymətləndirilməli olduğunu bildirib.
Kamboca: “Mülki itkilər, minlərlə insan təxliyə edildi”
Kambocanın Oddar Meanchey bölgəsindəki Banteay Ampil qəsəbəsindən ən azı 1500 ailənin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilir. Yerli rəsmi Met Meas Pheakdey sosial şəbəkə hesabında açıqlamasında bir mülki vətəndaşın öldüyünü, beş mülki vətəndaşın isə yaralandığını açıqlayıb.
BMT Təhlükəsizlik Şurası toplanır
Toqquşmalardan sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının cümə günü iclas keçirəcəyi açıqlanıb. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Tommi Piqott zorakılıqdan dərin kədərləndiyini bildirib. O, bildirib ki, dinc əhali müdafiə olunmalı və tərəflər dərhal münaqişəyə son qoymalıdırlar.
İngiltərə Xarici İşlər Nazirliyi cümə axşamı günü verdiyi açıqlamada Tailand və Kambocanın bəzi hissələrinə vacib olmayan bütün səyahətlərə qarşı xəbərdarlıq edib.
Gundelik.az

