Avqust 31, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Tətildə uşaqların rejimi pozulmamalıdır: Mütəxəssisdən ailələrə mühüm xəbərdarlıq

Yay tətilində uşaqların yuxu, qidalanma və gündəlik rejiminin tamamilə pozulmaması vacibdir. Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Səlami Bayrakdar bildirib ki, “azadlıqla nizamsızlıq eyni şey deyil”.

Mütəxəssisin sözlərinə görə, uşaqlar məktəb dövrü ilə müqayisədə təxminən bir saat gec yatıb-gecə qalxa bilər. Lakin uzunmüddətli nizamsızlıq diqqətə, yuxu keyfiyyətinə və inkişafa mənfi təsir göstərir.

EKRAN VAXTI MƏHDUDLAŞDIRILMALIDIR

Telefon, planşet və kompüter istifadəsi də nəzarətdə saxlanılmalıdır. Xüsusilə yatmazdan əvvəlki son bir saatın ekransız keçirilməsi, rəqəmsal cihazların isə uşağın yataq otağında saxlanılmaması tövsiyə olunur. Valideynlərin də uşaqlara bu məsələdə nümunə olması vacibdir.

UŞAQLAR HƏR GÜN HƏRƏKƏT ETMƏLİDİR

Üzmək, velosiped sürmək, gəzmək və açıq havada oynamaq uşaqların həm fiziki, həm də psixoloji sağlamlığı üçün faydalıdır. Gündəlik fiziki aktivlik diqqət və yuxu rejiminə də müsbət təsir göstərir.

QİDALANMA REJİMİ QORUNMALIDIR

Tətil zamanı dondurma, qablaşdırılmış məhsullar və şəkərli içkilərin qəbulu artsa da, əsas yeməklər qorunmalıdır. Dondurma tamamilə qadağan edilməsə də, porsiyaya nəzarət edilməlidir. Ara yeməklərdə meyvə, yoqurt, ayran və çərəz kimi sağlam seçimlərə üstünlük verilməsi tövsiyə olunur.

İSTİ HAVADA SU VƏ GÜNƏŞDƏN QORUNMA

Uşaqlar isti havalarda daha tez maye itirir. Buna görə onların su istəməsini gözləmədən mütəmadi su içməsi təmin edilməlidir. Papaq, uyğun geyim və günəşdən qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusilə günorta saatlarında uzun müddət günəş altında qalmaqdan çəkinilməlidir.

HOVUZ VƏ DƏNİZDƏ UŞAQLAR NƏZARƏTSİZ QALMAMALIDIR

Yay aylarında hovuz və dənizdə əsas təhlükələrdən biri boğulmadır. Kiçik uşaqlar daim böyüklərin nəzarətində olmalıdır. Mütəxəssis xəbərdarlıq edib ki, telefonla məşğul olmaq üçün diqqətin hətta bir neçə dəqiqə yayınması ciddi nəticələrə səbəb olur.

Bayrakdar vurğulayıb ki, tətil ikinci məktəb dövrünə çevrilməməlidir. Uşaqların dincəlməsinə, oynamasına, kitab oxumasına və ailə ilə vaxt keçirməsinə imkan verilməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az