Gundelik.az Ölkə Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
Ölkə Xəbərlər

Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?

Tədris ilinin başlamasına az vaxt qalması Bakıda kirayə mənzil bazarında canlanmanı artırıb. Xüsusilə tələbələr və gənc ailələr 1 və 2 otaqlı mənzillərə daha çox maraq göstərirlər.

Gundelik.az-ın araşdırmasına görə, avqustun sonu və sentyabrın əvvəllərində mənzil axtarışlarının artması kirayə qiymətlərinə də təsir göstərir. Ən çox tələb universitetlərə, metro stansiyalarına və şəhər mərkəzinə yaxın ərazilərdə yerləşən mənzillərə yönəlir.

Hazırda Bakıda 1 otaqlı mənzillərin aylıq kirayəsi təxminən 450-900 manat, 2 otaqlı mənzillərin kirayəsi 600-1 200 manat, 3 otaqlı mənzillərin kirayəsi isə 800-1 800 manat arasında dəyişir. 4 və daha çox otaqlı mənzillərin aylıq kirayəsi isə 1 200 manatdan başlayır.

Rayonlar üzrə də qiymətlər fərqlənir. Nərimanovda 1 otaqlı mənzillər təxminən 500-800 manat, 2 otaqlılar 700-1 100 manatdır. Nəsimidə 1 otaqlı mənzillər 500-850 manat, 2 otaqlılar 700-1 200 manat arasında təklif olunur.

Yasamalda 1 otaqlı mənzillərin qiyməti 450-750 manat, 2 otaqlı mənzillərin qiyməti 600-1 000 manat civarındadır. İnşaatçılarda bu qiymətlər müvafiq olaraq 450-700 və 600-950 manat arasında dəyişir.

28 May və Gənclik kimi mərkəzə yaxın ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. 28 May ətrafında 1 otaqlı mənzillər 600-900 manat, 2 otaqlılar 800-1 300 manat, Gənclikdə isə 1 otaqlılar 500-850 manat, 2 otaqlılar 700-1 200 manat təşkil edir.

Əhmədlidə 1 otaqlı mənzilləri 400-650 manata, 2 otaqlıları isə 550-850 manata tapmaq mümkündür. Binəqədidə isə 1 otaqlı mənzillərin qiyməti 350-550 manat, 2 otaqlı mənzillərin qiyməti 500-750 manat arasında dəyişir.

Elmlər Akademiyası və Xətai ərazilərində də kirayə mənzillərə tələbat yüksəkdir. Elmlərdə 1 otaqlı mənzillər təxminən 500-800 manat, 2 otaqlılar 700-1 100 manat, Xətaidə isə 1 otaqlılar 500-800 manat, 2 otaqlılar 650-1 100 manatdır.

Əmlak bazarında hesab olunur ki, tədris ili yaxınlaşdıqca xüsusilə münasib qiymətli 1 və 2 otaqlı mənzillərə tələbatın artması kirayə qiymətlərinə əlavə təzyiq yarada bilər.

Qeyd edək ki, qiymətlər mənzilin təmir vəziyyəti, əşyalı olub-olmaması, binanın tipi və metroya yaxınlığına görə dəyişə bilər.

Exit mobile version