Son illərdə populyarlığı artan qalıcı lak və süni dırnaq tətbiqləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər. Bu prosedurlar zamanı lak və geli qurutmaq üçün istifadə olunan işıqlı cihazların dəridə erkən qocalmaya səbəb ola və uzun müddətdə xərçəng riskini artıra biləcəyi bildirilir.
Akdeniz Universiteti Tibb Fakültəsinin dermatologiya üzrə professoru Ayşə Akman bildirib ki, bəzi qurutma cihazlarında solyariuma bənzər zərərli işıq dalğaları olur. Proseduru tez-tez etdirən şəxslərə əvvəlcədən barmaqları açıq saxlayan qoruyucu əlcək taxmaq və ya əllərə günəşdən qoruyucu krem çəkmək tövsiyə olunur.
Dırnaqlara da zərər verir
Qalıcı lak və süni dırnaqlar dırnaq quruluşunu zədələyə, göbələk infeksiyasına və qalıcı deformasiyalara səbəb olur. Üstəlik, dırnağın üzərindəki qalın təbəqə onun altındakı toxumanın görünməsinə mane olur. Bu isə yaranan problemlərin gec aşkarlanmasına gətirib çıxarır.
Allergiya riski artır. Lak və digər məhsulların tərkibindəki kimyəvi maddələr dəri ilə təmas zamanı allergik reaksiyalara və kontakt ekzemaya səbəb olur. Bu risk məhsullarla tez-tez işləyən manikür ustalarında da yüksəkdir.
Mütəxəssislər dırnaqda rəng və ya forma dəyişikliyi müşahidə edən şəxslərə vaxt itirmədən dermatoloqa müraciət etməyi tövsiyə edirlər.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

