Araşdırmalar göstərir ki, təbiətlə təmasda olmaq stress, narahatlıq və depressiya əlamətlərini azaltmağa, qan təzyiqini aşağı salmağa və diqqəti bərpa etməyə kömək edir. Lakin bu təsir hər kəsdə eyni deyil.
1980-ci illərdə aparılan araşdırmalardan birində öd kisəsi əməliyyatı keçirən və pəncərədən ağacları görə bilən xəstələrin digər xəstələrə nisbətən orta hesabla bir gün daha tez evə buraxıldığı müəyyən edilib. Onların daha az ağrıkəsiciyə ehtiyac duyduğu və sağalma prosesində daha az mənfi emosional hal yaşadığı da bildirilib.
Təbiətin təsiri yalnız xəstəxanalarla məhdudlaşmır. ABŞ-da aparılan bir araşdırmada həftədə 3-4 dəfə təbiət görüntülərinə baxan məhbusların zorakılıq hadisələrində iştirakının 26 faiz azaldığı müşahidə olunub.
Təbiət bizə necə təsir edir?
Alimlər bunun bir neçə səbəbi olduğunu düşünür. Stressin azalması nəzəriyyəsinə görə, təbii mühit parasimpatik sinir sistemini aktivləşdirərək ürək döyüntüsünün və stress səviyyəsinin azalmasına kömək edir.
Diqqətin bərpası nəzəriyyəsinə görə isə şəhər mühitindəki səs-küy və digər diqqət yayındırıcı amillər zehni yorur. Təbiət isə diqqəti daha az yükləyərək beynin dincəlməsinə və yenidən fokuslanmasına şərait yaradır.
ABŞ-da aparılan araşdırmada 50 dəqiqə təbiətdə gəzən insanların şəhərdə gəzənlərlə müqayisədə işçi yaddaşında yaxşılaşma və narahatlıq səviyyəsində azalma müşahidə edilib.
Təbiət hər kəsə eyni təsir göstərmir
Mütəxəssislər təbiətin təsirinin insandan-insana dəyişə biləcəyini vurğulayırlar. Yaponiyada aparılan bir araşdırmada gənc kişilərin təxminən 80 faizində meşədə vaxt keçirdikdən sonra parasimpatik sinir sisteminin aktivliyi artıb, 20 faizində isə azalıb.
Başqa bir araşdırmada geniş yaşıllıq, səhra və ofis mühiti müqayisə edilib. Gözlənilmədən səhra mənzərəsinin də stressin azalmasına yaşıllıq qədər kömək etdiyi müəyyənləşib. Alimlər bunun iştirakçıların səhraya tanış olması və həmin mühitdə özlərini daha təhlükəsiz hiss etməsi ilə əlaqəli ola biləcəyini düşünürlər.
Təbiətlə müntəzəm təmas önəmlidir
Mütəxəssislərə görə, insanın yaşadığı mühit, xatirələri və şəxsi seçimləri təbiətə reaksiyasını formalaşdırır. Buna görə də hər kəs üçün eyni təbiət mənzərəsinin eyni faydanı verəcəyini söyləmək mümkün deyil.
Dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşadığı nəzərə alınaraq, mütəxəssislər xüsusilə uşaqların məhəllələrdə, məktəb həyətlərində və digər ərazilərdə təbiətə çıxış imkanlarının artırılmasının vacibliyini vurğulayırlar.
Araşdırmalar göstərir ki, təbiətlə qısa və müntəzəm təmas belə zamanla əhval və düşüncə tərzinə müsbət təsir göstərir. Bu təsirlər günlər, həftələr və aylar ərzində təkrarlanaraq daha nəzərəçarpan nəticələr yaradır.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
