İyul 8, 2026
Baku
Ədəbiyyat

Təbiət fədaisi, elm təşnəsi-Həsən Əliyev

     Dünyada elə  şəxsiyyətlər olur ki,  onlar ömürlərini millətin yolunda şam kimi əridir, hələ sağ ikən əbədilik qazanır və həyatla vidalaşandan sonra sanki ikinci ömür yaşayır, daim xatırlanırlar. Tarixdə belə  şəxsiyyətlər hələ sağlıqlarında ikən özlərinə abidə ucalda bilirlər. Xalqımızın görkəmli oğlu, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, təbət vurğunu akademik Həsən Əliyev belə şəxsiyyətlərdən idi. Həsən Əliyevin elmi-içtimai fəaliyyətinin spektri çox geniş və hərtərəfli olmuşdur. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni zamanda torpaqşünas və ekoloq alim idi. 50 ildən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti dövründə onun Azərbaycanda torpaqşünaslıq elminin inkişafında və formalaşmasında böyük rolu olmuşdur.  Akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə qloballaşmış ekocoğrafi problemlərin həlli sahəsində əvəzsiz tövsiyyələri və xidmətləri olmuşdur. Onun elmi-içtimai yaradıcılıq fəaliyyəti olduqca geniş və çoxsahəlidir. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni zamanda  böyük torpaqşünas kimi  tanınırdı. Akademik  H. Əliyev Azərbaycanı daim çiçəklənən varlı, qüdrətli bir dövlət kimi görmək istəyi ilə yaşayan, tariximizi, folkloru dərindən bilən vətənpərvər alim, qayğıkeş bir ziyalı idi. Təkrarsız  zəka sahibi olmuş bu şəxsiyyətlə ünsiyyət zamanı müxtəlif elm sahələrində çalışan mütəxəsislər öz həmkarları ilə fikir mübadiləsi aparardılar. Coğrafiyaçılar onu coğrafiyaşünas,  torpaqşünaslıq sahəsində çalışanlar torpaqşünas,  botaniklər isə onu botanik hesab edirdilər.  O, Azərbaycan xalqının çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı idi. Əminliklə deyə bilərəm ki, vətənə təmənnasız xidməti ilə insanların yaddaşında əbədi iz buraxmış şəxsiyyətlər içərisində H.Əliyevin  özünəməxsus yeri var. Ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı  gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir.  H.Əliyevin ömür yolu bəşəriyyətə və insanlığa nümunə, örnəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublikanın Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, kənd təsərrüfatı elmləri doktoru, professor  Həsən Əlirza oğlu  Əliyev çox böyük və samballı  həyat yolu keçmişdir…

     Onu Azərbaycandan kənarda da yaxşı tanıyırdılar. Əsərləri rus, ingilis, fransız dillərində çap olunaraq ABŞ-da, Almaniyada, Rusiyada, Fransada, Yaponiyada və başqa ölkələrdə yayılmışdır. Akademikin biogeosenologiya, biocoğrafiya, torpaq eroziyası sahələrində apardığı elmi-tədqiqat işləri xarici alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ 1960-cı ildən Brüsseldə “Azərbaycanın dağlıq rayonlarında torpaq eroziyasının inkişafı və bu prosesin qarşısının alınması” adlı monoqrafiyası çap olunmuş, elm adamları onu yüksək qiymətləndirmişlər. Akademik Coğrafiya insitutuna rəhbərlik etdiyi illərdə torpaq-ekoloji tədqiqatçılara və meşəçilik elminin inkişafına geniş yer verirdi. Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir.  Böyük alim ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda, quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış və bu sahədə xeyli tövsiyələr vermiş, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirmişdir.  Həsən Əliyev 1949-1952-ci illərdə Azərbaycanda EA Botanika İnstitutuna rəhbərlik etdiyi zaman institutun meşəçilik labarotoriyası və həmin ətrafda Botanika, Mərdəkan qəsəbəsində isə dendrologiya bağlarının zənginləşdirilməsinə nail olmuşdur. Alim  bütövlükdə dağlıq və düzən ərazilərin ekocoğrafi problemlərinin kifayət qədər öyrənilməsinə nail olmuşdur. Onun bu baxımdan “Böyük Qafqazın şimal-şərq  hissələrinin meşə və meşə-bozqır torpaqları” adlı monoqrafiyası bu gün də torpaqşünasların və meşəçi mütəxəssislərin geniş istifadə etdiyi mənbədir.

Həsən müəllim  Azərbaycan EA Nəbatat institunun direktoru olan zaman onun rəhbərliyi altında “Azərbaycan florası” kitabının hazırlanması  bu insanın dendrologiya elminə dərindən bələd olduğunu sübut edirdi. Xüsusilə ağac və kol cinslərinin  dendroloji xüsusiyyətlərini müəyyənləşdirməklə alim, tarixi bitki örtüyünü elmi  əsaslarla qiymətləndirmiş Azərbaycan Kiçik Qafqaz, Talış dağlıq zonası və Mərkəzi aran ərazilərində bitki örtüyünü açıqlamaqla isə onların ekocoğrafi və dendroloji xüsusiyyətlərinin təhlilini vermişdir. Azərbaycanda 1952-1957-ci illərdə akademik Həsən Əliyev Elmlər Akademiyasının akademik katibi vəzifəsində işləyən zaman meşə torpaqlarının öyrənilməsini ən vacib tədqiqat işi hesab edərək zəngin meşə torpaqşünaslığı labaratoriyası yaratmışdır. Həmin labaratoriyada Qafqazın torpaqlarının genetik-coğrafi cəhətləri öyrənilmişdir. 1959-cu il də Mərdəkan qəsəbəsindən Bərdə şəhərinə köçürülən Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunun müasir tələbələrə cavab verən laboratoriyalarının, həmin ərazidə münasib dendrologiya bağının yaradılması üçün 150 hektarlıq ərazinin müəyyənləşdirilməsinə nail olmuşdur və lazımli elmi məsləhətlər vermişdir. 1970-ci illərə qədər Abşeron yarmadasının, xüsusilə Bakı şəhərinin yaşıllaşdırılması, demək olar ki, tələblərə cavab vermirdi. Onun 10 ildən artıq yaşıllaşdırma işləri sahəsində apardığı elmi və təşkilati fəaliyyətinin bəhrəsi olaraq 1982-ci ildə məlum oldu ki, Bakı şəhərində adam başına düşən yaşıllıq norması 7-8 kvadratmetrdən 18-20 kvadratmetrə çatmışdır. Bu hal isə ekoloji baxımdan adambaşına düşən yaşıllıq normasına uyğun idi. Həsən müəllim Azərbaycan Təbiəti Mühafizə  Cəmiyyətinin mərkəzi şurasını təşkil etmiş və ona 20 il rəhbərlik etmişdir. O, yaradıcı alimləri, təbiətsevərləri həmin cəmiyyətin ətrafında toplayaraq geniş içtimaiyyətin səyini Azərbaycan təbiətinin mühafizəsi işinə cəlb etmişdir.

Alim “Azərbaycan təbiəti” jurnalını təsis etməklə bütün respublika içtimaiyyətinin diqqətini həmin sahəyə yönəltmiş, geniş  maarifləndirmə işi aparmışdır. Akademik vətənimizdə ətraf mühitin mühafizəsi və təbiəti bərpa məsələləri üzrə elmi-praktiki əsaslar yaratmışdır və uzaqgörənliklə bu sahədə kadr hazırlığına böyük ehtiyac olduğunu göstərmişdir. Məhz bu ideya ilə əlaqədar 1979-cu ildə respublikamız üçün Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin nəzdnində Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının yaradılması təklifini vermiş və həmin kafedranın açılmasında öz səyini əsirgəməmişdir. Həsən müəllim hələ 1980-cı illərdən başlayaraq Azərbaycan Təbiəti Mühafizə  Cəmiyyəti ilə “Bilik” Cəmiyyətinin birgə keçirdiyi elmi seminarlarda nəzəri-praktiki əhəmiyyət  kəsb edən mühazirələrlə çıxış edirdi. O, deyirdi ki, “Dünya meşələrinin çox kiçik tərkib  hissəsi olan Azərbaycan meşələri cins tərkibi ilə yüksək zənginliyə malikdir. Ümumi ərazimizin 12 faizə qədərini təşkil edən meşə fonunda dünyada nəsli kəsilməkdə olan 70-dən artıq ağac və kol cinsləri mövcuddur. Bu məqsədlə bizim təşəbbüsümüzlə, 1982-ci ildə Azərbaycan hökuməti belə əraziləri təbiət abidələri kimi qiymətləndirərək pasportlaşdırılmasını həyata keçirdi. Bu işləri təqdirəlayiq hesab etmək lazımdır.

H.Əliyev hesab edirdi ki, Kür Boyu Eldar şamı əkilməsi təqdirəlayiqdir. Lakin onun yanğın təhlükəsi daha böyük olduğu üçün müxtəlif cinslərlə qarışıq əkilməsi daha məslətlidir. O, meşəçilərlə söhbət zamanı deyirdi ki, biz indi artıq yüksək elmi nailiyyətlərə və təcrübəyə malikik. Odur ki, elmi-tədqiqat institutlarının tövsiyələrinə əsaslanaraq təsərrüfat planlarını tərtib etməliyik.  Azərbaycanın müxtəlif ərazilərində, xüsusilə Aran Qrabağda daha böyük massivə saqqız meşələri onun diqqət mərkəzində idi. O, 1970-ci illərdən başlayaraq 400 ildən də yuxarı yaşı olan saqqız, palıd, digər cinslərdən ibarət Soltanbud meşəsində stsionar təcrübə sahəsi yaratmışdı. Akademik mütəmadi olaraq həmin sahəni müşahidə edir, əsasən təbii bərpanın gedişatını izləyirdi. Həmin sahələrdə müşahidə aparmaqla müşahidələri qeydə alırdı. Saqqız ağaclarının suya daha az tələbkar, oduncağı qiymətli, meşə əmələgətirmə xüsusiyyəti yüksək olduğunu nəzərə alaraq onun əvəzsiz rolunu qiymətləndirir və dünyada nəsli kəsilməkdə olduğundan bu ağacı daha çox öyrənməyi təklif edirdi. Həsən müəllim Kiçik Qafqazın  da ən qiymətli meşə sahələrinin  ciddi qorunmasını və onun bərpasını arzulayırdı. O, çinarın, qırmızı palıdın və ayıfındığı kimi başcinslərin Kiçik Qafqazda böyük meşə əmələgətirmə əhəmiyyətindən danışır və həmişə qeyd edirdi ki, bu ərazilər ciddi mühafizə olunmaqla təbii bərpa üçün yüksək təsərrüfat fəaliyyəti tələb edir. Həsən Əliyevin elmi fəaliyyətlərinin mühüm hissələrindən biri də Böyük Qafqaza həsr olunmuşdur. Eləcə də Böyük Qafqazın cənub-şərq yamaclarını, Abşeron yarımadasını və Bakı ətrafı florasını dərindən öyrənirdi. Onun Abşeron yarımadasında, Dəvəçi, Siyəzən rayonları ərazisində apardığı elmi-praktiki işlərdən bu gün də qiymətli əsər kimi yararlanırıq. Qeyd etmək lazımdır ki, Həsən müəllimin təbiəti mühafizə və təbiəti bərpa sahəsindəki elmi tədqiqatları və tövsiyələri bu gün də fəaliyyətimiz üçün önəmlidir.

          H.Əliyev həddən artıq işgüzar alim idi. O, vaxtını boş keçirməyi sevməzdi. Həsən müəllim ya masa arxasında yazar, ya institutda işləyər, yaxud da məqsəyönlü səyahətə çıxardı. Təbiət onun canı və varlığı idi. Təbiətsiz onun bir an rahatlığı yox idi. O, hər zaman  getdiyi, gördüyü, duyduğu yerlərdən yazar, çöldən topladığı materiallardan şəxsi görüş və mühazirələr zamanı istifadə edərdi. Akademik  H.Əliyev ömrünün yarım əsrdən çoxunu respublikada çoğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsi və ekologiya məsələlərinə həsr etmişdir. Onun monoqrafik əsərləri elmi içtimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.  Həsən müəllimin elmi məruzəçiləri dünyanın bir çox ölkələrində keçirilmiş mötəbər yığıncaqlarda dinlənilmişdir. H.Əliyev beş qitənin 12 dövlətində keçirilmiş simpoziumlarda, konfranslarda iştirak etmişdir. Həsən müəllimin 1940-cı ildə çapdan çıxmış ilk kitabına-“Pirssat çayının  aşağı axını torpaqlarının tədqiqatı”na Respublika Akademiyasının mükafatı verilmişdir. Onun əsərləri elmimizin qızıl fonduna layiqli töfhədir.

       İnsanlarda təbiətə qarşı mədəni rəftar, sağlamlığın təminatçısı baxımından həmişə qiymətli olmuş və bu gün də öz dəyərini qoruyub saxlayır. Belə şəxsiyyətlərdən biri uzun illər Azərbaycan təbiətinin böyük təşəbbüskeşi, Azərbaycan xalqının dünya şöhrətli alimi, akademik Həsən Əliyev olmuşdur.  Həsən Əliyev üçün Azərbaycan təbiəti müqəddəs varlıq idi. Necə deyərlər, o, ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alaraq ilin bütün fəsillərində özünəməxsus  gözəllikləri olan vətənimizi gəzir, təbiətin dərdini öyrənir, qayğısına qalırdı. Talış dağlarından bağlamış Böyük Qafqazın ətəklərinədək, Kür qırağından başlamış Göy-gölə kimi meşələrdə ağacları, körpə fidanları tanıyır, palıdların, çinarlarların yaşını bilirdi.

   Azərbaycan torpağını addım-addım, qarış-qarış gəzən, hər qayaya, hər bitkinin yarpağına nəzər salan, hər torpağın profilinə diqqət yetirən, flora və faunanın özünəməxsus dilini bilən vətənpərvər alim Azərbaycan florasının simvolu olan Eldar şamının geniş sahələrində introduksiyasından, Şərq palıdının pasportlaşdırılmasından, nadir, relikt endem ağacların qorunub saxlanılması və artırılmasından, hər əkilən bitkinin pöhrələnməsindən və başqa  faydalı işlərdən nə qədər böyük fərəh hissi duyurdusa, ayrı-ayrı rayonlarda təbii meşəliklərin qırılaraq əkin sahələrinə çevrilməsindən, təbiətə qarşı nankor münasibətdən də eyni dərəcədə narahatlıq hissi keçirir və bunlara qarşı barışmaz mövqedə duraraq daim mübarizə aparırdı.

Akademikin respublikada xüsusi çəkisi və hörməti var idi. Onu ürəkdən sevənlər, onun gördüyü işlərdən fərəhlənənlər, onun qayğıkeşliyini, ədalətsizliyə qarşı söz deməsini bəyənənlər az deyildir. Onu xalqa sevdirən onun talantlı torpaqşünas olması, Azərbaycan təbiətində  baş verməkdə olan neqativ cəhətlərə qarşı çıxaraq cəsarətlə həyəcan təbili çalması, respublikada kadr hazırlığına qayğı göstərən, mərd, dəyanətli bir insan olması idi. Alim əməyi itmir. Azərbaycan elminin qızıl fonduna daxil olmuşların biri də məhsuldar vətənpərvər alim, akademik  H.Əliyevdir.  Əsl alim nur mənbəyidir. Belə alim bütün dünyaya nur saçmalıdır. Əgər onun elm işığı bütün dünyaya yayıla bilmirsə, heç olmasa öz ətrafını, öz şəhərini, yaxud kəndini və ya evini işıqlandırmalıdır. Bu idi akademik Həsən Əlirza oğlu  Əliyev.Torpağı nurla dolsun!

AYNUR TURAN 

Gundelik.az