Gundelik.az Dünya Süni intellektdə Türk imzası: Rəqəmsal transformasiya başlayır
Dünya Xəbərlər

Süni intellektdə Türk imzası: Rəqəmsal transformasiya başlayır

Müdafiə sənayesi məhsulları ilə dünyanın diqqətini çəkən Türkiyə, gələn ay açıqlamağa hazırlaşdığı yeni süni intellekt strategiyası ilə oxşar transformasiyanı rəqəmsal dünyaya da daşımağı hədəfləyir.

Qlobal iqtisadiyyatda istehsaldan müdafiəyə, maliyyədən dövlət xidmətlərinə qədər bir çox sahədə təsirini artıran süni intellekt texnologiyaları Türkiyədə də hökumət və özəl sektorun əsas prioritetlərindən birinə çevrilib.

Türkcə böyük dil modelləri, dövlət tətbiqləri, məlumat mərkəzi infrastrukturu, startap ekosistemi və müdafiə sənayesi yönümlü addımlarla ölkənin süni intellekt potensialının genişləndirilməsi planlaşdırılır.

Bu məqsədlə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası ilə işlər aparılır, həmçinin Prezident yanında Müdafiə Sənayesi İdarəsi də prosesə qoşulub. TÜBİTAK-dan HAVELSAN-a qədər müxtəlif qurumların fəaliyyəti Türkiyəni “süni intellekt dövrü”nə hazırlamağı hədəfləyir.

Yeni fəaliyyət planı hazırlanır

Türkiyə bu sahədəki strategiyasını yeniləmək üçün hərəkətə keçib. Sənaye və Texnologiya Nazirliyi yeni “Süni İntellekt Fəaliyyət Planı” üçün “ortaq ağıl” və “ictimai iştirak” prinsipləri əsasında təklif və rəylər toplayıb.

Hazırlanan yeni strategiya sənədinin son düzəlişlərdən sonra gələn ay ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Planın əsas məqsədi Türkiyəni süni intellekt texnologiyalarını hazırlayan, istehsal edən və qlobal rəqabətdə önə çıxan güclü infrastruktura malik qabaqcıl ölkələrdən birinə çevirməkdir.

Yeni yol xəritəsinə əsasən süni intellekt üçün hesablama gücünün artırılması, sənayedən səhiyyəyə, maliyyədən dövlət xidmətlərinə qədər bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi nəzərdə tutulur.

Bunun üçün qarşıdakı dövrdə süni intellekt üzrə mütəxəssis hazırlayan təhsil proqramlarının genişləndirilməsi planlaşdırılır. Eyni zamanda dövlətin sahib olduğu böyük məlumat bazasının dəyərə çevrilməsi üçün yeni həllərin hazırlanması da hədəflənir.

Süni intellektin “türkcə”si inkişaf etdiriləcək

Türkiyənin süni intellekt sahəsində ən diqqətçəkən layihələrindən biri türkcə böyük dil modelidir.

T3 Vəqfi və Baykar əməkdaşlığı ilə hazırlanan “T3 AI” layihəsi 2025-ci ilin iyulunda NSosial beta versiyası ilə istifadəyə verilib. Açıq mənbə kodlu şəkildə inkişaf etdirilən model yalnız türkcə deyil, digər dillərlə də işləyə bilir.

Layihənin tərəfdaşları arasında Türkiyə Milli Təhsil Nazirliyi, Anadolu Ajansı, TRT, TÜBA, SETA və Microsoft yer alır.

Digər tərəfdən, TÜBİTAK tərəfindən hazırlanan yeni böyük dil modeli üzərində də işlər davam edir. Məqsəd bu texnologiyanın türkcə düşünə bilməsini və dili daha yaxşı anlamasını təmin etməkdir. Türkiyə bununla süni intellekt sahəsində öz milli istiqamətini formalaşdırmağı planlaşdırır.

Hiper miqyaslı məlumat mərkəzləri

Türkiyə həmçinin məlumat mərkəzi investisiyalarını ölkəyə cəlb etmək üçün fəaliyyətini sürətləndirib.

Bu çərçivədə Turkcell və Google Cloud əməkdaşlığı ilə Ankarada qurulacaq hiper miqyaslı məlumat mərkəzlərinin məlumatların xaricə çıxmadan Türkiyədə saxlanılması və emal edilməsinə imkan yaratması planlaşdırılır.

Bu mərkəzlərin 2028-ci ildə tam gücü ilə fəaliyyətə başlaması gözlənilir.

Müdafiə sənayesi də prosesdədir

Müdafiə sənayesi də süni intellekt layihələrində aparıcı rol oynayır. Müdafiə məhsulları ilə dünya miqyasında diqqət çəkən Türkiyə, oxşar uğuru rəqəmsal sahəyə də daşımaq istəyir.

Bu çərçivədə Prezident yanında Müdafiə Sənayesi İdarəsi yanvarda “ALFA Süni İntellekt, Kvant və Avtonom Sistemlər Təlimi” üçün məlumat sorğusu sənədi yayımlayıb.

Təlim ssenarilərinə sistemlərin birgə işləməsi, ortaq yerüstü idarəetmə stansiyası, şəhər və qapalı məkan əməliyyatları, sürü texnologiyaları, kritik sualtı obyektlərin qorunması və pilotsuz uçuş aparatlarının kvant açar paylaşımı ilə əlaqə qurması kimi mövzular daxildir.

HAVELSAN tərəfindən hazırlanan MAIN Korporativ Süni İntellekt Platforması da Türkiyənin müdafiə və dövlət yönümlü süni intellekt həlləri arasında göstərilir.

Şirkətin açıqlamasına görə platformada türkcənin incəliklərini anlaya bilən 9 milyard parametrli böyük dil modeli mövcuddur. MAIN platforması 200-dən çox dildə mətn anlama, tərcümə və xülasə çıxarma, səsli əmrlərin işlənməsi, iclas qeydlərinin hazırlanması, kod asistenti, taktiki planlama, media analizi və kibertəhlükəsizlik asistenti kimi imkanlar təqdim edir.

Dövlət qurumları da süni intellektə keçid edir

Türkiyədə dövlət qurumları da süni intellekt transformasiyasına yönəlmiş layihələr həyata keçirir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəqəmsal məkanda düzgün məlumatın qorunması və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət internet saytlarında süni intellektə uyğun texniki standartların tətbiqinə başlayıb.

Bu sistem sayəsində dövlət qurumlarının saytlarındakı məlumatların süni intellekt sistemləri tərəfindən daha düzgün tanınması və şərh edilməsi gözlənilir.

Beləliklə, rəsmi məlumatların bütövlüyünün qorunması, dövlət məzmunlarının görünürlüğünün artırılması və Türkiyənin rəqəmsal kommunikasiya imkanlarının gücləndirilməsi hədəflənir.

Bu addım yalnız texniki yenilənmə deyil, həm də informasiya çirkliliyi, manipulyasiya və rəqəmsal dezinformasiyaya qarşı strateji müdafiə xətti kimi qiymətləndirilir.

Kommunikasiya İdarəsi eyni zamanda 18 milyondan çox istifadəçisi və 2,4 milyondan artıq süni intellekt modelinə ev sahibliyi edən açıq mənbə platforması Hugging Face-ə qoşularaq burada məzmun paylaşan ilk dövlət qurumu olub.

Türk dövlətləri ilə ortaq əməkdaşlıq

Türkiyə süni intellekt sahəsində türk dövlətləri ilə əməkdaşlığı da genişləndirməyi planlaşdırır.

Mayın 15-də Türkistan şəhərində “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda keçirilən Türk Devletleri Teşkilatı qeyri-rəsmi zirvəsində bu sahə ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Üzv ölkələr mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, türk dillərinin qorunması və inkişaf etdirilməsi, təhsil platformalarının təkmilləşdirilməsi, səhiyyə texnologiyalarının yaxşılaşdırılması və iqtisadi inteqrasiyanın artırılması məqsədilə Türkiyənin təşəbbüsü ilə Türk Böyük Dil Modelinin və əlaqəli süni intellekt alətlərinin inkişafını müzakirə edəcəklər.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatının Süni İntellekt və Rəqəmsal İnkişaf Fəaliyyət Planının hazırlanmasına qərar verilib. Planın ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version