Gundelik.az Elm və təhsil Süni intellekt gələcək xəstəlikləri proqnozlaşdıra biləcək
Elm və təhsil Xəbərlər

Süni intellekt gələcək xəstəlikləri proqnozlaşdıra biləcək

Elm adamları insanların yaxın 10 ildə hansı xəstəliklərə tutulacağını proqnozlaşdıra bilən yeni süni intellekt modeli hazırlayıblar.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Avropa Molekulyar Biologiya Laboratoriyası, Almaniya Xərçəng Araşdırma Mərkəzi (DKFZ) və Kopenhagen Universitetinin alimlərinin birgə yaratdığı “Delphi-2M” adlı model tibbi qeydlər əsasında işləyir və xəstəlikləri “hava proqnozu” kimi əvvəlcədən müəyyənləşdirə bilir.

Süni intellekt sistemi Böyük Britaniyada 400 min insanın anonim tibbi məlumatları əsasında hazırlanıb və daha sonra Danimarkadan 1,9 milyon insanın məlumatları ilə sınaqdan keçirilib. Araşdırma göstərib ki, model xüsusilə 2-ci tip diabet, infarkt və sepsis kimi xəstəliklərin proqnozlaşdırılmasında yüksək dəqiqlik nümayiş etdirir.

Tədqiqatı aparan professor Ewan Birney bildirib: “Necə ki, hava proqnozunda yağış ehtimalını 70 faiz demək mümkündürsə, səhiyyədə də eyni yanaşmanı tətbiq edə bilərik”.

Mütəxəssislərin sözlərinə görə, model hələ kliniki istifadəyə tam hazır deyil, lakin yüksək riskli xəstələrin erkən diaqnozunda, profilaktik müalicəsində və səhiyyə sistemində xəstə sıxlığının planlaşdırılmasında mühüm rol oynaya bilər.

Alimlər qeyd ediblər ki, hazırda model əsasən 40–70 yaş arası insanların məlumatları üzərində sınaqdan keçirilib. Klinik istifadəyə verilməzdən əvvəl daha geniş yaş qrupları və əlavə tibbi göstəricilər – o cümlədən görüntüləmə, genetik test və qan analizləri də nəzərə alınaraq təkmilləşdiriləcək.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Gundelik.az

Exit mobile version