ABŞ-da, xüsusilə texnologiya şirkətlərinin süni intellektə yatırımlarını artırması və fəaliyyətlərini daha səmərəli təşkil etmək üçün yenidən strukturlaşdırması işdən çıxarmaların sürətlənməsinə səbəb olur.
Xüsusilə texnologiya nəhəngləri olmaqla, bir çox şirkət məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və süni intellekt əsaslı yenidənqurma aparmaq məqsədilə minlərlə əməkdaşını ixtisar edir.
Süni intellekt artıq şirkətlərin işçi ixtisarına dair qərarlarını əsaslandırarkən ən çox göstərdiyi səbəblərdən birinə çevrilib. Məlumatlar göstərir ki, xüsusilə texnologiya sektorunda işçi sayının azaldılması sürətlənir və şirkətlər daha az əməkdaşla daha yüksək məhsuldarlığa nail olmağa çalışırlar.
İşdən çıxarmaları izləyən Challenger, Gray & Christmas şirkətinin məlumatına görə, may ayında elan edilən ixtisarların təxminən 40 faizi süni intellektin tətbiqi ilə əlaqələndirilib. Bu göstərici yanvarda 7 faiz, fevralda 10 faiz, martda 25 faiz, apreldə isə 26 faiz olub.
Beləliklə, süni intellekt şirkətlərin işdən çıxarma qərarlarında ən çox istinad etdiyi səbəbə çevrilib və bu tendensiya ən çox texnologiya sektorunda müşahidə olunur.
Bu ilin ilk beş ayında texnologiya sektorunda elan edilən işçi ixtisarlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfərə çatıb.
İqtisadçılar bildirirlər ki, işdən çıxarmaların artması təkcə süni intellektlə bağlı deyil. COVID-19 pandemiyasından sonra həddindən artıq işə qəbul, artan xərclər və şirkətlərin yenidən strukturlaşdırılması da bu qərarlara təsir göstərən əsas amillərdəndir.
Oracle 21 min əməkdaşını ixtisar edib
ABŞ-ın proqram təminatı şirkəti Oracle iş proseslərini süni intellekt texnologiyalarına uyğun yenidən qurması nəticəsində son bir ildə əməkdaşlarının sayını 162 mindən 141 minə endirib.
Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi hesabatda bildirilir:
“Fəaliyyətimiz boyunca süni intellekt texnologiyalarının tətbiqi işçi sayının azalmasına səbəb olub və gələcəkdə də bu proses davam edə bilər.”
GitLab süni intellekt infrastrukturuna üstünlük verir
Proqram təminatı şirkəti GitLab da süni intellekti biznes modelinin əsas istiqamətlərindən birinə çevirmək məqsədilə strategiyasını dəyişib.
Şirkət işçi qüvvəsinin təxminən 14 faizini, yəni 350 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Rəhbərlik bildirib ki, süni intellekt əsaslı iş yükünün artması səbəbindən infrastruktur yenidən qurulur, şirkət 22 ölkədə fəaliyyətini dayandıracaq, idarəetmə pillələri isə sadələşdiriləcək.
Meta minlərlə əməkdaşını süni intellekt yönümlü vəzifələrə keçirəcək
ABŞ-ın texnologiya nəhəngi Meta təxminən 8 min əməkdaşını işdən çıxarmağı, eyni zamanda 7 min nəfəri süni intellektlə bağlı yeni vəzifələrə keçirməyi planlaşdırır.
ABŞ mətbuatının məlumatına görə, şirkətin baş direktoru Mark Zuckerberg əməkdaşlara göndərdiyi məktubda bildirib ki, süni intellekt sahəsində kəskin rəqabət şəraitində uğur qazanmağa heç bir zəmanət yoxdur və buna görə də bu addımlar zəruridir.
Meta bu ilin yanvarında Reality Labs bölməsində çalışanların təxminən 10 faizini ixtisar etmiş, mart ayında isə yüzlərlə əməkdaşın işdən çıxarıldığı növbəti ixtisar dalğasını həyata keçirmişdi.
Intuit, Cisco və Cloudflare də yenidən strukturlaşır
Vergi və maliyyə proqramları hazırlayan Intuit strateji istiqamətlərə, o cümlədən süni intellekt layihələrinə daha çox diqqət ayırmaq məqsədilə tam ştatlı əməkdaşlarının 17 faizini ixtisar edəcəyini açıqlayıb.
Cisco təxminən 4 min əməkdaşını işdən çıxararaq resurslarını süni intellekt və digər inkişaf istiqamətlərinə yönəldəcək.
Cloudflare isə süni intellekt dövrünün tələblərinə uyğun təşkilati struktur qurmaq məqsədilə 1100-dən çox əməkdaşını ixtisar edib.
Coinbase, PayPal və Snap-da da süni intellekt təsiri
Kriptovalyuta birjası Coinbase bazar şərtləri və süni intellektə keçidi əsas gətirərək əməkdaşlarının təxminən 14 faizini ixtisar edəcəyini açıqlayıb.
Maliyyə texnologiyaları şirkəti PayPal qarşıdakı üç il ərzində işçi sayını 20 faiz azaltmağı və süni intellekti bütün fəaliyyət sahələrinə inteqrasiya etməyi planlaşdırır.
Sosial media şirkəti Snap isə gəlirliliyi artırmaq məqsədilə işçi heyətinin 16 faizini, yəni təxminən 1000 əməkdaşını ixtisar edəcək, eyni zamanda 300-dən çox vakant vəzifəni bağlayacaq.
Şirkətin baş direktoru Evan Spiegel bildirib ki, süni intellektin sürətli inkişafı təkrarlanan işlərin həcmini azaldır və iş proseslərini daha səmərəli edir.
Bundan əlavə, Angi, Atlassian, Block, Crypto.com və Wix də bu il süni intellektə əsaslanan yenidənqurma strategiyaları çərçivəsində işçi ixtisarına gedən şirkətlər sırasında yer alır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

