8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü Cənubi Qafqaz üçün yalnız diplomatik protokol deyildi, o, uzun illərin münaqişə dilini infrastrukturun dili ilə əvəzləyən bir məqam idi. Ağ Evdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədlər paketinin mərkəzində ABŞ vasitəçiliyi ilə formalaşan və “Trump Route for International Peace and Prosperity” – qısa adı ilə “TRIPP” adlandırılan yeni tranzit marşrutu dayanır. Bu saziş təkcə düşmənçiliyin rəsmi yekunu deyil, regionun ticarət–enerji xəritəsini yenidən çəkən siyasi-iqtisadi çərçivədir.
“TRIPP”-in Azərbaycan üçün çox mühüm geosiyasi və strateji əhəmiyyətə malikdir. Birincisi, Naxçıvanın ölkənin əsas ərazisi ilə sabit və proqnozlaşdırıla bilən quru bağlantısı “şəbəkə bütövlüyü”nü praktik müstəvidə bərpa edir. İkincisi, Bakı bu marşrutla Orta Dəhlizdə (Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa) təkcə keçid məntəqəsi deyil, “qərarverici tranzit” statusuna yüksəlir: yüklərin ritmi, sığorta dəyəri, rəqəmsal gömrük axınları artıq rəsmi Bakının koordinasiyasında olur. Üçüncüsü, TRIPP marşrutunun müəyyən hissəsində ABŞ-a infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və iqtisadi istifadəsi üçün eksklüziv səlahiyyət və imkanlar verilir ki, bu, regional güc balansında Bakının manevr imkanlarını genişləndirir.
Təsadüfi deyil ki, Ankara bu xətti açıq alqışladı və TRIPP-i Avropanı Asiyanın dərinlikləri ilə Türkiyə üzərindən birləşdirən yeni damar kimi dəyərləndirdi. Çünsində ABŞ-ın investisiya-hüquqi müdaxiləsi tranzit risklərini aşağı salır, yük axınlarını Bakı–Tbilisi–Qars xətti və Türkiyənin liman ekosistemi ilə daha sıx bağlayır.
Ümumilikdə götürdükdə, Sazişin Vaşinqtonda imzalanması Cənab İlham Əliyevin 2020-ci ildən bəri mərhələli strategiyasının məntiqi davamıdır: əvvəlcə hərbi reallığın bərpası, sonra hüquqi normallaşma konturlarının çəkilməsi, indi isə bu reallığın iqtisadi inteqrasiyada institusionallaşdırılması. Ağ Evdə imzalanan paketə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin də daxil edilməsi (bu platformanın tarixi rolunu nəzərə alsaq) vasitəçilik arxitekturasının yenilənməsi mənasına gəlir. Bakı üçün bu, “münaqişədən sonrakı nizamın” məsuliyyətini öz infrastruktur dilində daşımaq deməkdir.
ABŞ rəsmiləri TRIPP-in uğurlu icrasını daha geniş regional proseslər, o cümlədən Azərbaycanın mümkün yeni diplomatik platformalara inteqrasiyası üçün “açarlı halqa” kimi görür. Bakı üçün isə əsas olan, bu fürsəti təntənəli mərasimdən əməli nəticələrə çevirməkdir: etibarlı cədvəl, şəffafgöstəricilər, çevik idarəetmə və ictimai legitimlik.
Nəticədə, TRIPP Azərbaycanın iqtisadi coğrafiyasında sadəcə bir xətt deyil, bu, suveren nəqliyyat əlçatanlığının necə deyərlər, siyasi–iqtisadi tərcüməsidir. Bu isə, Cənab İlham Əliyevin son onillik geosiyasi manevrinin məhz gücünü göstərir: sabitlik ideyasını sərt təhlükəsizlikdən çəkib infrastrukturun ölçülə bilən və gəlir gətirən dünyasına daşımaq – və bununla da Azərbaycanı regionun “tranzit qərarvericisi”nə çevirmək.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin müəllimi, hüquqşünas
Gundelik.az

