Dediyimiz sözlərin təkcə əhvalımıza deyil, beynimizin kimyəvi fəaliyyətinə də təsir etdiyini bilirdinizmi? Alimlər bildirirlər ki, sözlər dopamin və serotonin kimi neyrotransmitterlərin fəaliyyətini dəyişdirərək xoşbəxtlik, stress və narahatlıq səviyyəsinə təsir göstərə bilir. Bu, yalnız psixoloji deyil, həm də bioloji baxımdan sübut olunmuş bir faktdır.
ABŞ-ın Virginia Tech Universiteti tərəfindən aparılan araşdırmaya əsasən, müsbət sözlərlə qarşılaşan insanlarda dopamin və serotonin səviyyəsi artır, mənfi ifadələrə məruz qalanlarda isə stress hormonları aktivləşir. Bu da göstərir ki, beynimiz sözləri sadəcə anlamır, onlara fizioloji reaksiya da verir.
Bir insana “Sən möhtəşəmsən” dedikdə, təkcə onun əhvalını yaxşılaşdırmırıq, həm də dopamin ifrazını stimullaşdıran real biokimyəvi prosesi işə salırıq. Necə ki, sevimli yemək yemək, idmanla məşğul olmaq və ya yaxın insanlarla vaxt keçirmək beynin mükafat mərkəzini aktivləşdirir, müsbət sözlər də eyni təsiri yaradır. Buna görə də təriflər, sosial şəbəkələrdə alınan bəyənmələr və motivasiyaedici ifadələr insanda xoş hisslər oyadır.
Əksinə, mənfi sözlər beynin kortizol hormonunu artırmasına səbəb olur. Tənqid və neqativ ifadələr “mübarizə apar və ya qaç” reaksiyasını işə salaraq narahatlığı yüksəldir. Bu vəziyyət uzun müddət davam etdikdə depressiya riskini də artırır.
Mütəxəssislər hesab edirlər ki, sözlərin bu gücünü dərk etməklə həm sosial münasibətlərimizi, həm də psixoloji vəziyyətimizi daha sağlam istiqamətdə idarə edə bilərik.
Sözlər beynimizə necə təsir edir?
Klinik psixoloq Mehmet Böyükçorak bildirir ki, sözlər beyində birbaşa nevroloji reaksiyalar yaradaraq kimyəvi və struktur dəyişikliklərini stimullaşdırır:
“Müsbət ifadələr beynin mükafat və xoş hiss mərkəzlərini aktivləşdirir, dopamin və serotonin kimi neyrotransmitterlərin ifrazını artırır.”
Onun sözlərinə görə, hər bir kəlmə sadəcə eşitdiyimiz səs deyil, həm də beynimizdə qalıcı iz buraxa bilən təsir vasitəsidir.
“Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də beynimizin kimyəvi və struktur dinamikasını formalaşdıran güclü amildir. Buna görə də sözlər həyatımızın həm emosional, həm də nevrobioloji tərəflərində dərin və uzunmüddətli təsir yaradır.”
Sözlərin təsiri müvəqqətidirmi?
Mütəxəssisin sözlərinə görə, sözlərin təsiri yalnız həmin anla məhdudlaşmır. Davamlı olaraq eşidilən ifadələr zamanla davranış və düşüncə tərzini formalaşdırır.
“İlk anda beyin eşidilən sözlərə neyrotransmitter reaksiyası verir və bu, əhval-ruhiyyəyə təsir edir. Lakin eyni söz nümunələrinə davamlı məruz qalmaq sinaptik əlaqələrdə qalıcı dəyişikliklər yaradaraq uzunmüddətli emosional və davranış modellərini formalaşdırır.”
Bu proses beynin neyroplastiklik xüsusiyyəti ilə bağlıdır. Yəni müsbət sözlərlə davamlı qarşılaşmaq sağlam düşüncə tərzinin formalaşmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.
Mənfi təsiri necə azaltmaq olar?
Böyükçorak qeyd edir ki, beynin neyroplastiklik qabiliyyəti sayəsində mənfi təsirlər zamanla zəiflədilir.
“Psixoloji yanaşmalar, xüsusilə koqnitiv yenidən qurma üsulları, mənfi düşüncələrin yerinə daha sağlam düşüncə və inanc sistemlərinin formalaşdırılmasına kömək edir. Araşdırmalar göstərir ki, mindfulness (şüurlu fərqindəlik) və meditasiya stress reaksiyasını və mənfi sözlərin təsirini azaltmağa kömək edir.”
Bundan əlavə, ailədən, dostlardan və ya psixoloqdan eşidilən dəstəkləyici sözlər də beynin mükafat sistemini yenidən aktivləşdirərək emosional vəziyyətin yaxşılaşmasına töhfə verir.
Uşaqlıqda eşidilən sözlərin əhəmiyyəti
Beynin ən sürətlə inkişaf etdiyi uşaqlıq dövründə sözlərin təsiri daha güclü olur.
Böyükçorak bildirir:
“Zəngin söz ehtiyatı ilə böyüyən uşaqlar beynin neyroplastiklik xüsusiyyətindən faydalanaraq daha səmərəli öyrənirlər. Dəstəkləyici və müsbət dil onların özünəinamının və emosional intellektinin inkişafına mühüm töhfə verir.”
Nağıllar, hekayələr və ədəbiyyat uşaqların təxəyyülünü inkişaf etdirməklə yanaşı, empatiya bacarıqlarını da gücləndirir.
Motivasiyanı artırmaq üçün necə danışmalıyıq?
Mütəxəssis vurğulayır ki, gündəlik istifadə etdiyimiz dil həm motivasiyamıza, həm də stress səviyyəmizə təsir göstərir.
“Nevrobioloji baxımdan müsbət ifadələr stress hormonlarını azaldır və rahatlıq hissini artırır. Məsələn, ‘Bu gün özümə inanıram və bütün çətinliklərin öhdəsindən gələcəyimə əminəm’ kimi cümlələr motivasiyanı yüksəldir, stressi azaltmağa kömək edir.”
Bu cür müsbət dil vərdişləri həm psixoloji sağlamlığın qorunmasına, həm də gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
