İnternet və sosial media platformalarının istifadəsinə dair dəyişiklikləri əhatə edən qanun Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib. Yeni qanuna əsasən, 15 yaşdan kiçik uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitlərin yaradılması və nəzarətli istifadə təşviq ediləcək.
Əsas dəyişikliklər
15 yaşdan aşağı istifadəçilərə məhdudiyyət
Qanuna əlavə edilən maddəyə görə sosial media platformaları 15 yaşını doldurmamış istifadəçilərə xidmət göstərə bilməyəcək. Bu qaydanın tətbiqi üçün platformalar yaşın təsdiqlənməsi mexanizmlərini qurmağa borcludur. Eyni zamanda, 15 yaşını tamamlamış, lakin yetkinlik yaşına çatmamış istifadəçilər üçün ayrıca xidmət rejimi yaradılmalıdır.
Valideyn nəzarəti mexanizmləri
Platformalar aydın və istifadəsi asan valideyn nəzarəti alətləri təqdim etməlidir. Bu vasitələrlə valideynlər uşaqların hesab ayarlarını idarə edə, istifadə müddətini izləyə və məhdudlaşdıra biləcəklər. Tətbiqdaxili alışlar, icarələr və ödənişli abunəliklər yalnız valideyn razılığı ilə həyata keçiriləcək.
Oyun platformalarına dair tələblər
Qanunvericilikdə ilk dəfə olaraq oyun istehsalçısı, oyun yayımçısı və oyun platforması anlayışları müəyyənləşdirilib. Gündəlik istifadəçi sayı 100 mindən çox olan xarici oyun platformaları Türkiyədə rəsmi nümayəndə təyin etməlidir. Yaş uyğunluğu üzrə qiymətləndirilməmiş oyunların təqdim olunmasına icazə verilməyəcək və valideyn təsdiqi mexanizmləri tətbiq ediləcək.
Sanksiyalar
Tələblərə əməl etməyən platformalara 10 milyon lirədən 30 milyon lirəyədək inzibati cərimələr tətbiq olunacaq. Pozuntular davam edərsə, səlahiyyətli orqanların qərarı ilə sosial media platformalarının internet trafiki 90 faizə qədər, oyun platformalarının isə 50 faizə qədər məhdudlaşdırıla bilər.
Qüvvəyə minmə müddəti
Sosial media və oyun platformaları ilə bağlı əsas maddələr şirkətlərin uyğunlaşması üçün altı ay sonra qüvvəyə minəcək. Digər dəyişikliklər dərc edildiyi tarixdən etibarən tətbiq olunur.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

