İnsan bəzən sözlərin içində gizlənir, bəzən də sözlərlə özünü axtarır. Müasir dövrün səs-küyündə hər kəs danışır, amma az adam anlayır; hər kəs eşidir, amma az adam dinləyir. Elə bu məqamda insanın iç dünyasına enməyi bacaran, onu anlamağın və anlatmağın yollarını birləşdirən yanaşma xüsusi əhəmiyyət qazanır. Psixologiya, təlimçilik və yazıçılıq – bu üç sahə ayrı-ayrılıqda fərqli istiqamətlər kimi görünsə də, əslində insan ruhunun müxtəlif dillərdə ifadəsidir. Bu dilləri bir araya gətirənlər isə təkcə bilik ötürmür, həm də insanın özünü dərk etməsinə körpü salır.
Gundelik.az xəbər portalının yazar, psixoloq-təlimçi Gülər Səfərova ilə söhbəti də məhz bu körpünün üzərində qurulub – insanın içində baş verənləri anlamaq, qəbul etmək və ifadə etmək arasında.
Siz həm psixoloq, həm təlimçi, həm də müəllif kimi fəaliyyət göstərirsiniz. Bu sahələrin bir-birini necə tamamladığını necə izah edərdiniz?
– Psixologiya mənə insanın görünməyən qatlarını tanıtdı, təlimçilik bu qatları başqalarına açmağın yolunu göstərdi, yazıçılıq isə bütün bunları hiss edilən bir həqiqətə çevirdi. Mənim üçün bu sahələr ayrılıqda mövcud deyil – onlar bir insanın içində baş verənlərin fərqli dillərdə ifadəsidir. İnsan əvvəl anlayır, sonra qəbul edir, ən sonda isə ifadə edir.
Və ifadə olunmayan heç bir hiss sağalmır. Bu gün biz danışmağı öyrənmişik, amma anlatmağı yox… eşitməyi öyrənmişik, amma dinləməyi yox. Çünki söz artıq informasiya deyil – söz insanın içindəki həqiqətin səssiz tərcüməsidir.
Gənclər evlərində, məktəblərdə və universitetlərdə keçirdiyiniz seminarlarda ən çox hansı problemlərlə qarşılaşırsınız?
– Gənclərlə qarşılaşdığım ən böyük problem onların tək qalması deyil, onların “eşidilmədən böyüməsi”dir. Bugünkü gənc sosial şəbəkələrdə görünür, amma real həyatda görünməz qalır. Onlar paylaşır, amma anlaşılmır, gülür, amma hiss olunmur, danışır, amma dinlənilmir.
Sosial şəbəkələr insanı bir tərəfdən yaxınlaşdırır, digər tərəfdən parçalayır. Orada hər kəs öz “ideal versiyasını” yaşayır, amma heç kim öz həqiqi ağrısını paylaşmır. Və nəticədə insan müqayisənin içində özünü itirir.
Bu günün ən böyük psixoloji travması tərk edilmək deyil – özünü başqaları ilə ölçərək yetərsiz hiss etməkdir.
“Sevgi sağaldır” adlı kitabınızda əsas vermək istədiyiniz mesaj nədir?
– “Sənsizlik və sevgi” mənim üçün bir hekayə deyil – bu, insanın içində bitməyən bir prosesdir. Sevgi həmişə birlik demək deyil… bəzən sevgi, ayrılığın içində yaşamağı bacarmaqdır. Sənsizlik sadəcə yoxluq deyil. Sənsizlik – var olub, toxuna bilmədiyin bir hissin içində yaşamaqdır. İnsan ən çox itirdiklərinə görə deyil… yaşaya bilmədiklərinə görə yanır.
Çünki xatirələr zamanla solur… amma ehtimallar insanın içində daima canlı qalır.
“Sevgi sağaldır” adlı kitabınızda sevginin bir növ “dərman” olduğunu vurğulayırsınız. Bu fikri real həyatdan hansı nümunələrlə izah edə bilərsiniz?
– “Sevgi sağaldır” – bu cümlə sadə səslənsə də, ən mürəkkəb psixoloji həqiqətlərdən biridir. Sevgi insanı dəyişmir… sevgi insanın özünü tapmasına səbəb olur.
Doğru münasibətdə insan özünü daha az müdafiə edir, daha az qorxur, daha çox özü olur. Amma burada incə bir xətt var: sevgi sağaldır, amma yanlış sevgi daha dərin yaralayır.
Real həyatda çox şahid olmuşam – dəyər gördüyü anda insanın illərlə daşıdığı ağrılar səssizcə yüngülləşir. Çünki insanın ehtiyacı mükəmməl sevgi deyil – anlaşılan sevgidir.
Və sonda bir həqiqət qalır: sevgi dərman deyil… amma insanın sağalmaq istəyi üçün ən güclü səbəbdir.
