Avqustun 11-də “Sony Mobile Communications”ın Rusiya bölməsi olan “Sony Mobile Communications Rus” şirkəti özünü ləğv etmə prosesini uğurla başa çatdıraraq fəaliyyətini dayandırıb.
Bu barədə Gundelik.az hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, şirkət 2023-cü ilin dekabrında da ləğv proseduruna başlamağa cəhd etsə də, daha sonra bu qərardan imtina etmişdi.
Portativ elektronika sahəsində fəaliyyət göstərən “Sony Mobile Communications”, Yaponiyanın “Sony” şirkətinin törəmə müəssisəsidir. Qeyd edək ki, Sony 2022-ci ildə “PlayStation Store”un Rusiyadakı fəaliyyətini dayandırmış, bu isə yerli istifadəçilərin şirkətə qarşı qrup iddiası qaldırmasına səbəb olmuşdu.
Sony-nin Rusiyadakı əsas hüquqi şəxsi Sony Electronics hələ də fəaliyyətini davam etdirir. Bununla yanaşı, 2024-cü ildə Hindistanın “Zee Entertainment Enterprises Ltd” (ZEEL) şirkəti ilə nəzərdə tutulan 10 milyard dollarlıq müqavilənin pozulma səbəblərindən biri də “Sony Pictures Entertainment” tərəfindən qarşı tərəfin Rusiyada törəmə şirkətlərinin mövcudluğunun göstərilməsi olub.
Gundelik.az

