Qərbi Afrika ölkəsi olan Fil Dişi Sahilində kakao istehsalçıları iqlim dəyişikliyi, aşağı alış qiymətləri və ədalətsiz ticarət şərtləri səbəbindən məhsuldarlığın ciddi şəkildə azaldığını bildirirlər. Onların sözlərinə görə, lazımi tədbirlər görülməzsə, 2030-cu ilə qədər ölkədəki bütün kakao ağacları məhv ola bilər.
Dünyanın ən böyük kakao istehsalçısı hesab edilən Fil Dişi Sahilinin xüsusilə Bafinq-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər başda Böyük Britaniya olmaqla Avropa ölkələrinə kakao ixrac edirlər. Lakin uzun illərdir davam edən aşağı qiymət siyasəti və sektora kifayət qədər investisiya yatırılmaması istehsalçıları ciddi böhranla üz-üzə qoyub.
Yeyasso fermer kooperativi bildirib ki, son illərdə kooperativə daxil olan 5 min istehsalçının kakao məhsulu təxminən 30 faiz azalıb. Bu səbəbdən bir çox fermer kakao əvəzinə kauçuk və palma ağaclarının becərilməsinə üstünlük verir.
İqlim dəyişikliyi məhsuldarlığı azaldır
Yeyasso kooperativinin rəhbərlərindən Biabate Posseni bildirib ki, yağış və günəşli hava artıq əvvəlki kimi sabit deyil və bu, məhsula ciddi ziyan vurur.
Onun sözlərinə görə, yağış gözlənilən vaxt yağmır, günəşli keçməli olan dövrlərdə isə güclü yağıntılar müşahidə olunur. Posseni xəbərdarlıq edib ki, bu vəziyyət davam edərsə, 2030-cu ilə qədər kakao ağacları tamamilə yox ola bilər.
Boquine bölgəsində fermerlik edən Vemo Bakayoko isə bildirib ki, 10 il əvvəl təsərrüfatında ildə 700 kiloqram kakao istehsal etdiyi halda, ötən il bu göstərici 300 kiloqrama qədər enib.
Fermer deyib ki, xəstəliklər səbəbindən məhsuldarlıq demək olar ki, iki dəfə azalıb və hər il onları hansı problemlərin gözlədiyini əvvəlcədən bilmək mümkün olmur.
Viruslar və xəstəliklər təhlükəni artırır
Bölgədə kakao ağaclarını məhv edən əsas problemlərdən biri də “şişkin zoğ xəstəliyi” adlanan virus infeksiyasıdır.
Fermer Fabrice Flan bildirib ki, 2016-cı ildə bu xəstəlik səbəbindən 4 hektar kakao plantasiyasını itirib. Onun sözlərinə görə, bütün təsərrüfatı məhv olub və bu, ailəsinin yeganə gəlir mənbəyi idi.
Hökumətin gördüyü tədbirlər
Fil Dişi Sahilinin Kənd Təsərrüfatı Nazirliyinin regional direktoru Thomas Adei bildirib ki, hökumət aqromeşəçilik modelini dəstəkləyir və fermerlərə kakao plantasiyalarında meyvə və kölgə ağacları əkməyi tövsiyə edir.
Onun sözlərinə görə, 1960-cı illərdə istehsalın artırılması məqsədilə meşələrin həddindən artıq qırılması uzunmüddətli perspektivdə məhsuldarlığın ciddi şəkildə azalmasına səbəb olub.
Avropa İttifaqında qüvvəyə minən meşəsizləşməyə qarşı yeni qaydalara uyğunlaşmaq üçün ölkədə istehsalçılar üçün xüsusi şəxsiyyət vəsiqələri hazırlanır, hər bir təsərrüfatın istehsal göstəriciləri isə qeydiyyata alınır.
Ədalətli ticarət modeli ümid yaradır
Fairtrade sertifikatına malik Yeyasso Kooperativi “Ortaq Təsir” (Shared Impact) adlı pilot layihə çərçivəsində daha dayanıqlı istehsal modelini tətbiq etməyi planlaşdırır. Layihə çərçivəsində Böyük Britaniyanın M&S supermarketlər şəbəkəsi ilə uzunmüddətli kakao tədarükü müqavilələrinin bağlanması nəzərdə tutulur.
Kooperativin sədri Doumbia Abou Zeid bildirib ki, məqsəd Fairtrade standartlarına uyğun satılan kakao məhsullarının payını 20 faizdən 40 faizə çatdırmaq, fermerlərə ödənilən əlavə mükafatları artırmaq və ekoloji layihələri dəstəkləməkdir.
Fairtrade Fondunun tərəfdaşlıqlar üzrə direktoru Kerrina Thorogood isə qeyd edib ki, bu model şirkətləri dayanıqlılıq sahəsində birgə fəaliyyət göstərməyə təşviq edir və ayrı-ayrı layihələrdən daha böyük nəticələr əldə etməyə imkan yaradır.
Mütəxəssislərin fikrincə, kakao sektorunun gələcəyini qorumaq üçün beynəlxalq tərəfdaşlar, xüsusilə də kakao idxal edən ölkələr istehsalçılarla daha ədalətli əməkdaşlıq qurmalı və onların fəaliyyətini dəstəkləməlidirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

