Gundelik.az Xəbərlər İqtisadiyyat SOCAR Xəzərdə “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib
İqtisadiyyat Xəbərlər

SOCAR Xəzərdə “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib

SOCAR Petroleum QSC Xəzər dənizinin akvatoriyasında “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib.

Gundelik.az xəbər verir ki, bu, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.

“Gəmidən gəmiyə” (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb. Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Gələcək mərhələdə bunkerləmə əməliyyatlarının genişləndirilməsi, yüksək keyfiyyətli standartlara uyğun dəniz yanacağının tətbiqi və təchizat infrastrukturunun inkişafı planlaşdırılır.

Bu fəaliyyət istiqamətinin başlanması Xəzər regionunda dəniz infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər, Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir, həmçinin ölkənin tranzit potensialının artmasına əlavə imkanlar yaradır.

Qeyd edək ki, bunkerləmə əməliyyatı dənizçilik terminologiyasında gəmilərin hərəkətini və daxili sistemlərinin işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə “gəmidən-gəmiyə” və “sahildən-gəmiyə” olmaqla reallaşdırılır.

Exit mobile version