Gundelik.az Xəbərlər İqtisadiyyat SOCAR Afrikanın iri “Baleine” neft-qaz layihəsində 10%-lik pay əldə edib
İqtisadiyyat Xəbərlər

SOCAR Afrikanın iri “Baleine” neft-qaz layihəsində 10%-lik pay əldə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması prosesi yekunlaşıb.

Bu barədə SOCAR məlumat yayıb.

Məlumata əsasən, əməliyyat bütün tələb olunan təsdiqlərin alınması və zəruri şərtlərin icrası ilə yekunlaşdırılıb.

Bildirilib ki, əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir.

“Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək”, – məlumatda vurğulanıb.

“Baleine”, həmçinin Afrikada xalis sıfır emissiya göstəricisinə malik ilk dəniz neft-qaz layihəsidir.

Qeyd edək ki, bu ilin yanvarın 22-də SOCAR “Eni S.p.A.” şirkəti ilə Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması ilə bağlı saziş imzalayıb. Sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.

Bildirilib ki, saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur.

Sənəd, həmçinin SOCAR və “Eni S.p.A” arasında enerji sənayesinin müxtəlif seqmentlərində formalaşmış daha geniş strateji əməkdaşlığın bir hissəsini təşkil edir.

Əlavə edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.

“Baleine” Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.

Exit mobile version