Gundelik.az Dünya Sam Altman: Dünya süni intellektdən qorxmaqda haqlıdır
Dünya Xəbərlər

Sam Altman: Dünya süni intellektdən qorxmaqda haqlıdır

OpenAI-nin baş direktoru Sam Altman süni intellekt sektorunda artan risk narahatlıqları fonunda insanların şirkətlərin düzgün qərarlar verəcəyinə daha çox inanmalı olduğunu bildirib.

Altman San-Fransiskoda keçirilən konfransda çıxışı zamanı süni intellekt alətlərinin imkanlarının sürətlə inkişaf etdiyini və insanların bu texnologiyadan narahat olmasının əsaslı olduğunu deyib.

Onun açıqlaması Anthropic şirkətindən ayrılan bir tədqiqatçının nəzarətsiz inkişaf etdiyi təqdirdə süni intellektin onilliyin sonuna qədər bəşəriyyəti məhv edə biləcəyi barədə sosial şəbəkələrdə geniş yayılan paylaşımından sonra səslənib.

Bu iddialar süni intellektin inkişafı ilə bağlı təhlükəsizlik məsələlərinin daha ciddi müzakirə olunmasına səbəb olub. Anthropic şirkətinin baş direktoru Dario Amodei süni intellektin inkişaf tempinin yavaşladılmasına və hökumətlərin sektora nəzarət etməsinə çağırıb.

Altman isə OpenAI kimi şirkətlərin süni intellekt sahəsində təhlükəsizliyi təmin etmək və öz fəaliyyətlərinə nəzarət etmək imkanına malik olduğunu bildirib.

Meta-nın qurucusu Mark Zukerberq də süni intellekt laboratoriyalarının təhlükəsizliyə yönəlmiş alətlər hazırlamaqda maraqlı olduğunu deyib.

Nvidia-nın baş direktoru Jensen Huang isə sektorun xarici qüvvələr tərəfindən idarə olunmasına ehtiyac olmadığını, yeni süni intellekt modellərinin bazara çıxarılıb-çıxarılmasına şirkətlərin özlərinin qərar verməli olduğunu bildirib.

Bununla yanaşı, sektordakı bəzi mütəxəssislər süni intellekt şirkətlərinin tamamilə özünənəzarətə buraxılmasının ciddi risklər yarada biləcəyini vurğulayırlar.

OpenAI və Anthropic rəhbərləri təhlükəsizlik məsələləri ilə bağlı sektor üzrə ümumi razılaşma əldə etmək üçün əməkdaşlığa başladıqlarını açıqlayıblar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version