Sloveniya Prezidenti Nataşa Pirts-Musar 31 iyulda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində körpücük sümüyünün sındığını bəyan edib.
Bu barədə Gundelik.az TASS-a istinadən xəbər verir.
Sloveniya Radio və Televiziyasına açıqlama verən Pirts-Musar bildirib ki, o, qəza anında təhlükəsizlik kəmərindən istifadə etməyib:
“Bu mənim əsas səhvim idi və mən buna görə səmimi şəkildə təəssüf edirəm. Mən kəməri bağlamamışdım və məsuliyyətimi tamamilə qəbul edirəm. Bunun haqqını isə körpücük sümüyümün qırılması ilə ödədim”.
Qəzadan dərhal sonra o, İzola şəhər xəstəxanasına aparılaraq lazımi yoxlamalardan keçib. Prezidentin bildirdiyinə görə, cərrahi əməliyyata ehtiyac yaranmayıb. Hazırda o özünü normal hiss edir, lakin bərpa prosesi 4-6 həftə davam edəcək.
Dövlət başçısı məzuniyyətdən qayıdarkən sözügedən qəza ilə üzləşib. Onun karteji tərkibindəki iki avtomobil Kastelets tunelində avtomaqistralda toqquşub, nəticədə prezident də daxil olmaqla iki nəfər xəsarət alıb. İkinci zərərçəkənin səhhəti barədə məlumat yoxdur, araşdırma davam edir.

