Azərbaycan Yazıçılar Birliyinin Natəvan Zalında Xalq yazıçısı, “Sərəf” və “Söhrət” ordenli, hüquq elmləri doktoru Çingiz Abdullayevin “Riyakarın iflası” («Крах лицедея») kitabının tərcüməsinin prezentasiyası oldu. Kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kiçik elmi işçisi Munisə Dadaşqızı tərcümə etmişdir. Redaktoru həmin muzeydə çalışan filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarovadır.
Əsərin müəllifi Çingiz Abdullayev tədbirdə çıxış etmiş, həm kitab, həm tərcümə barədə danışmış, tərcüməçini romanın ikinci müəllifi adlandırmıdır. Yazıçı eləcə də bir sıra digər məsələlərə toxunmuşdur. Həmçinin yazıçı Natiq Rəsulzadə tədbirdə söz almış, Çingiz Abdullayevin yaradıcılığının özünəməxsusluqlarını qeyd etmiş, onun janra müvafiq surətdə lakonik dillə, konkret mətnlərlə öz əsərlərnidə hansı məsələlərə diqqət yetirdiyini, insan taleləri ilə birgə bir sıra bəşəri problemləri qabartdığını və bunu necə məharətlə etdiyini xüsusi vurğulamışdır. Kitabı dilimizə çevirən Munisə Dadaşqızı isə tərcümənin incəliklərini açmış, tərcüməçi müəllimlərinin, Çərkəz Qurbanovun və Vilayət Hacıyevin adlarını xatırlayaraq, pedaqoqların yazıları dildən dilə çevirərkən, tələbələri hansı xüsusiyyətlərə, məziyyətlərə diqqət yönəltməli olduqlarını xüsusi yada salmışdır. Redaktor Təbəssüm Muxtarova isə detektiv janrının tarixinə qısa nəzər salmış, bu dəfə tərcüməyə nəyə görə məhz “Riyakarın iflası” romanının seçilməyinin səbəbini söyləmişdir. Redaktor janrın xüsusi qaydalarını vurğulamış, həmin qaydaların ilk dəfə Aqata Kristi tərəfindən pozulduğunu və Çingiz Abdullayevin də bu əsərində, digərlərindən fərqli olaraq, janrın qaydalara riayət edilmədiyini məxsusi qeyd etmişdir. Təbəssüm Muxtarova ümidvar olduğunu bildirir ki, məhz bu fərqli əsər oxucularda xüsusi maraq oyadacaqdır.
Tədbir Milli Teatr günü və yel çərşənməsi ilə bağlı təbriklərlə sonra yetmişdir.

Gundelik.az
