Xalq arasında “qan zəhərlənməsi” kimi tanınan sepsis vaxtında müdaxilə edilmədikdə ölümə səbəb olur. Dünyada hər il milyonlarla sepsis hadisəsi qeydə alınır və xəstəliyin əlamətləri bir çox digər xəstəliklərlə oxşar olduğu üçün düzgün və erkən diaqnoz müalicənin əsas şərtlərindən biridir.
İnfeksiyalara səbəb olan bakteriya, virus, göbələk və digər mikroorqanizmlər bəzən orqanizm üçün ciddi təhlükə yaradır. Belə hallardan biri də sepsisdir.
Sepsis zamanı infeksiyaya qarşı orqanizmin müdafiə sistemi həddindən artıq və nəzarətsiz reaksiya verir. Nəticədə qaraciyər, ağciyər, ürək, beyin və digər orqanların fəaliyyətində ciddi pozğunluqlar yaranır, hətta çoxsaylı orqan çatışmazlığı inkişaf edir.
Müalicəyə nə qədər tez başlanarsa, şans bir o qədər yüksəkdir
Mütəxəssislər sepsis zamanı diaqnozun mümkün qədər tez qoyulmasının və müalicəyə dərhal başlanmasının həyati əhəmiyyət daşıdığını bildirirlər. Gecikmiş müalicə ölüm riskini əhəmiyyətli dərəcədə artırır.
Sepsisin əsas əlamətləri arasında:
qan təzyiqinin kəskin aşağı düşməsi;
nəbzin sürətlənməsi;
şüur vəziyyətinin dəyişməsi;
narahatlıq və ya yuxululuq;
üşütmə və titrəmə;
yüksək hərarət;
bəzi hallarda isə bədən temperaturunun normadan aşağı düşməsi yer alır.
Bədən temperaturu bəzi xəstələrdə 40 dərəcəyə qədər yüksələ, digərlərində isə 35 dərəcəyə qədər enir.
İnfeksiyanın mənbəyi müəyyən edilməlidir
Həkimlərin ilk növbədə infeksiyanın haradan başladığını müəyyən etməsi vacibdir. İnfeksiya ağciyərlərdən, ürək qapaqlarından və ya başqa bir orqandan qaynaqlanır. Mənbə müəyyənləşdirildikdən sonra ona uyğun müalicəyə mümkün qədər tez başlanmalıdır.
Sepsis riski kimlərdə daha yüksəkdir?
İmmunitet sistemi zəifləmiş insanlar sepsis baxımından daha yüksək risk qrupunda hesab olunur. Xüsusilə:
şəkərli diabeti olanlar;
böyrək çatışmazlığı olanlar;
qaraciyər sirrozundan əziyyət çəkənlər;
dalağı çıxarılmış və ya anadangəlmə dalağı olmayanlar;
immun sistemi zəifləmiş şəxslər;
xərçəng xəstələri;
yaşlı insanlar;
kortizon müalicəsi alanlar;
orqan transplantasiyası keçirənlər risk altındadır.
Sepsisin diaqnozunu çətinləşdirən əsas məqamlardan biri əlamətlərin digər xəstəliklərə bənzəməsidir. Oxşar klinik vəziyyət infarkt, diabetik koma və müxtəlif travmalardan sonra da yarana bilər.
Müalicədə dəstəkləyici terapiya da vacibdir
Sepsisin müalicəsində yalnız infeksiyaya qarşı dərmanlardan istifadə edilmir. Xəstənin vəziyyətindən asılı olaraq əlavə dəstək müalicəsi də tətbiq olunur.
Tənəffüs çətinliyi yarandıqda oksigen və ya süni tənəffüs dəstəyi verilməlidir. Qan təzyiqi kəskin aşağı düşdükdə onu yüksəltmək üçün dərmanlardan istifadə olunur. Ürək ritmində pozğunluqlar yarandıqda isə onların nəzarətdə saxlanılması üçün müvafiq müalicə aparılır.
Sepsisdə əsas prinsip sadədir: vaxt itirmədən diaqnoz qoymaq və müalicəyə başlamaq. Erkən müdaxilə xəstənin sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
